ABŞ səfirindən Azərbaycan və Ermənistana çağırış

"ABŞ ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinə çox böyük əhəmiyyət verir və digər həmkarlarımız kimi, tərəflərlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün səylərimiz davam etdirməyə sadiqliyimizi ifadə edirik".

APA-nın xəbərin görə, bunun ABŞ-ın ATƏT-dəki səfiri Ceyms Gilmor ATƏT Daimi Şurasının noyabrın 7-də keçirilən iclasında həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı təqdim etdiyi hesabat ətrafında müzakirələr zamanı çıxışında deyib.

Səfir bildirib ki, həmsədrlərin bir il əvvəl Daimi Şurada iştirakından sonra xeyli dəyişiklik baş verib: "Son aylar təmas xəttində baş verən itkilərdən narahatıq. Bu itkilər davam edən münaqişənin insan həyatına başa gəldiyini göstərir, gərginliyi artırır, tərəflər arasında inamsızlığı, düşmənçiliyi dərinləşdirir və davamlı həll yolu üçün perspektivləri azaldır.

Eyni zamanda, Azərbaycan və Ermənistan liderləri və xarici işlər nazirləri arasında konstruktiv və yüksək səviyyəli təmaslar bizi ruhlandırır. Gəlin qeyd edək ki: bu salonda son iştirakınızdan sonra Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyanı bir araya gətirdiniz. Daimi Şuraya təqdim etdiyiniz son hesabatınızdan bəri iki ölkənin xarici işlər nazirlərinin Milan, Paris, Moskva, Vaşinqtonda və BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən illik sessiyası çərçivəsində beş görüşünü təşkil etdiniz. Bu əlaqə səviyyəsi birbaşa və müsbət divident yaratmalıdır və yarada bilər. Tərəfləri əhalini sülhə hazırlamaq və gərginliyi azaltmaq üçün bu il ərzində müzakirə olunmuş konkret humanitar və təhlükəsizlik tədbirləri barədə razılığa gəlməyə çağırırıq. Bu il iyunun 28-də məhkumların eyni vaxtda sərbəst buraxılmasını da alqışlayırıq. Hələlik bu məsələlərdə razılaşma kifayət deyil. Biz tərəfləri bu razılaşmaları konkret hərəkətlərə çevirməyə çağırırıq. Tərəflərin öz xalqlarını barışa hazırlamaq, qarşılıqlı ittiham və günahlandırmadan çəkinməsinin vaxtı çatıb".

Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar təhlükəsizlik vəziyyətini sabitləşdirə və danışıqlar üçün daha konstruktiv mühit yarada biləcək etimad tədbirlərini və ermənilərlə azərbaycanlılar arasında artan dialoqu dəstəkləyir: "Dialoqda iştirak edənlər öz ölkələrinə qayıtdıqda təqib və cəzalandırma qorxusu olmadan bunu sərbəst şəkildə edə bilməlidirlər. Səfir Kaspşik, vəziyyəti qiymətləndirmənizi və qrupunuzun tərəflər arasında şəffaflıq və etimadın artırılması səylərini yüksək qiymətləndiririk. Bu iş əvəzsizdir və biz bu məsələdə sizi tam dəstəkləyirik. Həmsədrlərin vasitəçilik səylərini dəstəkləmək istiqamətində Slovakiya sədri ilə əməkdaşlığınızı və regionda vəziyyətin sabitləşdirilməsi üçün tərəflərlə sıx əməkdaşlığınızı yüksək qiymətləndiririk. Bu münaqişənin hərbi yolla həlli ola bilməz və "status-kvo" qəbuledilməzdir. Birləşmiş Ştatlar iştirakçı dövlətlərin bölüşdüyü, Helsinki Yekun Aktında əks olunduğu kimi, güc tətbiq etməmək və ya hədələməmək, ərazi bütövlüyü, xalqların bərabər hüququ və öz müqəddəratını təyin etməsi prinsiplərinə əsaslanan davamlı və dinc həll yolunu tapmaq üçün tərəflərlə işləmək öhdəliyinə sadiqdir".

635x100

Şərhlər

t.ədalət 2019-11-08 10:33:53

"Xalqların bərabər hüququ" şüarı ilə meydan sulayanlar,əslində müharibənin bitməsini istəmirlər. ABŞ da,Rusiya da Azərbaycanın genetik düşmənləridir.Onların başçılarını da erməni kimi xristian bir qadın doğub.Bir vedrə neftdən ötrü Suriyanı dağıdan bu əbləhlər Çində müsəlmanlara qarşı aparılan genosidə qarşı heç səslərini də çıxarmırlar.Unudurlar ki,Teymurləngi bir dəfə yaradan Allah,onu yenidən də yarada bilər..

Elli 2019-11-08 10:33:53

31 il də sülh yolu olar? Bəlkə "ömürlük" sülh yoluna keçək. Bağışlayaq torpaqlarımızı erməniyə,hə? Cavab ver mənim sualıma minsk qrupu əgər hər iki tərəfə eyni dərəcədə ədalətli mövqey nümayiş etdirirsinizsə. sizdə ədalət olsa idi biz çoxdan torpaqlarımızı almışdıq. Yetər artıq bəsdir məlikməmməd nağılı danışdınız. Bir balaca utanın, boş-boş danışmayın, artıq sizə heç kim inanmır.

Son yazılar