“DƏYİRMİ MASA”DA KÖNDƏLƏN MARAQLAR - Müxalifət-İnsanov əməkdaşlığı hansı zərurətdən doğur?

Müsavat Partiyasının başqanı Arif Hacılının təşəbbüsü ilə noyabrın 5-də 7 müxalifət lideri və ekspertin iştirakı ilə baş tutan toplantı, uzun müddətdən sonra müxalifətin əməkdaşlığı yönündə ilk təşəbbüs oldu. Lakin 3 günlük müşahidələrə görə, ictimaiyyət bu formatın gələcək perspektivini, siyasi proseslərə nə verəcəyini müzakirə etməkdən daha çox onu tənqid hədəfinə çevirdi. Tənqidin iki əsas ünvanı vardi:

1. Milli Şura və AXCP

2. Ümumilikdə ənənəvi müxalifət

AXCP sədri Əli Kərimli bu formatda toplantıya qatıldığına görə əsasən öz tərəfdarları, təəssübkeşləri tərəfindən sərt şəkildə qınandı. Sosial şəbəkələrdə ona suallar ünvanlandı ki, potensialını itirmiş müxalifət partiyaları və korrupsioner, regionçu Əli İnsanovla niyə bir masa arxasında oturur. Son illərdə müxalif cəbhədə önə çıxmış Milli Şura niyə öz imicini ləkələyir? Niyə “öz uğurlarını perspektivsiz partiyalarla və liderlərlə bölüşür”?

Ənənəvi müxalifətə yönələn tənqidlər isə daha çox Əli İnsanovla bağlı idi. Hakimiyyətdən "vurulmuş" keçmiş nazirin reabilitasiya cəhdləri kəskin tənqid olunurdu. Müxalifəti ümumi, vahid qüvvə sayan elektorat İnsanovu bu platformada görmək istəmədiyini ifadə edirdi.

Əlbəttə, hakimiyyət tərəfdarları da təbii olaraq bu toplantıdan ümumi müxalifətin, daha çox Milli Şuranın zərbə alması üçün hərəkətə keçdi. Onların əsas tezisləri korrupsioner Əli İnsanovla bir masa arxasında əyləşmək, ənənəvi müxalifətin köhnə birlik formatlarının uğursuzluqlarını xatırlatmaq, müqayisələr, paralellər aparmaqdan ibarət idi.

Bəs o “Dəyirmi Masa”nın keçirilməsində maraq nə idi? Adları çəkilən partiyalar, siyasətçilər niyə orada iştiraka razılıq vermişdilər? Bu masadan hansısa siyasi birlik, təşkilat ortaya çıxacaqmı?

Şübhəsiz ki, son 3 gündə sosial şəbəkələrdə səslənən sualları, ünvanlanan ittiham və qınaqları onlar da əvvəldən nəzərə almışdılar. Bəs çoxdan yadırğadıqları Müsavatın qərargahına onları gətirən ortaq və fərqli maraqlar nələr idi?

Müsavat Partiyasının çoxməqsədli hədəfi

Arif Hacılının başqanlığından sonra parçalanmaya məruz qalan partiya müxalifət cameəsində şərti olaraq “ikinci liqaya” düşüb. Partiyanın siyasi xətti ondan ibarətdir ki, mümkün qədər hakimiyyətin birbaşa zərbələrindən özünü qorusun, buna görə də sədrin, funksionerlərin tənqid üslubu və arealı xeyli korrekt olunub. Partiya Milli Şuranın sərt xəttindən məsafə saxlayır, bu da protest elektoratının müvafiq münasibəti ilə qarşılanır.

İndi Müsavat rəhbərliyinə lazımdır ki, son illərdə aralarındakı məsafə kəskin artmış Milli Şura ilə bir müstəviyə qayıtsın. Yəni, müxalifətin “birinci liqasına” (Müxalifətin “super liqası” çoxdandır ki, ümumiyyətlə mövcud deyil-müəll.). Buna nail olmağın “birgə aksiyalar” formatı çox çətin və təhlükəlidir, amma bir masa arxasında əyləşib cəmiyyətə hansısa birlik mesajları vermək pis fikir deyil. Bununla partiya müxalifətin “birinci liqasına” qayıtmağı, Milli Şura ilə kəskin artan məsafə fərqini qapatmağı və AXCP sədri Əli Kərimlinin bu cameədəki vahid liderlik imkanlarını daraltmağı hədəfləyir.

Keçmiş səhiyyə naziri Əli İnsanovun bu formata daxil edilməsi Müsavat Partiyasının təşəbbüsüdür və iştirakçıların da buna etirazı olmayıb. Əlbəttə, partiya bu addımı atarkən narazı elektoratın daha geniş spektrdə mobilzasiya olunmasını əsas gətirə bilər. Amma arxada dayanan bir maraq aydın görünür: İnsanovun mənfi reputasiyasından gələn ictimai təpki daha çox müxalifətin öndə olan təşkilatına - Milli Şuraya və Əli Kərimliyə yönələcək. Bu hesablama özünü doğrultdu və müxalifət ətrafında gedən diskusiyalarda aparıcı istiqamət adı çəkilən təşkilatın və liderin tənqidindən ibarətdir.

Pənah Hüseyin üçün “super transfer” imkanı

Daha bir məqam keçmiş baş nazir Pənah Hüseynlə bağlıdır. Şübhəsiz ki, Müsavatın onu masaya dəvət etməsi bir sıra maraqlardan irəli gəlir. P.Hüseynin deputatlıqdan sonrakı və yaxın dövrdəki fəaliyyəti daha çox hakimiyyət konseptində olan partiyalarla bir arada görünməkdən ibarət olub. Əlbəttə, onun mövqeyini həmin partiyalarla tam eyniləşdirmək olmaz, keçmiş baş nazir həmişə özünü fərqli platformada təqdim etməyə çalışır. Şərti olaraq onu müxalifətin “üçüncü liqası”nın əsas fiquru saymaq olar. Müsavatın təklifi, əlbəttə ki, P.Hüseyn üçün göydəndüşmədir, o, bilavasitə “birinci liqa”ya transfer olunmaq üçün əlverişli vəziyyətə gəlir.

Bəs Müsavat niyə onun bu revanşında maraqlıdır və şərait yaradır? Birincisi, keçmiş baş nazir tarixən Müsavat komandasının üzvü olub, bu masada gələcək müzakirələrdə onun dəstəyinə ehtiyac olacaq. İkincisi, onun reputasiyasından doğan suallar da yenə Müsavatdan daha çox Milli Şuraya yönəlir və bundan itirən həmin qüvvə olur. Bu reallıq da partiya maraqlarına tam cavab verir.

Əli İnsanovun virtual gücü...

Həbsdən çıxdığı 9 ay ərzində radikal bəyanatlardan başqa bir fəaliyyəti olmayan keçmiş səhiyyə naziri Əli İnsanova da müxalifətlə bir formatda əyləşmək çox vacibdir. Keçmiş nazir mətbuata açıq şəkildə deyib ki, təmsil etdiyi “böyük bir qüvvə” sırf regional faktora əsaslanır. Amma o, bu “böyük qüvvəni” ən bəsit formada belə təşkilatlandıra bilməyib. Bunun aydın səbəbləri var: Əli İnsanovun iddia etdiyi qüvvə vaxtı ilə mərhum prezident Heydər Əliyevin hakimiyyətə gəlməsini dəstəkləyən Qərbi azərbaycanlılardır. Hazırda onlar siyasi hakimiyyətdə, biznesdə və ölkənin başqa mühüm sahələrində aparıcı mövqeyə malikdirlər. İndiki hakimiyyətin yaratdığı imkanlardan ən böyük paylardan birini alıblar. Ölkə əhalisinin zəngin təbəqəsinin böyük bir hissəsini bu regionun nümayəndələri təşkil edir. Onların hakimiyyətlə düşmənçilik münasibətlərində olan İnsanovu dəstəkləmələri, onun ətrafında təşkilatlanmaları indiki mərhələdə mümkün deyil. Çünki heç dumanlı şəkildə belə siyasi perspektivləri görünməyən keçmiş nazir, onlara bundan artıq nə vəd edə və hansı qarantiyaları verə bilər? Onlar əldə etdikləri böyük var-dövləti, əlaqələri heç nəyin xatirinə riskə ata bilməzlər.

Şübhəsiz ki, Ə.İnsanov qeyd etdiyimiz təbəqənin bəzi narazı nümayəndələrindən gizli dəstək siqnalları ala bilər, amma onların açıq müstəviyə çıxması üçün indiki halda heç bir şərait yoxdur.

Keçmiş nazir, müxalifət birliklərində özünə bir stul alıb əyləşməsi, danışması, həmin formatda görünməsi ilə kifayətlənəcək. Başqa formada mümkün də deyil. Onun müxalifətə “böyük dəstəyi” virtualdır və ehtimal olunan gələcək siyasi mübarizələrdə gözə dəyməyəcək. Müxalifət də bu virtual imkanları nəzərə alıb İnsanovun mənfi reputasiyasından aldığı zərbələri gözardı etməyə məcburdur. Onun partiyası, təşkilatı yoxdur, ancaq virtual, hələ siyasi arenada görünməyən “elektoratının” olması, siyasi məhbus həyatı, hakimiyyətlə barışmaz imici və ən əsası, geniş maliyyə imkanları onu müxalifət üçün cəlbedici siyasi fiqura çevirir.

AXCP və Milli Şura niyə bu riskə getdi?

Bu situasiyada ən çox tənqid və qınaq hədəfi olan AXCP və Milli Şura niyə Müsavatın öz çıxarlarına uyğunlaşdırdığı masada oturmağa razılaşdı? Onun maraqları, hədəfləri nədən ibarətdir?

Şübhəsiz ki, Milli Şuranın 19 oktyabrda Bakıda keçirdiyi razılaşdırılmamış aksiya həm də qüvvələrin yoxlanması, prosesə ictimai dəstəyin test olunması üçün imkan idi. Həmin gün paytaxtın mərkəzində yaranan mənzərə ondan ibarət idi ki, əvvəlki illərdən fərqli olaraq, bir qism narazı insan razılaşdırılmayan aksiyalara belə çıxır. Hətta müxalifət fəalları ilə müqayisədə onların sayı daha çox idi. Amma təxminən 2 min nəfər təşkil edən bu say yetərli deyil, protest elektoratının əhəmiyyətli hissəsi prosesi monitorlardan seyr etməyə üstünlük verir. Hakimiyyətin əlindəki böyük əzici güc bundan qat-qat böyük aksiyaları asanlıqla dağıtmağa imkan verir. Fürsətkən, hakimiyyət də öz əzələlərini qabardıb cəmiyyətə və prosesi izləyən maraqlı qüvvələrə öz mesajlarını verdi. Həmçinin aydın oldu ki, müxalifətin təşkilatlandıra bildiyi bu qüvvə ilə hakimiyyətdaxili konfiqurasiyanı laxlatmaq, mərkəzdənqaçma tendensiyaları yaratmaq, habelə maliyyə stavkalarını təmin etmək mümkün deyil.

AXCP sədri Əli Kərimli də bu reallığı nəzərə alaraq, məcburiyyət qarşısında son illərdə üstünlük verdiyi siyasətdən – müxalifətin vahid güc mərkəzi kimi görünmək taktikasından imtina etdi. Bu da başadüşüləndir: ilin əvvəlindəki 19 yanvar aksiyası Ə.Kərimlinin özünə inamını nə qədər artırmışdısa, 19 oktyabrda baş verənlər onu bir o qədər də ruhdan salmış, təkbaşına uğur əldə edə biləcəyinə daxili inamını sarsıtmışdı. Bu səbəbdən AXCP sədri məsuliyyəti və iqtidardan gələn zərbənin gücünü yenidən digər liderlərlə “paylaşmaq” siyasətinə dönüş etdi.

Onun bir hədəfi də bu yolla növbəti aksiyalarda kütləviliyə nail olunmasıdır. Yəni müxalif düşərgədən nə qədər mümkünsə, elektorat qoparıb prosesə qoşmaq, növbəti mərhələdə regional faktorların, nəzəri baxımdan olsa da, dəstəyini qazanmaq.

“Dəyirmi Masa” yeni birliyə çevriləcəkmi?

Bəs bu proses Milli Şuradan daha geniş spektrli birliyə, təşkilata gətirib çıxaracaqmı? Açıqlanan mövqelərdən görünür ki, AXCP yeni formatda birliyə maraqlı deyil, ancaq funksional əməkdaşlıq üçün qapılarını açıq saxlayacaq. Bununla həm müəyyən elektoral bazanın qınaqlarını neytrallaşdırmağa, həm də mümkün olduğu qədər onları hakimiyyətə qarşı sərt mübarizəyə səfərbər etməyə çalışacaq. Amma Müsavat Partiyası “Dəyirmi Masa”nın məhz əməkdaşlıq mərkəzi kimi qalmasında maraqlıdır. Milli Şura burada təmsil olunmasa belə, format partiyanın “birinci liqada” qalmasını, protest elektoratının diqqətinin müəyyən qədər ona yönəlməsini təmin edə bilər.

Hakimiyyətin mövqeyi necə olacaq?

Şübhəsiz ki, hakimiyyət müxalifət daxilində gedən proseslərə seyirçi qalmır, hər fürsətdə rəqibləri sıradan çıxarmaq, nüfuzdan salmaq və zərərsizləşdirmək üçün addımlar atır. İndi görünən siyasi xətt Milli Şuradan kənar qüvvələrlə MŞ arasında ziddiyyətləri qabartmaq, İnsanovun mənfi reputasiyasından gələn qınaqları daha çox ictimailəşdirmək, müxalifətin ənənəvi birliklərinə apellyasiya etməklə, növbəti perspektivsiz situasiyanı təlqin etməkdən ibarətdir.

Bununla yanaşı hakimiyyət daxilində yeni komandanın qurulması, islahatlar vədi, kadr dəyişiklikləri onsuz da cəmiyyətin diqqətini alternativ siyasi mərkəzlərdən yayındırıb, iqtidara yönəltməkdədir. Hazırda iqtidarın əsas hədəfi cəmiyyətdə müsbət dəyişikliklərə inamı gücləndirməkdədir. Buna da müəyyən qədər nail ola bilirlər.

“AzPolitika”

635x100

Şərhlər

OQTAY 2019-11-07 19:17:53

Eqer muxalifet liderlerini reqemle evez etsek,bele neticeye gelerik!???? Milli sura Cemil Hesenli "0"-la,AXCP -"1".0+1=1.!!!!!!! !!!!!!!!!!!!!!Eli Insanov "0". Musafat,"1".0+1=1!!!!!!!!!!!!!!!!!!!!!!!Serdar Celaloqlunu "1",gerde qalan butun muxalifeti "0".1+0=1!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!Reqemleri toplasaq "0"-larla artim olmaz!!!!!!

Son yazılar