Putinin “G-20” tədbirinə dəvət olunması mübahisələrə yol açıb

“Rusiya prezidenti Vladimir Putin Avstraliyada keçiriləcək “G-20” tədbirində iştirak etməyə hazırlaşır. Baxmayaraq ki, “iyirmilik”də olan bəzi liderlər Rusiya prezidentini tədbirdə görmək istəmirlər”.

Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov “İnterfaks” agentliyinə açıqlamasında belə deyib.

Sentyabrın 21-də isə Avstraliya Xarici İşlər Nazirliyinin rəhbəri Culi Bişop bildirib ki, bu məsələ ilə bağlı liderlər arasında razılıq əldə olunub. Son qərara görə, Putin “G-20” tədbirinə qatıla bilər. Ancaq bəri başdan bəllidir ki, Vladimi Putin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı həmin tədbirdə də beynəlxalq səviyyədə sərt münasibətlə üzləşəcək.

“20-liyə daxil olan ölkələr bu formatın iqtisadi birlik olmasının tərəfdarıdır. Bu birlik beynəlxalq səviyyədə iqtisadi islahatlara can atır. Məncə, cənab Putin özü burada iştirak edib, Ukrayna ilə bağlı ona olan münasibəti şəxsən görməlidir”, deyə avstraliyalı nazir vurğulayıb.

Xanım nazir bildirib ki, Avstraliya hər bir ölkəyə, o cümlədən, Rusiyaya sözügedən tədbirə qatılmaq üçün rəsmi dəvətnamə göndərib: “Biz indi həmin dəvətdən imtina edə bilmərik. İndi “iyirmiliyin daxili"ndə Putinlə bağlı konsensus əldə olunmalıdır. Təəssüf ki, hələlik belə bir razılaşma yoxdur”.

Rusiya mediası xatırladır ki, NATO-nun Uelsdəki son tədbirində Avstraliya Rusiyanın “G-20” tədbirində iştirakını əngəlləməyə çalışmışdı. Ehtimal edilirdi ki, xanım nazir bu məsələni ABŞ-ın dövlət katibi Con Kerri və Pentaqonun şefi Robert Qeyts ilə müzakirə edəcək. Əvvəllər belə bir razılıq vardı ki, Putin Ukrayna ilə bağlı mövqeyini dəyişməsə, onu tədbirə çağırmaq lazım deyil.

Bu günlərdə isə Avstraliyanın Maliyyə Nazirliyinin rəhbəri Co Hoki bəyan etmişdi ki, Rusiya prezidenti artıq noyabrda Brisbendə keçiriləcək “G-20” tədbirinə dəvət olunub: “Tədbirə ev sahibliyi etdiyimizdən, biz heç kimi siyahıdan kənarda qoya bilməzdik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar