SOCAR prezidenti Neft Daşlarında neftçilərlə görüşüb - FOTO

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşlarının 70 illiyi ərəfəsində dünyanın açıq dənizdə tikilən ilk neft platformasında olublar.

"Report" bu barədə SOCAR-a istinadla xəbər verir.

Məlumata görə, şirkət rəhbərliyinin təmsilçiləri burada Neft Daşlarının yenidənqurulan helikopter meydançasının sərnişin gözləmə zalının açılışında iştirak edib, açıq dənizdə qazılmış ilk neft quyusunun yanında Neft Daşlarının qurulmasında xidmətləri olan insanları yad edib, Ulu öndər Heydər Əliyevin abidəsinin, 1957-ci il noyabrında Neft Daşlarındakı faciə zamanı həlak olan neftçilərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatlarını qurban vermiş şəhid neftçilərin xatirə komplekslərinin önünə tər çiçəklər düzüb, “Heydər Əliyev Muzeyi”nə, yenidən qurulmuş stadiona, idman zalına və mədəniyyət evinə baxış keçiriblər.

SOCAR-ın prezidenti istehsalat sahələrində çalışan həmkarları ilə görüşərək çağdaş neftçıxarma proseslərinin yeni çağırış və hədəfləri ilə bağlı onların fikirlərini öyrənib, müzakirələr aparıb. R.Abdullayev Neft Daşlarının 70 illik yubileyi münasibəti ilə idarənin əməkçilərini təbrik edib, ölkə başçısının apardığı islahat kursu çərçivəsində şirkətin üzərinə düşən vəzifələrdən söz açıb, Neft Daşlarının strateji əhəmiyyətindən danışıb. O deyib: “Neft Daşları Azərbaycan neftçilərinin yaşlı nəslinin qiymətli yadigarıdır. Azərbaycanın neft tarixinin bir çox görkəmli şəxslərinin həyat yolu Neft Daşlarından keçib. Azərbaycan neftçilərinin bir neçə nəsli burada yüksək səviyyəli mütəxəssis kimi püxtələşib, dəyərli təcrübə qazanıb. Mən özüm də istehsalat fəaliyyətimə Neft Daşlarında başlamışam, burada çox dəyərli təcrübələr əldə etdim, özümə etibarlı dostlar qazandım”.

Neft Daşlarında çalışan neftçilərə müraciət edən SOCAR prezidenti sözlərini belə bitirib: “Dəyərli həmkarlarım, artıq 70 il istismarda olan Neft Daşları bu gün özünün ikinci baharını yaşayır. SOCAR-ın ötən illərdə həyata keçirdiyi tədbirlər nəticəsində Neft Daşlarının hasilat səviyyəsi 20%-dən çox artıb. Hidrotexniki qurğular yenilənib, istehsalat obyektləri əsaslı təmir olunub və yaxud yenidən qurulub. Respublika əhəmiyyətli yataqların məhsulu Neft Daşlarının infrastrukturu vasitəsilə nəql olunur və gələcəkdə bu infrastruktura digər yataqların da qoşulması nəzərdə tutulur. Bu nəticələr, məhz sizin səriştə və bacarığınız, gərgin və fədakar zəhmətinizin sayəsində əldə olunmuşdur. Bu uğur sizin uğurunuzdur!”

Səfər çərçivəsində SOCAR-ın prezidenti və şirkət rəhbərliyinin nümayəndələri Neft Daşları zəhmətkeşləri ilə birlikdə nahar ediblər. Səfərin sonunda SOCAR-ın rəhbərliyi Çilov adasına da baş çəkib, 2015-ci ildə təbii fəlakət nəticəsində həlak olmuş həmkarlarının abidəsi önünə tər çiçəklər qoyub, onların əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Neft Daşları yatağının istismar edilməsinin 70 illiyi münasibəti ilə neftçi kollektivi üçün konsert təşkil olunub.

Xatırladaq ki, Neft Daşları Xəzər dənizində, Bakı şəhərindən 110 km şimal-şərqdə yerləşir. Dənizin bu yerində qara qayalıqlar olduğu üçün əvvəllər bura “Qara Daşlar” adlandırılırdı. Neft Daşları yatağını əfsanəvi geoloq Ağaqurban Əliyev kəşf edib və ilk dəfə açıq dənizdə neftçıxarma layihəsinin həyata keçirilməsinə nail olmuşdur. 1949-cu il iyunun 24-də Neft Daşlarında birinci kəşfiyyat quyusunun qazılmasına başlanılıb, noyabrın 7-də qazma işi uğurla başa çatdırılıb və yatağın işlənməsinə start verilib.

İlkin dövrdə burada istismardan çıxarılmış yeddi gəmi batırılaraq qazma va yaşayış üçün şərait yaradılmış, daha sonra “Yeddi gəmi adası” kimi məşhurlaşmış bu məntəqə açıq dənizdə süni adaya çevrilmişdir. 1951-ci ildə Neft Daşlarından ilk məhsul neft tankeri ilə sahilə göndərilmişdir. İstismar dövründə Neft Daşları NQÇİ ölkəmizin ümumi neft hasilatının 13 faizini birbaşa təmin etmişdir. Neft Daşlarının kəşfi Azərbaycanın neft sənayesində bir dönüş nöqtəsi yaratmış və ölkəmizin ikinci neft bumuna yol açmışdır. Hazırda Azərbaycan neftinin böyük hissəsi məhz dənizdə çıxarılır. Neft Daşları həm də SOCAR-ın dənizdəki yataqlarını bir-biri ilə calaşdıran və məhsulun sahilə birbaşa ötürülməsinə xidmət edən əsas kommunikasiya düyünüdür. SOCAR üzrə ümumi çıxarılan xam neft və təbii qazın 70 faizə yaxın hissəsi sahilə məhz Neft Daşlarından ötürülür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar