Azərbaycanda kasıblar necə ev ala bilsin? - Keçmiş nazirdən hökumətə təklif

“Hökumət Türkiyədə olduğu kimi Toplu Konut İdarəsi yaratsın”

İki gün öncə Türkiyədə 217 manata mənzil sahibi olmaq imkanı barədə Azərbaycan mediasında yayılan xəbər cəmiyyətdə ciddi marağa səbəb oldu və hamını bir sual düşündürdü ki, bəs bizdə niyə ev almaq, mənzil sahibi olmaq bu qədər zülmlü bir bəlaya çevrilib. Millət vəkili Əli Məsimli məsələyə münasibət bildirərkən hökumətin indiki imkanlarını qiymətləndirdi və 60-70 manata xalq evləri tikilməsini təklif etdi.

Keçmiş maliyyə naziri Saleh Məmmədovunsa problemlə bağlı daha cəlbedici təklifləri var. O, Moderator.az-a açıqlamasında deyib:

"Azərbaycan digər sahələrdə olduğu kimi, mənzil tikintisində də digər sovet ölkələrindən xeyli qabağa getmişdi, ciddi müvəffəqiyyətlərə nail olmuşdu. Bununla bərabər potensial ehtiyyatlar və tələb də olduqca böyükdür: əhalinin sayı sürətlə artır, böyük miqrasiya axını var (xüsusilə xaricdə yaşayan azərbaycanlılar hesabına), köhnə və sıradan çıxan mənzillərin sayı xeyli çoxdur, insanların gəliri sürətlə artır ki, bu da mənzil şəraitinin yaxşıladırılmasına tələbatı artırır, bir sözlə, mənzilə tələb təklifi xeyli qabaqlayır. Belə olan halda tələblə təklifin tarazlaşdırılması üçün dövlətin işə qarışması zərurəti meydana çıxır.

Məsələ burasındadır ki, Sovet dövründə dövlət mənzillə təminat məsələsində demək olar ki, bütün məsuliyyəti öz üzərinə götürürdü: bu başqa məsələdir ki, onu necə yerinə yetirirdi. İndi isə dövlət heç olmasa mənzil bazarının tənzimlənməsində iştirak etməlidir, o zamanlarda büdcədən mənzil tikintisinə yönəldilən vəsaitin heç olmasa cüzi bir hissəsini yönəldə bilsə, normal tənzimləməni təmin edə bilər.

Əvvala, hökumət dövlət qulluğunda olan bütün işçiləri mənzillə təmin etməlidir, belə olan halda mənzil bazarında gərginlik xeyli zəifləyərdi. Digər tərəfdən, bu sahədə hökumətin özəl proqramı tərtib olunmalı və bunun üçün maliyyə mənbəyi təyin olunmalıdır. Bu sahədə dünya təcrübəsində, mən bilən Türkiyə təcrübəsindən yaxşısı yoxdur. Daha yaxşısını bu təcrübə əsasında qurmaq olar. Mən özüm indiki prezident cənab Rəcəb Tayyib Ərdoğanın zamanında bu təşkilatın işinin təkmilləşdirilməsi prosesində iştirak etmişəm. TOKİ (Toplu Konut İdarəsi) adı altında bu təşkilat 1984 cü ildə T. Ozal tərəfindən yaradılmışdı və R. Ərdoğan zamanında xüsusi və daha geniş proqramla fəaliyyətə başlamışdi. Toplu konut dedikdə, ictimai mənzil, bilavasitə hökumətin iştirakı ilə qurulan sosial mənzillər nəzərdə tutulur. Bu mənzillər hökumətin bilavasitə iştirakı ilə qurulur və bazardan xeyli ucuz qiymətə satılır. Hökumət torpaq sahələrini, infrastrukturanı (qaz, su, elektrik, kanalizasiya, telefon, tv, internet və digər komunikasiya sahələrini) pulsuz təqdim edır, güzəştli ipoteka krediti verir, inşaatçılar isə tenderlə inşaatı həyata keçirir. Belə olan halda evin bir kv. m (rüşvət və digər qeyri-qanuni ödəmələr istisna olmaqla) 250 manatı keçmir. Deməli, 40 kv. m bir otaqlı mənzil 10 min manata gənc ailələrə, pensionerlərə, əlillərə satıla bılər. Əgər bu mənzillər üçün 25 illik və illik 2% lə ipoteka krediti verilsə, (bu da Azərbaycanın tam imkanları daxilindədir), bu mənzil hətta ilkin ödəmə olmadan sahibinə ayda 40-50 manata başa gələcək. Ayda 40-50 manat isə hər kəs ödəyə bilər, 100 manatdan aşağı demək olar ki, aylıq mənzil kirayəsi yoxdu.

Ümumiyyətlə, əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasına prezidentin və hökumətin proqramında xüsusi yer ayrılmışdır, sadəcə bu proqram və göstərişləri müvafiq orqanlar lazımi səviyyədə yerinə yetirməlidirlər. Bunun üçün isə aşağıdakılar məqsədəuyğundur:

-Prezidentin İctimai mənzil idarəsinin yaradılması (Türkiyədə TOKİ kimi);

-İctimai (toplu) mənzil haqqında qanunun hazırlanması və qəbulu;

-İctimai mənzil alma hüququ olanların tərkibinin müəyyənləşdirilməsi;

-İctimai mənzillərin tikintisi üçün torpaq sahələrinin (fondunun) müəyyənləşdirilməsi (bütün şəhərlərdə);

-İctimai mənzillərin infrastrukturunun yaradılması və ipoteka fondunun yaradılması üçün büdcə vasaitlərinin ayırılması və təbii ki, bu prinsiplər əsasında fəaliyyətə başlanması."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar