Jurnalistlər vəhhabilərin məhkəməsinə buraxılmadı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə ötən ilin dekabrinda Sumqayıt şəhərində xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə ilə əlaqədar həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının məhkəmədə olan əməkdaşı xəbər verir ki, jurnalistlər və təqsirləndirilən şəxslərin yaxınları məhkəmə prosesinə buraxılmayıblar.

Lakin jurnalistlərə prosesin qapalı keçirilib-keçirilmədiyinə dair açıqlama verilməyib.

Təqsirləndirilən Kənan Mehrəliyevin vəkili Fariz Namazlı virtualaz.org saytına deyib ki, digər təqsirləndirilən şəxslərin məhkəməyə vəkilləri gəlmədiyindən proses təxirə salınıb.

Qeyd edək ki, ötən il dekabrın 11-də Sumqayıtda xəvaricilərlə sələfilər arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə təqsirli bilinən 17 nəfər həbs edilib.

Keçirilmiş baxış zamanı Əhməd Salmanovun evindən 110 qram həşiş, 5 kiloqram civəyə oxşar maddə, qanunla qadağan olunmuş 44 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk, Kənan Mehrəliyevin evindən isə 1 ədəd “F-1” qumbarası, 1 qumbara alışqanı, 123 ədəd avtomat patronu, qanunla qadağan olunmuş 30 ədəd müxtəlif məzmunlu dini ədəbiyyat və 30 disk aşkar edilərək götürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar