Kənd təsərrüfatı məhsullarının istehsalında ciddi azalma olub

Vahid Məhərrəmov: « Kəsimlik heyvanların idxalı 62 faiz, süd məhsullarının, yumurtanın idxalı da 17.5 faiz, kərə yağının idxalı 50 faiz artıb»

Azərbaycanda yanvar-avqust aylarında kənd təsərrüfatı məhsullarının istehsal həcmi faktiki qiymətlərlə 3 622,2 milyon manat təşkil edib və keçən ilin eyni dövrünə nisbətən 3,7 faiz azalıb. Bu barədə “Trend” Dövlət Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

2014-cü il sentyabrın 1-nə Azərbaycanda əkin sahələrinin ciddi uçotu aparılıb. Ölkənin əkin sahələrinin ümumi sahəsi 1144,5 min hektar təşkil edib. Ümumi əkin sahələrindən 967,2 min hektarı (və ya 96,7 faiz) dənli və paxlalı bitkilərin, 1,1 min hektarı tütünün, 22,9 min hektarı pambığın, 48,6 min hektarı (78,7 faiz) kartofun, 68,3 min hektarı (89,9 faiz) tərəvəzin, 27,3 min hektarı (97,5 faiz) bostan bitkilərinin, 9,1 min hektarı (78,2 faiz) isə yemlik günəbaxanın payına düşüb.

Hesabat dövründə təsərrüfatlarda 980,6 min ton tərəvəz məhsulu, 651,9 min ton kartof, 410,4 min ton bostan məhsulu, 343,5 min ton meyvə və giləmeyvə, 37,1 min ton üzüm, 316,7 ton çay yarpağı, 17 min ton yemlik günəbaxan və 1,9 min ton tütün yarpağı istehsal olunub.

Ötən ilin analoji dövrü ilə müqayisədə üzüm istehsalı 16,3 faiz, yemlik günəbaxan 7,5 faiz, bostan bitkiləri 3,1 faiz, meyvə və giləmeyvə 0,9 faiz artıb, çay yarpağı istehsalı 20,7 faiz, tütün 14,6 faiz, kartof 11,5 faiz və tərəvəz məhsulları 0,8 faiz azalıb.

Hesabat dövründə respublikada 294,9 min ton diri çəkidə ət, 1 249 min ton süd, 1 017,9 milyon ədəd yumurta, 15,7 ton yun istehsal edilib.

Statistika Komitəsinin yaydığı hesabatın nə qədər reallığa uyğun olduğunu və səslənən rəqəmlərin əhalinin tələbatına uyğunluğunu dəqiqləşdirmək üçün kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikirlərini öyrəndik.

Vahid Məhərrəmov hesab edir ki, Statistika Komitəsinin hesabatı reallığı əks etdirmir və burada bir-birini təkzib edən rəqəmlər yer alıb: “Heyvandarlıq məhsullarının artımı, bitkiçilik məhsullarının istehsalının artımı ilə sıx əlaqəlidir. Əgər ət və süd məhsullarının istehsalı artıbsa, bu, yem istehsalının artımı ilə müşahidə olunmalıdır. Yəni bitçkilikdə yem istehsalı artmalıdır ki, heyvandarlıq məhsulları da artsın. Ancaq biz baxırıq ki, bitki məhsullarının istehsalı 9.2 faiz azalıb. Xüsusən azalma taxıl məhsullarındadır ki, bu da heyvandarlıqda qüvvəli yem kimi istifadə olunur. Bu il havalar isti keçdiyindən örüş sahələrində də ot istehsalı zəif olub. Bu isə onu deməyə əsas verir ki, heyvandarlıq məhsullarının istehsalının yanvar-avqust aylarında artdığını iddia etmək yanlışdır. Əksinə, bu sahədə azalma göstərilməliydi. Digər tərəfdən, bu il dondurulmuş ət idxalı artıb. Kəsimlik heyvanların idxalı 62 faiz artıb. Süd məhsullarının, yumurtanın idxalı da 17.5 faiz artıb. Kərə yağının idxalı 50 faiz artıb. Yəni yanvar-avqust aylarında heyvandarlıq məhsullarının istehsalında ciddi azalma olub”.

Bitki məhsullarının istehsalına gəlincə, ekspert bildirdi ki, Statistika Komitəsinin azalma proqnozu müəyyən qədər reallığa uyğundur: “Bitki məhsullarının istehsalında 9.2 faiz azalma göstərilib ki, bu, reallığa uyğundur. Ancaq üzüm məhsullarının istehsalında artım göstərilməsi bəzi nöqsanlardan xəbər verir. Üzümün vaxtından əvvəl yetişməsi onu deməyə əsas verir ki, aqrotexniki qaydalara düzgün əməl olunmayıb və qısa müddətdə nəsil artımı həyata keçirilib. Yəni bitki normal inkişaf etməyib və vegetasiya müddəti sürətlənib”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar