DEPUTATIN QARDAŞI OĞLUNA ÖMÜRLÜK HƏBS VERİLDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “1001 gecə” restoranda qətl hadisəsi törətməkdə təqsirli bilinən deputat Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. Prosesdə hökm elan olunub. Məhkəmənin hökmü ilə Rəşad Mirələmov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Rəşad Mirələmov 17 iyul 2012-ci ildə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən istirahət mərkəzində odlu silahdan açdığı atəşlə Ramal Bayramovu qətlə yetirib, Səməd Mənsimov isə yaralayıb.

İttiham sənədlərində qeyd olunur ki, Rəşad Mirələmov Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 7 iyul 2004-cü il hökmü ilə qəsdən adam öldürməkdə təqsirli bilinib və məhkum olunub. Bundan 7 il sonra - 6 oktyabr 2011-ci ildə o, Lənkəran şəhərində tanışı Taleh Həsənovun qarşısında nüfuz qazanmaq məqsədilə sonuncunun Zamin Bağırova borca verdiyi 3 min 700 manat puldan imtina etməsini tələb edib. Lənkəran şəhərində yerləşən “Cənub” şadlıq sarayının çayxanasına gələn R.Mirəlımov orada masa arxasında əyləşən Z.Bağırovu çayxananın arxasına çağırıb. Əlindəki bıçağın dəstək hissəsi ilə onun göz və kürək, təpiklə isə bədəninin digər nahiyələrinə zərbələr vuraraq Taleh Həsənova verdiyi borcundan imtina etməsini tələb edib.

2012-ci ilin iyun və iyul aylarında isə R.Mirələmov qabaqcadan əlbir olduğu bir qrup şəxslə birlikdə Lənkəranın Şilavar kənd sakini Firdosi Bağırovu döyüblər. Ondan Taleh Həsənova, Valeh Əliyevə və qeyrilərinə mövcud olmayan borcu - 19 min dollar alıblar.

Bununla bağlı F.Bağırov Ramal Bayramova və Elman Əhmədova müraciət edib. 17 iyul 2012-ci ildə gecə 03 radələrində Firdovsi Bağırovun mənafeyini müdafiə edən Ramal Bayramov, Elman Əhmədov, Səməd Mənsimov, Elmar Süleymanov, Elnur Qasımov, Mübariz Məmmədov “1001 gecə” istirahət mərkəzinə gedərək, Rəşad Mirələmovla qarşılıqlı mübahisəyə giriblər.

Ramal Bayramov Rəşad Mirələmova taxtayla zərbələr endirib, yumruq, təpiklə vurub. Buna baxmayaraq Rəşad Mirələmov Firdovsi Bağırovdan tələbini davam etdirib. Rəşad Mirələmov qarşılıqlı mübahisə və dalaşma zəminində iki və daha artıq şəxsi qəsdən öldürmək niyyəti ilə qanunsuz əldə edib saxladığı və gəzdirdiyi “Makarov” markalı tapançadan həmin şəxslərə atəşlər açıb.

Həmin vaxt Ramal Bayramov ölüb, Səməd Mənsimov yaralanıb. Hadisə yerində olan Elman Əhmədov, Elmar Süleymanov, Mübariz Məmmədov, Elnur Qasımov qaçıb uzaqlaşıblar.

İstintaq dövründə Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun cinayət işi ayrıca icraata götürülüb və onların barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən hökm elan edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar