Putin yoldaş Dzerjinskini də geri qaytardı

Rusiya prezidenti Vladimir Putin Daxili Qoşunların xüsusi təyinatlı diviziyasının yenidən Feliks Dzerjinskinin adını daşıması barərə əmr verib.

Virtualaz.org saytı xəbər verir ki, sovet dövründə Ümumrusiya Fövqəladə Komitəsinin (xalq arasında “ÇK” kimi tanınırdı, sonradan NKVD-də çevrildi-red.) rəisi Dzerjinskinin adını daşıyan diviziya “bu hərbi birləşmənin veteranlarının xahişi ilə” yenidən onun adını daşıyacaq.

Putinin fərmanının mətnində deyilir ki, Feliks Edmundoviç Dzerjinskinin adını daşıyan diviziyanın “kütləvi qəhrəmanlığı, rəşadəti, dəyanət və mərdliyinə görə” onun əvvəlki adı geri qaytarılır.

Daxili Qoşunlarım bu bölməsi 1924-cü ildə Stalinin əmri ilə yaradılıb. 1926-cı ildən Dzerjinskinin adını daşıyıb. 1994-cü ildə Dzerjinskinin adı diviziyanın üstündən götürülüb.

1930-cu illərdə dzerjinskiçilər Moskvada mühüm dövlət obyektlərini mühafizə edib, habelə Orta Asiyada basmaçlara qarşı mübarizə aparıb, həmçinin ağ finlərə qarşı əməliyyatlarda iştirak edib.

Diviziya daha sonra II dünya müharibəsində iştirak edib. Bundan başqa dzerjinskiçilər 1994-cü ildə Hitler qoşunlarının əsir düşmüş əsgərlərini Moskva küçələrində müşaiyət etmişdi. Yaltada müttəfiqlərin sammitinin və Potsdam konfransının mühafizəçilərini də bu diviziyanın əsgərləri həyata keçirib.

80-ci illərin sonları, 90-cı illərin əvvəllərində diviziya Dağlıq Qarabağa, Şimali Osetiyaya, Fərqanə vadisinə, İnquşetiya və Çeçenistana yeridilib.

Dzerjinskinin adı sovet repressiyaları ilə anılır. Milyonlarla adamın həbs edilməsi, Stalin repressiyalarına məruz qalması onun adı ilə bağlıdır.

Rusiya Prezidenti yanında İnsan Haqları Şurasında hesab edirlər ki, Dzerjinskinin adının daxili qoşunların diviziyasına geri qaytarılması yersiz addımdır. Şuranın üzvü Sergey Krivenko deyib ki, Dzerjinski kimi odioz adlar həmişə sual doğurur və ona görə də cəmiyyətdə ona münasibət qətiyyən birmənalı deyil.

“Necə ki, Dzerjinskinin heykəlini Moskvanın mərkəzinə qaytarmaq olmaz, eləcə də onun adını Daxili Qoşunların diviziyasına qaytarmaq düzgün deyil” - deyə S.Krivenko bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar