“Unibank” sədri istehlak kreditlərinin azalmasına qarşı - “Pulları məhdudlaşdırsalar, dövriyyə azalacaq”

Ölkə başçısı son iqtisadi müşavirədə bankların kredit siyasətini tənqid edərək, onların biznesə yox, istehlak kreditlərinə daha çox önəm verməsinə dair irad bildirməsindən sonra Maliyyə Bazarlarına Nəzarət Palatası hərəkətə keçdi. Və müşavirədən qısa müddət sonra banklara istehlak kreditlərinin verilməsilə bağlı qoyulan məhdudiyyətləri sərtləşdirdi. Lakin bu qərarın bankların gəlirlərinə mənfi təsir göstərəcəyinə, iqtisadiyyata vəsait axınının qarşısını alacağına dair fikirlər səsləndirilir.

Məsələ ilə bağlı ölkədə kifayət qədər tanınan və istehlak kreditlərinin həcmi kifayət qədər yüksək olan banklardan biri - “Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov mətbuata açıqlamasında maraqlı fikirlər səsləndirib. F.Hüseynov Fed.az-a verdiyi müsahibədə biznes kreditlərinin ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun inkişafında xüsusi rol oynadığını vurğulayıb. Lakin bununla yanaşı, istehlak kreditlərinin sərt şəkildə məhdudlaşdırılmasının da iqtisadiyyatın xeyrinə olmadığını bildirib.

Sitat: “İstehlak kreditlərinin məhdudlaşdırılması əslində qeyri-neft sektorunun inkişafını əvəzləşdirmir, çünki onlar bir-birilə konfliktdə olan sahələr deyil. Bu gün kiminsə lazımınca gəliri varsa, bank ona müəyyən qədər istehlak kredit verməklə şərait yaradır ki, həmin şəxs yerli ticarət və ya iaşə obyektində bu pulları xərcləyərək dövriyyə yaratsın...”

Bankir bildirib ki, istehlak kreditlərinin məhdudlaşdırılması bank sektorunun gəlirliyinə mənfi təsir edəcək: “Eyni zamanda iqtisadi düşüncə ilə yanaşsaq, Azərbaycanda iqtisadiyyatın strukturu məlumdur, bütün banklar iqtisadiyyata gedən pulları məhdudlaşdırsalar, dövriyyə azalacaq.”

F.Hüseynov “Unibank”ın kredit portfelinin yarıdan çoxunun məhz istehlak kreditlərindən ibarət olduğunu da etiraf edib: Devalvasiyadan əvvəlki illərdə kredit portfelimizdə istehlak kreditlərinin payı 80 faizdən yuxarı idisə, hazırda bu trend 60%-ə yaxındır. Növbəti 3 illik strategiyamızda KOS və mikro kredit bazarını əhatə etməyə daha çox diqqət ayırmışıq. İstehlak kreditləri üzrə son məhdudlaşdırıcı şərtlərə gəlincə, məncə bu bir az diskusiya predmetidir.

Yəqin ki, F.Hüseynovun mövqeyini istehlak kreditlərinə üstünlük verən bir çox bankların rəhbərləri də bölüşürlər. Çünki bu kredit növü banklar üçün biznes kreditlərilə müqayisədə həm daha gəlirli, həm də rahat kreditləşmə sayılır.

Onu da xatırladaq ki, az öncə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Unibank”dakı payı 44,5%-dən 9%-ə düşüb. Həmin paya sahib çıxan “Unibank” ASC-nin Müşahidə Şurasının (MŞ) sədri Eldar Qəribov isə bankın nizamnamə kapitalındakı payını 41,9%-dən 77,4%-ə çatdırıb.

İqtisadiyyat Şöbəsi

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar