"MƏHKƏMƏYƏ GƏLİN, HƏR ŞEYİ GÖZLƏRİNİZLƏ GÖRÜN..." - İş adamından cəmiyyətə çağırış

Sabiq deputat, iş adamı Nazim Bəydəmirli dövlət orqanlarına, mətbuata, eləcədə ictimai və siyasi təşkilatlara müraciət ünvanlayıb. O, müraciətində əvvəlcə "Baku Steel Company” MMC tərəfindən facebook profilində yazdığı statusa görə məhkəməyə verilməsi haqda məlumat verib. Bu iş üzrə Nizami Rayon Məhkəməsinin çıxardığı qərarı qanunsuz və ədalətsiz hesan edən sabiq deputat, dövlət orqanlarını, mətbuatı, eləcədə ictimai və siyasi təşkilatları apellyasiya şikayəti üzrə 31 oktyabr 2019-cu il, saat 14.20-yə təyin edilmiş məhkəmə iclasını müşahidə etməyə dəvət edib.

N.Bəydəmirlinin müraciəti haqda ətraflı məlumat verməzdən öncə qeyd edək ki, "Baku Steel Company” MMC sabiq deputatla yanaşı onun facebook profilində yazdığı status əsasında hazırlayıb yaydığı xəbərə görə "AzPolitika.info" saytını və "Yeni Müsavat” qəzetini də məhkəməyə verib. Bu il yanvarın sonunda baş tutan məhkəmə iclaslarında hakim Fikrət Mirzəyev ekspertiza təyin olunması haqda qərar verərək, növbəti iclası qeyri-müəyyən vaxtadək təxirə salıb. Lakin hansısa səbəbdən bir neçə ay sonra yenidən başlayan məhkəmə baxışına "AzPolitika" saytı dəvət olunmayıb. Bizsiz keçən məhkəmə iclasları iyun ayının 18-də hakimin öz qərarını elan etməsilə yekunlaşıb. Bu qərara görə "AzPolitika.info" saytı 250 manat cərimə olunub. Qəribədir ki, üzərindən 4 aydan artıq vaxt keçməsinə baxmayaraq, məhkəmə qətnaməsi də "AzPolitika.info" saytının redaksiyasına göndərilməyib. Hakim Fikrət Mirzəyevin qətnaməsindən bugünlərdə N.Bəydəmirlinin məlumat verməsindən sonra xəbər tutmuşuq və apellyasiya şikayəti vermək niyyətindəyik.      

Qayıdaq Nazim Bəydəmirlinin müraciətinə. İş adamı yazır:

"Hörmətli xanımlar və cənablar!

Təqribən bir il bundan əvvəl özümün facebook profilimdə yazdığım aşağıdakı statusa görə “Baku Steel Company” MMC kimi tanıdığınız şirkət və onun sahibi kimi qeyd olunan Rasim Məmmədov tərəfindən məhkəməyə verilmişəm: “Monopoliya imkan vermir ki, Azərbaycana İrandan daha keyfiyyətli, daha ucuz armatur, katanka idxal olunsun. Təsəvvür edin ki, “Baku Steel” deyilən şirkət metallomdan hazırlanan malını daxili bazara 780 dollar ekvivalentində manata satır, İranın dəmir filizindən istehsal olunan malı biz Gürcüstan bazarına, yol xərci daxil, 385 dollara təklif edirik. Onlar da ƏDV-sini ödəyib, inşaata başlayanda 454 dollar maya dəyəri ilə keyfiyyətli mal əldə edirlər. Aradakı 326 dollar Gürcüstanda evləri ucuz edir, Bakıda isə bahalaşdırır. Baxın, Azərbaycanda bahalığın daha bir səbəbinə.

P.S. Bizdə Gürcüstandan fərqli olaraq “monopolistə” xidmət etmək üçün 15%-lik idxal gömrük rüsumu da var. Hətta onu da alıcı ödəmiş olsa, hal-hazırda Azərbaycan bazarına daha keyfiyyətli və “Baku Steel”-in malından 250 dollar ucuz mal idxal etmək olar. Ancaq imkan verilmir”.

Mənim facebookdakı bu fikirlərimi öz yazılarına əlavə etmiş iki mətbu orqan - “Yeni Musavat” qəzeti və “Azpolitika” saytı da cavabdeh kimi göstərilib. Birinci iddia tələbi onunla əsaslandırılmışdır ki, “Azpolitika” qəzetinin 20 oktyabr 2018-ci il tarixli, saat 16:42 dərcində “Monopoliya ucuz armaturu ölkəyə buraxmır!” başlığı altında məqalə getmişdir. İddiaçının fikrinə görə, guya həmin məqalədə qəzet yalnız 1-ci cavabdehin özünün feysbuk (facebook) səhifəsinə istinad edərək, heç bir jurnalist araşdırması aparılmadan, sənədlərə və sübutlara istinad edilmədən “Baku Steel Company” MMC-nin fəaliyyəti və onun əməkdaşları barəsində yalan, böhtan, həqiqətə uyğun olmayan məlumat vermiş və hətta quldur adlandırmış, nəticədə Cəmiyyətin işgüzar nüfuzuna ziyan vurulmuş, ciddi şəkildə ləkələnmişdir. Baxmayaraq ki, Azərbaycan KİV-də “Bakı Steel Company” MMC-nin 2012-ci ildə müxtəlif şirkətlərə “reyder hücumları” ilə bağlı onlarla videomaterial var, yüzlərlə məqalələr dərc edilib.

Məhkəmədə işə baxılarkən iddiaçı qismində mən cavabdeh “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğluna qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdim.

Nizami Rayon Məhkəməsinin hakimi Fikrət Mirzəyev qarşılıqlı iddiamızı rədd etmiş, ilkin iddianı isə qismən təmin edərək, işlə bağlı birtərəfli, ədalətsiz, sifarişli qərar qəbul etmişdir.

Məhkəmədə işə baxılarkən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun nümayəndəsi və vəkili Abasquliyev Abbas Əliyar oğlu yazılı ərizə ilə məhkəməyə müraciət etmişdir. O, bildirmişdir: "İşin hallarından və qarşılıqlı iddianın məzmunundan görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov (Bəydəmirli) Nazim Hüseyin oğlu 22-23 may 2015-ci il tarixlərində "Baku Steel Company" MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun www.haqqin.az və www.virtualaz.orq saytlarında verdiyi müsahibəsində işlətdiyi ifadələri onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edir. Bununla belə, Məmmədov (Bəydəmirli) Nazim Hüseyin oğlu qeyd olunan ifadələrlə bağlı təkzib verilməsi, həmin ifadələrin işlədilməsi ilə əlaqədar ona dəymiş mənəvi zərərin ödənilməsi tələbi ilə qanunla müəyyən olunmuş 1 ay müddətində nə məhkəməyə, nə də digər orqanlara müraciət etməmişdir.

Yalnız 2018-ci ildə "Baku Steel Company" MMC və onun Müşahidə Şurasının sədri R.Məmmədov cavabdehlər Məmmədov (Bəydəmirli) Nazim Hüseyin oğluna və “Azpolitika” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsinə dair iddia qaldırdıqdan sonra Məmmədov (Bəydəmirli) Nazim Hüseyin oğlu Məmmədov Rasim Hikmət oğluna qarşı analoji iddia ilə məhkəməyə müraciət etmişdir".

Ancaq təqdim etdiyimiz sənədlərdə açıq-aydın qeyd olunurdu ki, "haqqin.az", "virtualaz.org" saytlarında gedən müsahibədən dərhal sonra tərəfimdən məhkəməyə müraciət olunmuşdur. Cavabdeh Rasim Məmmədovun yaşayış yeri müəyyən olunmadığından iddiamız baxılmamış saxlanılmışdır. Məhkəmə həmin sənədləri arxivdən tələb etmək əvəzinə, asan yol seçdi. Guya iddia müddəti ötmüşdür deyə bəhanə gətirərək, cavabdehi məhkəmə çəkişməsindən yayındırdı. Baxmayaraq ki, qanunvericiliklə də sübut olunur ki, şərəf və ləyaqətin müdafiəsi üçün iddia müddəti tətbiq olunmamalıdır.

Məhkəmənin yuxarıda göstərdiyi mövqeyi ilə bağlı isə qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384-cü maddəsində göstərilmişdir:

384.0. İddia müddəti aşağıdakılara şamil edilmir:

384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər;

384.0.2. əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələbləri;

384.0.3. fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər. Lakin bu cür zərərin əvəzinin ödənilməsi hüququnun əmələ gəldiyi andan üç il bitdikdən sonra irəli sürülmüş tələblər ən çoxu iddia irəli sürülməzdən əvvəlki üç il üçün ödənilir;

384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə;

384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri;

384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər.

“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 13-cü bəndi həmin müddəanı konkretləşdirərək, izah edir: "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.1-ci maddəsinə görə şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Plenum izah edir ki, mənəvi zərərin pulla və s. maddi formada ödənilməsi tələbi əmlak xarakteri daşıdığına görə bu cür tələblər müstəqil iddia kimi irəli sürüldükdə həmin tələblərə iddia müddəti şamil edilir".

Göründüyü kimi ilkin iddia üzrə iddiaçıların iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini tətbiq edən məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir.

Məhkəməyə təqdim olunmuş sənədlərdə də sübut olunur ki, Nizami Rayon Məhkəməsinin hakimi işə baxarkən bizim arqumentlərə cavab vermək, qanunu düzgün tətbiq etmək əvəzinə çiynini çəkərək, gözü ilə yuxarıya işarə edir. Ancaq bugünlərdə ölkə başçısı monopolistlərə qarşı dövlətin necə davranmalı olduğunu bir daha nümayiş etdirdi. Mən, dövlət orqanlarının Prezident İlham Əliyevin çıxışlarından necə nəticə çıxardığı haqqında növbəti instansiya məhkəməsinin qərarından sonra fikrimi bildirəcəyəm.

Təkrar edirəm ki, mənim statuslarımın heç birində onların şərəf və ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirəsi söz və ya ifadə işlədilməmişdir. Metallomdan hazırlanan məhsulları ilk iddia üzrə iddiaçılar özləri, digər halda tərəfimizdən təqdim edilmiş sənədli filmdə öz əksini tapmış kadrlar bu halı təsdiq edir.

Üçüncü halda isə "Baku Steel" şirkətinin malından ucuz mal idxal edilə biləcəyini qeyd edirik. Bu isə bazar iqtisadiyyatı şəraitində və “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən rəqabət sayılır.

Həmin qanunda rəqabətin anlayışı belə verilir:

—bazar subyektləri arasında sahibkarlıq fəaliyyətinin əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onlar müstəqil fəaliyyətləri hər birinin bazarda əmtəə dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan malların istehsalını stimullaşdırır

Qeyd edək ki, 05 yanvar 2019-cu il tarixdə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi internet saytlarında dərc edilmiş məlumatı yayılıb. Məlumatda qeyd edirlər ki, Komitə sədri Səfər Mehdiyev mətbuat konfransında belə söyləyib: "Qonşu ölkələrdə malların qiymətinin aşağı düşməsi və bu prosesin daxili bazara təsirini azaltmaq məqsədilə komitənin riskləri idarəetmə mərkəzi prosesi izləyir və lazımi qərarlar verilir. İranda bu gün armaturun qiyməti 200 dollardır. Biz onu bəyan edirik 500 dollara, 300 dollar artırmışıq. Söhbət rüsumdan deyil, malın dəyərinin artırılmasından gedir. Daxili istehsalçılarla, bizdə bu sahədə ən böyük istehsalçı "Baku Steel Company"dir, onlarla danışıqdan sonra qərara gəldik ki, nə qədər qaldırsaq daxili istehsalçıları qoruya bilərik?!"

Sitatdan da göründüyü kimi Komitə sədri "İSTEHSALÇILAR"dan bəhs edir və bir şirkətin adını misal olaraq çəkir. Daha sonra DGK sədri daxili bazarın qorunması istiqamətində quş və quş əti, kartof istehsalçıları ilə bağlı həyata keçirilən tədbirlərdən də danışır.

Bu məlumatın özündə belə təsdiqlənir ki, "Baku Steel" şirkəti bazarda hökmran mövqeyi ilə seçilir. Bunu da qeyd etmək istərdik ki, hökmran mövqe anlayışının qanunda izahı da verilmişdir. Belə ki, "Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsinə əsasən hökmran mövqe — təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyətdi.

Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur.

Lakin komitə sədri digər istehsalçıları nəzərə almadan, onlarla görüşmədən, məsləhətləşmədən daxili istehsalçıları “qoruyur”.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi cənab Elşad Şamayevə yazdığımız apellyasiya şikayətinə etirazımızda Mülki Məcəllənin və Antiinhisar qanunvericiliyinin müvafiq müddəaları daha ətraflı qeyd edilmişdir.

Buna görə də Sizlərdən 31 oktyabr 2019-cu il tarixində saat 14.20-yə təyin edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi cənab Elşad Şamayevin sədrliyi ilə keçiriləcək açıq

məhkəmədə monitorinq aparmağınızı xahiş edirəm. Siz də, oxucularınız da məlumatlı olsunlar ki, məhkəmələr əvvəlki kimi davam edəcəklər, yoxsa qanunun tələbləri düzgün tətbiq olunacaq. Ölkə başçısının tövsiyələrinin bu ölkədə nə qədər əhəmiyyəti olub-olmadığını da canlı müşahidə etmiş olacaqsınız.

Onu da xatırladım ki, Azərbaycan məhkəmə təcrübəsində Facebook statusuna görə baxılan iş həm də bir yenilikdir, yeniliklərdən siz də məlumatlı olun".

"AzPolitika"

635x100

Şərhlər

Elli 2019-10-31 00:23:29

məhkəmələrdə özbaşınalıqdır, mən də məhkəmələrə ümidimi itirmişəm.Bizim məhkəmələrdə ədalət yoxdur.

AAgahuseyn 2019-10-31 00:23:29

200-dollara başa ğələn aramaturu 800-dollara satan həmin adamlar nə yaxşı ki,sizi indiyə qədər SAQ saxlayıblar ən azından DƏLİXANAYA salmayıblar.SƏN bilmirsən məhkəmə niyə belə qərar cıxarıb.PUL ADAMI LAL DA EDİR KAR DA ERDR KOR DA EDİR.ĞÜNAHKARA ALLAH QƏNİM OLSUN BU BƏNDƏLİK DEYİL.

Son yazılar