56 İL ƏVVƏLİN NOYABRINDA BAŞLAYAN İĞTİŞAŞLAR… – Xruşşovu devirən Sumqayıt etirazları niyə və necə başladı?

Ramazan SİRACOĞLU, professor

Əlli altı il bundan əvvəl –  7 noyabr 1963-cü ildə Sumqayıt şəhərində SSRİ adlı nəhəng, supergücə malik ölkədə, sözün əsl mənasında, bütün ittifaqı lərzəyə gətirən hadisə olmuşdur. O vaxtlar  sovet rəsmiləri, xüsusi xidmət orqanları ciddi cəhdlə bu hadisəni ört-basdır etməyə çalışsalar da, “Amerikanın səsi” başda olmaqla olmaqla  BBC, “Alman dalğası”, “Pekin radiosu”, “Tiranadan səslər”, “Danışır Belqrad” kimi informasiya vasitələri Sumqayıt hadisələrini elə həmin gün dünyaya bəyan etmişdi.

15 noyabr 1963-cü ildə Kuba Respublikasının SSRİ-dəki səfiri Karlos Olivares Sançes Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin rəhbəri N. S. Xruşşovla görüşdə Sumqayıt hadisələri  barədə Moskvadan məlumat istəmişdir: “Sumqayıt İstilik Elektrik Stansiyasında staj keçən kubalı tələbələrin sözlərinə görə, orada 7 noyabr nümayişi zamanı əllərində Stalinin potreti olan fəhlələr  hökumət əleyhinə etiraz aksiyası keçirmişlər, milislə (polislə) qarşıdurma zamanı çoxsaylı yaralılar, hətta ölənlər də olmuşdur. Çox sayda adam həbs edilmişdir. Bu nə məsələdir?

Baş vermiş hadisə haqqında elə o gün – 7 noyabr 1963-cü ildə xəbərdar olmuş N. Xruşşov qarşıdurmanın əsl səbəbəni səfirdən gizləməyə çalışmışdı: “Boş şeydir. Bütün bunlar orada milis rəisinin müavini işləyən birinin işidir. Müəyyən edilmişdir ki, Stalinin yerlisidir. Mən 1960-cı ilin aprelində Azərbaycanda olmuşam. Xalq məni sevir”  (Bax: Исторический архив. 1993. № 1. С.111)

Xruşşov səfirə gözlərinin içinə qədər yalan demişdi. Sumqayıt sakinlərini bu hərəkətə vadar edən məhz N. Xruşşovun dövlət başçısı kimi yarıtmaz fəaliyyəti olmuşdur.

Əslində, sumqayıtlılar böyük əksəriyyətin gerçəkləşdirməyə cəsarət edə bilmədikləri, lakin çoxlarının ürəyindən keçən bir işi görmüşdülər. Xruşşov anlaya bilməmişdi ki, bu hadisədən üç il əvvəl o, Bakıya və Sumqayıta gələndə onun üzünə gülənlər, onu alqışlayanlar, əslində, xalq deyilmiş, əksəriyyəti qiyafətlərini dəyişmiş hüquq-mühafizə, xüsusi xidmət orqanlarının işçiləri və öyrədilmiş partiya, sovet fəalları imiş.

Hakimiyyətə gəldiyi gündən işləmək, xalqın rifahını yüksəltmək, problemləri aradan qaldırmaq əvəzinə, Nikita Xruşşov hər yerdə boşboğazlıq edir, vəfat etmiş İ.V. Stalini harda gəldi kəskin şəkildə, təhqiramiz, alçaldıcı ifadələrlə pisləyir, bütün SSRİ-ni qarğıdalı tarlasına çevirməklə birdəfəlik olaraq ərzaq proqramını həyata keçirəcəyi, Amerikaya çatıb onu ötəcəyi, 1980-ci ildə kommunizm quracağı, beynəlxalq imperializmi əbədi olaraq yerə göməcəyi haqqında saatlarca boş-boş danışır, məsuliyyətsiz bəyanatlar verirdi. ( Bax: 1.27- 1.37- ci dəqiqədə Xruşşov ABŞ-ın vitse-prezidenti Riçard Niksona SSRİ-nin ABŞ-ı ötüb keçəcəyini söyləyir.

Hərdəmxəyal Xruşşov bütün SSRİ strukturları üzərində  eksperimentlər aparmaqdan, sanki, ləzzət alırdı. Qeyri-məhdud iqtidar səlahiyyətinə sahib olması onu o dərəcədə eyforiyaya qapdırmışdı ki, ətrafdakılarından kimsəni dinləməyi daha özünə rəva görmürdü. Tədricən şizofrenik düşüncələr nəticəsində özünü nəhəng saymaq maniyasına mübtəla olan  Xruşşov tabeliyindəkiləri istədiyi tərzdə, ən qaba, ədəbsiz və vulqar şəkildə aşağılayırdı.

Ona elə gəlirdi ki,  hər şeyi ən yaxşı şəkildə ancaq o bilir. Stalini şəxsiyyətə pərəstişdə ittiham edən Xruşşov tələb edirdi ki, bütün kütləvi informasiya vasitələri hər gün onu işıqlandırsın, ondan bəhs etsin. Məsələn, 1963-cü ildə 8 milyon tirajla yayınlanan ümumittifaq “Pravda” qəzetinin 153 ayrı-ayrı nömrəsində Xruşşovun fotoları dərc olunmuşdu. Müqayisə üçün, bildirək ki, İ. V. Stalin şöhrətinin zirvəsində olduğu 1952-ci ildə həmin “Pravda” qəzeti Generalissimus Stalinin rəsmini bir il ərzində cəmi 6 dəfə yayınlamışdı.

Xruşşovun oğlu Sergeyin 26 yaşı olanda Xruşşov öz oğluna Sosialist Əməyi Qəhrəmanı adı vermiş, onu dövlət mükafatı ilə mükafatlandırmışdı. Həmin oğul Sergey yazır ki, onun 20 yaşı olanda qarajında 4 dənə xarici markalı minik maşını varmış. Stalin isə oğlu Yakovu 1943-cü ildə əsir düşmüş alman feldmarşalı Fon Paulsla dəyişməmişdi: “Mən feldmarşalı əsgərə dəyişmirəm!

Xruşşov ən mühüm dövlət vəzifələrinə ancaq öz yerlilərini yerləşdirirdi. Bu az imiş kimi, kürəkəni A. Acubeyi SSRİ-nin media patronu elan eləmiş, Xruşşov haqqında  yazdığı oçerklərə görə kürəkəninə Lenin mükafatı verdirmiş, onu SSRİ Ali Sovetinə deputat seçdirmiş, Mərkəzi Komitənin üzvü təyin etdirmiş, Lenin ordeni ilə mükafatlandırmışdı. SSRİ ziyalıları öz aralarında məşhur rus atalar sözünü  (“Hе имей сто рублей, а имей сто друзей – Yüz manatın olunca, yüz dostun olsun” )  dəyişdirərək “Не имей сто друзей, а женись, как Аджубей- Yüz dostun olmaqdansa Acubey kimi evlən” (Алексей Иванович Аджубей. 1924- 1993 ) şəklində söyləməyə başlamışdılar.

Romalı siyasətçi  Mark Katon istənilən mövzuda çıxışını yeknəsəq “Karfagen  məhv edilməlidir” sözü ilə bitirdiyi üçün siyasətçilər tutuquşu kimi eyni fikri təkrarlayanları istehza ilə “katonit” adlandırırlar. Xruşşovun da bu cür davranışı onu dinləyənlərdə ikrah hissi yaratmışdı. Özü Stalinin şəxsiyyətə pərəstişliyini söyə-söyə ağlına gələni eləyirdi. Xruşşov hara gedirdisə, orada mütləq Stalinin əleyhinə danışmağı, bütün neqativlikləri, qüsurları, çatışmazlıqları, törədilən cinayətləri, uğursuzluqları məhz Stalinin adına çıxmağa adət eləmişdi.

Xruşşovun  müdaxilə etmədiyi sahə qalmamışdı. Onun göstərişi ilə memarlıq, incəsənət, rəssamlıq  sahələrində əcaib dəyişikliklər  aparılır,  SSRİ-də çayların məcrası dəyişdirilir, əkinə yararsız yerlərdə məhsul almağa səy göstərilir, şəxsi təsərrüfatlar məhv edilir, beşillik planlar yeddillik planlarla əvəzlənirdi. Yeri gəlmişkən, Azərbaycanda sovet höhumətinin qurulmasının 40 illiyi münasibətilə 1960-ci ilin aprel ayının 27-də qatarla Gürcüstandan Bakıya gələrkən yolda 270 kv.km. sahəsi olan minillik Şilyan gölünü və sahilboyu göz işlədikçə uzanıb gedən qamışlığı görən Xruşşov elə qatardaca bu gölün qurudulub “tarla gözəli” qarğıdalı tarlasına çevrilməsi haqqında öz “dəyərli” göstərişini vermiş və Şilyan gölü də 3 – 4 il ərzində qurudulmuş, Mərkəzi Aranın ekoloji mənzərəsinə fəlakətli zərbə endirilmiş, minillik flora və fauna barbarcasına məhv edilmişdir.

SSRİ-nin pullarını sürətlə  silahlanmaya, dünya proletarlarına, sözdə qeyri-kapitalist inkişaf yolu ilə gedən ölkələrə sovuran Xruşşovun bacarıqsızlığı nəticəsində 1960-cı ildən etibarən bütün ölkə ağır iqtisadi böhrana düşdü. Mağazalarda çörək başda olmaqla ərzaq və sənaye malları yoxa çıxdı. Vəziyyət günü-gündən fəlakətli şəkil almağa başlasa da, Xruşşov öz boşboğazlığından əl çəkmirdi: “Çox yaxın gələcəkdə  xam torpaqlar məhsul verməyə başlayacaq, qarğıdalı ilə nəinki bütün ölkəni təmin edəcəyik, onu hətta xaricə də satacağıq. Hamınızın  bir dəst təzə kostymu (?!) olacaq.”

Gənclik şəhəri olan Sumqayıtda sakinlər artıq bu durumdan təngə gəlmişdilər. SSRİ rəhbərinin boş vədləri, mənasız çıxışları, imzaladığı direktivlər  qarın doyurmurdu. Stalin dövründə hər il ucuzlaşma və maddi rifah halının yaxşılaşdığı halda, Xruşşov dövrü daim bahalaşma və ərzaq qıtlığı ilə müşaiyət olunurdu. Bir yandan da 1961-ci ildə keçirilən pul islahatı vətəndaşları daha 10 dəfə kasıblaşdırmışdı. Ən zəruri ərzaq mallarının təminatında ciddi çatışmazlıq yaranmışdı, çörək mağazalarında bitib tükənməyən uzun növbələr, təbii olaraq, əhalinin ciddi  hiddətinə səbəb olurdu. Yeni inşa olunan superfosfat zavodunun, boru-prokat zavodunun ayrı-ayrı fəhlələri mövcud vəziyyətə etiraz olaraq öz iş yerlərində oturaq aksiya keçirmişdilər. Buna baxmayaraq, vəziyyət yaxşılaşmaq əvəzinə daha da kəskinləşirdi.

Sumqayıt hadisələrindən möhkəm qəzəblənən N. Xruşşov 7 noyabr 1963-cü il, saat 18-də Azərbaycan KP MK-nın birinci katibi V.Y. Axundova ( rəhbər olduğu illər 1959-1969 ) zəng vuraraq, 11 noyabrda, yəni,  həftənin 1-ci günü, səhər saat 11-də təfərrüatlı məlumat istəyir və bütün iğtişaş iştirakçılarının həbs olunması üçün təcili tədbirlər görülməsi barədə göstəriş verir. Bax: ГА РФ. Ф.Р-8131. Оп.31. Д.96438. Л.5 )

V. Axundov  9 noyabr 1963-cü il, şənbə günü, axşam saat 19-da Mərkəzi Komitədə qapalı  toplantı keçirir. SSRİ Prokuroru R.A. Rudenkonun ( 1953-1981 ), SSRİ DTK-nın Sədri V.Y. Semiçastnının (1961-1967 )  Azərbaycan SSR Nazirlər Sovetinin Sədri Ə.N. Əlixanovun ( 1961-1970 ), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Sədri M.Ə. İsgəndərovun ( 1961- 1969 ), Baş prokuror S.Ə. Əkbərovun (1951-1963), Daxili İşlər naziri X.Məmmədovun ( 1960-1965 ), Azərbaycan SSR DTK-nın sədri S.Y. Sviqunun ( 1963 – 1967), Sumqayıt Şəhər Partiya Komitəsinin katibi Balakişiyevin, Sumqayıt Şəhər İcraiyyə Komitəsinin sədri K. Axundovun və Sumqayıt Şəhər Milis İdarəsinin rəisi Hacıyevin  iştirak etdiyi bu iclasda Sumqayıt hadisələrinin səbəbləri və hadisənin törənməsində iştirakı olanların istintaqa cəlb olunmasında görülən ilkin işlər barədə məlumat verilir. Respublika prokuronun sözlərinə görə, hər şey trest partkomu Ərdəşir Kərimovun bir nümayişçinin yaxasındakı Stalinin rəsmi olan nişanı qoparmaq istəməsi ilə başlamışdır:

“Normal şəkildə başlayıb davam edən nümayişdə qəflətən gözlənilməz hadisə baş vermişdir. Partkom Kərimovun nümayişçi fəhlənin yaxasındakı nişanı dartıb qoparmaq istəməsinə fəhlənin sərt şəkildə təpki verdiyini görən şəhər milis idarəsinin rəis müavini D. Kildiaşvili və şəhər hərbi komissarı N. Kroll ətrafdakı hərbçilərə, mülki geyimli milis və “drujinnik”lərə (o zamankı milisə – polisə ictimai əsaslarla yardım edən mülki könüllülər ) həmin fəhləni tutub aparmağı əmr etmişlər. Bu cür müdaxiləni ədalətsiz sayan başqa bir fəhlə tribunanın önündən keçməkdə olan üstüaçıq maşına çıxaraq yüksək səslə “Bizi bir tikə çörəyə möhtac qoyanlar indi də kimsəsiz bir fəhlə qardaşımızı döyürlər. Ay camaat, köməyə gəlin!” – deyə qışqırmışdır. Bu zaman, təqribən, 250-300 nümayişçi həmin fəhləni “drujinnik”lərin və milis işçilərinin əlindən almağa çalışanda, qarşıdurma şiddətlənmişdir. Boru-prokat və sintetik kauçuk zavodundan noyabr nümayişinə gələn digər fəhlələr də milis və “drujinnik”lərlə əlbəyaxa döyüşə başlamışlar. Onlar həm hərbi komissar podpolkovnik N. Krollu, həm milis rəisinin müavini D. Kildiaşvilini, həm də partkom Ə. Kərimovu möhkəm döymüşlər. Milisə əl qaldıranların sayı sürətlə artmışdır.

Qəzəblənmiş nümayişçilər N. Xruşşovun portretini daşlamış, ətrafdakı şərəf  lövhəsini qırmağa başlamış, dövlət və hökumət başçısının ünvanına nalayiq sözlər söyləmiş, İ.V.Stalinin şərəfinə xorla şüarlar səsləndirmişlər. Vəziyyətin belə şəkil aldığını görən şəhər rəhbərləri tribunaları  tərk etmək məcburiyyətində qalmışlar. Sumqayıt şəhər İcraiyyə komitəsinin sədri  Kamal Axundov qəzəbli kütləni  nə qədər sakitləşdirməyə çalışsa da, buna nail ola bilməmişdir. Sıraları getdikcə genişlənən nümayişçilər şəhər milis idarəsinə hücum çəkərək orada müvəqqəti saxlanma kameralarının- “KePeZe”-lərin  (КПЗ – камера предварительного заключения ) qapılarını qırmış, təcridxanada saxlananların hamısını açıb buraxmışlar. Milis idarəsinin həyətindəki 2 avtomobilə və 4 motosklətə ciddi xəsarət yetirmişlər. Nümayişçiləri geri çəkilməyə məcbur etmək üçün milislər havaya güllə atmışlar. Təəssüf ki, bu  zaman 12 yaşlı Eyvaz Eyvazov adlı bir uşaq güllə yarası almışdır. Qəzəblənmiş nümayişçilərin qarşının alınması üçün dərhal Bakıya müraciət edilmişdir, Bakıdan gələn qüvvələr təxminən saat 14.30-da şəhəri tam nəzarət altına almışlar. Bundan sonra  heç bir xoşagəlməz hadisə qeydə alınmamışdır. Bütün günahkarların və cinayətkarların  ən qısa zamanda aşkarlanıb istintaqa cəlb olunması üçün lazımı operativ işlər görülür.”

Qapalı toplantıda respublika prokurorunu diqqətlə dinləyən SSRİ DTK-nın sədri V. Semiçastnı toplantı iştirakçılarının nəzərini bu hadisədə Xruşşovu ən çox qorxudan cəhətə yönəlmişdi: “Никита Сергеевич опасается  перерастания сумгаитского недовольства в националистические протесты и, чего доброго, движение за независимость Азербайджана” – “Nikita Sergeyeviç Sumqayıt narazılığının böyüyərək milli etirazlara, lap elə, Azərbaycanın müstəqilliyi uğurunda hərəkata çevriləcəyindən qorxur.”

1959-1961-ci illərdə Azərbaycan KP MK-nın 2-ci katibi vəzifəsində işləmiş V. Semiçastnının sözləri qapalı toplantı iştirakçılarını vahimələndirmişdi: “DTK sədri, görəsən, niyə belə deyir?”

SSRİ-nin heç vaxt öz  şəxsi iradəsi və təşəbbüsü olmayan Baş prokuroru R.Rudenko da Azərbaycan rəsmilərinə öz varlığını göstərmək istəmişdi: “Tов. Н. Хрущев ссылался  на наличие в сумгаитских протестах националистических настроений”- “N. Xruşşov Sumqayıt etirazlarında milliyətçi əhval-ruhiyyənin mövcuduluğuna işarə vurmuşdur.”

Rudenko bu sözləri ona görə söyləyirdi ki, 1959-cu ilin iyul plenumunda N. Xruşşov çox kəskin şəkildə Azərbaycan rəhbərliyini milliyyətçilikdə tənqid etmiş və rəhbər vəzifələrdə çalışan İ. Mustafayev (Azərbaycan KP MK-nın Birinci katibi), S. Rəhimov (Azərbaycan SSR Nazirlər Sovetinin Sədri ) və M. İbrahimov (Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Sədri) işdən azad edilmişdilər.

Tükü-tükdən seçməyi bacaran,  respublika DTK-na cəmi bir ay yarım öncə rəhbərlik etməyə başlayan general-mayor Sviqun dərhal cavab vermişdi: “В сумгаитских протестах националистические настроения были менее явно выражены, чем социально-политические лозунги. –  “Sumqayıt etirazlarında  qabarıq sosial-siyasi mahiyyətli şüarlarla müqayisədə milliyyətçi əhval- ruhiyyə daha zəif ifadə olunmuşdur.”

Sumqayıt Şəhər Partiya Komitəsinin katibi Balakişiyev isə etirazın “sərxoş və huşu yerində olmayan adamlar” tərəfindən törədildiyini əsaslandırmağa çalışmışdı.

Qapalı toplantıdan sonra milis və DTK işçiləri Sumqayıtda geniş  iğtişaşçı ovu kampaniyasına başladılar. Azacıq şübhələndiklərini dərhal istintaqa cəlb edirdilər. Sumqayıt hadisələrində şübhəli bilinənləri DTK-nın baş müstəntiqi Ernest Arutyunov (yan) istintaq etmişdir. Yuxarıların məsləhəti ilə, bu işin miqyasını azaltmaq üçün saxlanıların çoxunu ömürlük olaraq Bakı və Sumqayıtda yaşamaq hüququndan məhrum etmək və bu barədə heç yerdə danışmayacaqları haqqında yazılı iltizam almaq  şərti ilə təcridxanalardan buraxmışlar.

İstintaqa cəlb olunmuş 25 nəfər üçün Azərbaycan SSR Cinayət Məcəlləsinin 72-ci maddəsi üzrə  (“Kütləvi iğtişaş”) 67 nömrəli cinayət işi açılmışdı. Bu maddədə “Talan, dağıtma, odlama və başqa bu kimi hərəkətlərlə edilən kütləvi iğtişaşın təşkili, habələ onun iştirakçıları tərəfindən yuxarıda göstərilən cinayətlərin bilavasitə törədilməsi və ya onların hakimiyyətə silahlı müqavimət göstərməsi” şəklində tövsif edilir və ittiham edilənlər  məhkuma çevrilərək iki ildən on beş ilədək müddətə azadlıqdan məhrumətmə ilə cəzalandırılırdılar.

İstintaq materiallarından məlum olur ki, 7 noyabr 1963-cü ildə, təxminən saat 11.30-da  mülki  geyimli “drujinnik”lər və  milislər şəxsən partiya təşkilat katibi  Ərdəşir Kərimovun (milis rəisinin müavini D. Kildiaşvilinin ifadəsinə görə isə, hərbi komissar N. Krollun əmri ilə) göstərişi ilə yaxasında Stalinin rəsmi olan nümayiş iştirakçısı, 1 nömrəli inşaat idarəsinin fəhləsinə qaba şəkildə hücum etmişlər. (Bax: Российский государственный архив новейшей истории (РГАНИ) Пер.6. Д.27. Л.1. )

Bu vaxt ətrafdakı nümayişçilər  fəal şəkildə onu müdafiəyə qalxmışlar. Nümayişçilər arasında olan Əlimirzəyev Miriş Bulud oğlu (təvəllüdü 1938) bu zaman bayramsayağı bəzədilmiş stendləri, N. Xruşşov başda olmaqla Siyasi Büro üzvlərinin portretlərini divardan qoparıb yerə atmışdır.

Yaşayış yeri müəyyən olmayan Mahmudov Yaşar Müseyib oğlu (təvəllüdü 1941) da fəal şəkildə bu işə qoşulmuşdur. (Bax:  Государственный архив Российской Федерации (ГА РФ) Ф.Р-8131. Оп.31. Д.96438. Л.26)

Rus mənşəli Nikolay İvanoviç Şevçenko (təvəllüdü 1938) transparat və portretlərlə bəzədilmiş maşının üzərinə qalxıb haradansa əldə etdiyi Stalin portretini yuxarı qaldıraraq uca səslə “Qardaşlar, biz Amerikaya çatmadığımız zaman yeməyə çörəyimiz və ətimiz, geyinməyə şalvarımız vardı. İndi deyirlər “Amerikaya çatmışıq”, amma yeməyə çörəyimiz, geyinməyə şalvarımız yoxdur. Nə vaxta qədər  kütbeyin Xruşşovun axmaqlıqlarına dözəcəksiniz? Nəyi gözləyirsiniz? Stalin uğrunda, Vətən uğrunda irəli!” (Bax: ГА РФ. Ф.Р-8131. Оп.31. Д.96438. Л.28 )

Fəhlə N. Şevçenko öz sözləri ilə nümayişçiləri coşdurmaqla qalmamış, onu susdurmaq istəyən milis kapitanı D.Kildiaşvilini döymüş, onun burnunu qırmışdır. Nümayişçilərin tribunaya hücum çəkdiyini görən şəhər rəhbərləri tribunanı tərk etmişlər. Nümayişçilər “Çörək istəyirik! Rədd olsun Xruşşov! Anarxiyaya son verin!” şüarları ilə hərəkət edərək hər yerdə Xruşşovun portretlərini cırıb ayaqlamışlar…

Sumqayit etirazçılarından 25 nəfəri 7 ay uzun-uzadı istintaqa çəkdilər.

Qeyd olunmalıdır ki, istintaq işinin müddəti 2 dəfə uzadılmışdı.  Onlar barəsində yüzlərcə şahid ifadələri alınmışdı. Şahid qismində ifadələri alınmış şəxslər fərqli fikirlər bildirmişlər. Məsələn, xalq drujinaçısı, çilingər Cahid Hüseynquliyev (təvəllüdü 1935) 13 noyabr 1963-cü il tarixli ifadəsində yazmışdı ki, “hər şey komsomol komitəsinin katibi Ağamoğlanovun müdaxiləsindən və döyülməsindən başladı.” 

Etirazçılar 1964-cü ilin 8 iyununda Bakıda qapalı məhkəmədə mühakimə olundular. 19 iyun 1964-cü ildə Ə.Seyidovun sədrliyi keçirilən son qapalı məhkəmədə 2 nömrəli xüsusiləşdirilmiş mexanizasiya idarəsinin ekskavatorçusu Səməndər Adil oğlu  İbrahimov və iki azyaşlı uşaq atası, su kanalı kontorunun çilingəri Miriş Bulud oğlu  Əlimirzəyev 6 il,  19 nömrəli tikinti idarəsinin sürücüsü Yaşar Müseyib oğlu Mahmudov və kimyəvi təhlükəsizlik qurğularının montajı idarəsinin çilingəri Nikolay İvanoviç Şevçenko 5 il,  73 nömrəli tikinti idarəsinin daşyonanı Ənvər Məhərrəm oğlu Mahmudov 4 il, dörd azyaşlı uşaq atası, boru-prokat zavodunun çilingəri  Asif Humay oğlu Bayramov 3 il həbs cəzasına məhkum  edildilər.

Sumqayıt hadisəsindən bərk təşvişə düşən mərkəzi hökumət bu etirazların böyüyüb ittifaq miqyasında yayılmasının qarşısını almaq məqsədilə  ehtiyat fondundan sənaye şəhərinin əlavə ərzaqla təmin olunması üçün təcili tədbirlər gördü.

Bildirmək lazımdır ki,  SSRİ nə qədər dəmir pərdədə tutulmağa cəhd  göstərilsə də, olkədə baş verənlər xarici kütləvi informasiya vasitələrinə sızır və bütün dünyaya yayılırdı. 1956-cı ilin mart ayının 9 və 10-da Tbilisidə, Suxumidə, Batumidə və Qoridə  gürcülərin Xruşşov əleyhinə güclü etirazı olmuşdu, Tbilisiyə qoşun yeridilmiş, etirazçılara atəş açılmışdı; 16 yanvar 1961-ci ildə Krasnodarda; 25 iyun 1961-ci ildə Biyskdə; 27 iyun 1961-ci ildə Moskvanın 100 km.-liyindəki Murome və Aleksandrovda; 2 iyun 1962-ci ildə Novoçerkask şəhərində antihökumət mitinqi olmuşdu. Şəhərə tanklar yeridilmiş və nümayişçilər güllələnmişdilər.

Sumqayıt əhalisinin etiraz çıxışı 11 il iqtidarda olan N. Xruşşovun sonunu gətirdi. Kreml strateqləri dərk etdilər ki, Nikita Xruşşovu tarixin arxivinə vermək vaxtı çoxdan yetişib. Sumqayıt  hadisələrindən  düz 11 ay sonra – 14 oktyabr 1964-cü ildə Anastas Mikoyanla Pitsundada istirahətdə olan Nikitanı mühüm müşavirə keçirmək bəhanəsi ilə təcili olaraq Kremlə çağırdılar və iclas salonunda da onu istefa ərizəsini imzalamağa məcbur etdilər.

M.A. Suslovun ittihamedici çıxışında, Xruşşovun volyuntarist, yaramaz əməllərinin sonucu kimi 7 noyabr 1963-cü ildə baş vermiş Sumqayıt hadisəsi də xatırladılmışdır. Boş-boş guruldayan, BMT-də kürsünü ayaqqabısı ilə döyəcləyən Nikita Xruşşovun adı sonuncu dəfə kütləvi informasiya vasitələrində 16 oktyabr 1964-də xatırlandı. Yeni rəhbərlik heç yerdə onun adının çəkilməməsi barədə göstəriş verdiyindən, SSRİ dağılanadək bu isim rəsmi mənbələrdə mənfur və məlun ad kimi qətiyyən yada salınmadı. Sanki, o heç vaxt mövcud olmayıbmış. Ətrafına yığdığı kütbeyin karyeristlərin, vəzifədəykən hər sözünə “ləbbeyk” deyənlərin, haqqında ağızdolusu tərif yağdıranların, məddahlıq edənlərin heç birinin, bircəciyinin də 1964-cü ilin oktyabr ayının 14-dən sonra “Xruşşov” sözünü dilinə gətirməyə cürəti çatmadı. Çatmazdı da. Məlum olduğu kimi, gəmi batmağa başlayanda siçovullar onu ən birinci tərk etməyə çalışır. Xruşşovun nəvəsinin söylədiyinə görə, babası ölənəcən ağlayıb deyirmiş: “Əclaflar adımı pisliyə görə də olsun, çəkmirlər.”

Dünyaya meydan oxuyan Xruşşovun devrilməsinə səbəb olan Sumqayıt ayaqlanması bir daha sübut etdi ki, iyrənc  yaltaqlara güvənən kütbeyin və qorxaq xislətli mənsəbpərəstləri, qorxunc xalq qəzəbindən qoruya biləcək heç bir güc yoxdur.

635x100

Şərhlər

milli balta 2019-10-31 09:36:04

Məqalənin elmtutumuna görə təşəkkür edirəm.

A.Ağahüseynə 2019-10-31 09:36:04

Əslində, MDBdə Milli şüarla məkanı 70 il tərk etmiş ÖZƏL maraqlar ələ keçirib. Həmin sövdələşmə olmayan ölkədə heç bir vəzifəli təkrar seçkiyə getmir! Belə üstqurumda xalq-vətəndaş qayğları özəl rəqabətə, hətta lazım görünən qlobalizmə ifrat qurban da verilir? Rəsmi Bakı Kremlin, Avropanın, ABŞın işarələrini belə artıqlaması ilə icra edib! Yüz il öncəki hadisələri hallandıran həmin "Qərb" azərbaycanlıların Ermənistandan 30 il öncəki deportasiyasına və hərbi qanlı Qarabağ genosidinə sərt baxmır?

O.B.N 2019-10-31 09:36:04

Məqalə anti Xruşov məzmunda yazılıb.Xruşovun müsbət cəhətlərinə yer verilməyib əsasəndə Qarabağa olan mövqeyi,at oğrusu Stalinin sürgün ediyi,vətən xaini kimi öldürdüyü milyonlarla insanlara o əhf etdi bəraət verdi.Qaldı İosifin boluğuna o qalib kimi Avropadan qənimət kimi böyük avadanlıq var-dövlət gətirmişdi buda müvəqəti bolluq idi.Ölkədə qıtlıq Brejniyevin Qarbaçovun dövründədə oldu.Bu Quruluşun günahı ıdı.(YouTube-də yazın və baxın)Xruşşov Qarabağı istəyən Mikoyanı necə susdurdu? – Bakı səfərinin maraqlı detalları

AAgahuseyn 2019-10-31 09:36:04

Rusiyaya yen bir STALİN lazımdır.Əslində iysə bəyənmədiyimiz SOVET DÖVLƏTİ vaxtında insanlar pis yaşamayıb.PULSUZ Səhhiyə,Tıhsil,Ev,Müftə yemək.COX DARIXMIŞAM O ÖÜNLƏRƏ.

Elli 2019-10-31 09:36:04

Məqaləyə görə Sizə təşəkkür edirik.

miri 2019-10-31 09:36:04

Məmləkəti eksprement bazası kimi (volenturist, avantürist) istifadə edəndə əvvəl millət, sonra bu siyasətin memarları zərər çəkir.

Son yazılar