"iPhone 6" almaq üçün ABŞ-a getmək daha sərfəlidir - QİYMƏTLƏR

Bakıda telefon həvəskarlarının böyük maraqla gözlədiyi "iPhone 6" smartfonlarının satışına start verilib. Fins.az-ın məlumatına görə, ilk dəfə olaraq smartfonlar "İrşad Telecom" və "World Telecom" mağazalar şəbəkəsində satışa çıxarılıb.

1695-dan 2019 manatadək

Bununla yanaşı, smartfonların qiymətləri qeyri-adi dərəcədə yüksəkdir. Doğrudur, yeni "iPhone 6"ların qiymətinin yüksək olacağı gözlənilirdi, amma Bakıda təklif olunan qiymətlərin başqa ölkələrə nisbətən qat-qat baha olması alıcıları təəccübləndirib.

Belə ki, adı çəkilən mağazalar şəbəkəsində yeni "iPhone 6"nin ən ucuz modelləri olan "iPhone 6 16 GB Space Grey" və "16 GB White" modelləri 1695-1700 manata, "iPhone 6 Gold", "64 GB White" modelləri isə 1895 manata satılır. Smartfonun nisbətən böyük variantı - 5,5 düymlük "iPhone 6+" modelləri isə 2119 manata satışa çıxarılıb. İrşad Telecomda da eyni qiymətə satılır. Şirkətin satış mərkəzindən fins.az-a verilən məlumata görə, hələlik müştərilərə yalnız IPhone 6 modeli təqdim edilir. Bir neçə gündən sonra İPhone 6+ modeli də satışa çıxarılacaq.

Artıq yeni "iPhone 6" alanlar var

Amma mağazalarda bildiriblər ki, qiymətlərin yüksək olması alıcıların "iPhone 6"yə maraqlarını azaltmayıb. Belə ki, "World Telecom"un mağazalarından birindən fins.az-a bildiriblər ki, indiyədək bir neçə "iPhone 6" alınıb, 10-a yaxın "iPhone 6+" telefonu isə sıfariş edilib.

Yeni "iPhone 6"ları ABŞ-da almaq daha ucuz başa gəlir

Bununla yanaşı, fins.az-ın araşdırmaları göstərib ki, yeni "iPhone 6"ın qiymətləri Bakıda o dərəcədə şişirdilib ki, bu smartfonları Bakıda almaqdansa, okeanın o tayına səfər edərək ABŞ-ın özündən alıb gətirmək daha sərfəlidir. Hətta təyyarə biletinə çəkilən xərcləri nəzərə aldıqda da ABŞ-dan alınan "iPhone 6" daha ucuz başa gəlir.

Belə ki, ABŞ-da "iPhone 6"nın qiyməti 649 dollar (510 manat), "iPhone 6+"un qiymət isə 749 dollar (590 manat) təşkil edir. ABŞ-a səyahətə gəlincə, "R&R Travel" şirkətinin məlumatına görə, "AZAL" avia şirkətinin bir qədər əvvəl təqdim etdiyi sərfəli kampaniya çərçivəsində Bakıdan Nyu-Yorka birbaşa gediş-gəliş bileti 599 avroya (təqribən 600 manat) başa gəlir. Nyu-Yorkda 3 günlük yaşayış (təyyarə reysləri arasındakı müddət) xərcləri təqribən 500 dollara (390 manat) başa gəlir. ABŞ-a getmək üçün viza alınması alınması 160 dollar və ya 125 manata başa gəlir.

Başqa sözlə, "iPhone 6" telefonu almaq üçün ABŞ-a uçmaq, Nyu-Yorkda 3 gün səyahət etmək və geri qayıtmaq ümumilikdə 1624 manata başa gəlir ki, bu da adı çəkilən mağazalar şəbəkəsindəki qiymətlərdən azı 70 manat ucuzdur.

Özü də bu, məsələnin maddi tərəfidir. ABŞ-a hamının arzuladığı səyahəti və Azadlıq abidəsi fonunda yeni "iPhone 6"ilə selfie çəkmək imkanını nəzərə alanda bu variantın üstünlüyü ümumiyyətlə sual doğurmur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar