Özünü asan bələdiyyə sədrinin şok məktubu var

Müstəntiqdən heyrətamiz açıqlama: “Ona ağır maddə ilə cinayət işi açılıb və bu səbəbdən də o, intihar edib”

Göyçay rayonunda bələdiyyə sədri Mahmud Şıxməmmədovun intiharını hüquq müdafiəçisi Vidadi İsgəndərli də müstəqil şəkildə araşdıracaq. Bununla bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran hüquq müdafiəçisi deyib ki, artıq müəyyən məlumatlar əldə edib:

“Hazırda Göyçaya gedirəm. Əldə etdiyim məlumata görə mərhum Mahmud Şıxməmmədovun intihardan əvvəl məktub yazıb. O məktubunda icra başçısı Mansur Məmmədovun onu qanunsuz torpaq satmaqda ittiham etməsi, buna görə ondan 30 min manta rüşvət istənilməsini yazıb.

Qeyd edib ki, həmin pulu icra başçısına vermədiyinə görə onunla bağlı hüquq mühafizə orqanlarına şikayət olunub. Mən Göyçaya gedib məsələni ətraflı araşdıracağam. Bilirsiniz ki, Göyçay nəqliyyat naziri Ziya Məmmədovun kurasiyasındadır, rayonun icra başçısı Mansur Məmmədov da onun əmisi oğludur. Ona görə də Mansur Məmmədov nazir əmioğlusuna güvənib istədiyini edir”.

V.İsgəndərli araşdırmalarının nəticəsi haqda mətbuata əlavə məlumatlar verəcəyini də söylədi.

Qaynar.info-nun yaydığı məlumata görə bələdiyyə sədri ölümündən 1 gün əvvəl istintaqa çağırılıb. Bundan sonra bələdiyyə sədri kredit götürmək üçün bir neçə banka müraciət edib, lakin kredit götürə bilməyib. Göyçaydakı mənbənin bildirdiyinə görə, ondan külli miqdarda pulun tələb oldunduğu iddia edilir. Bu məbləğın hətta 30-50 min manat civarında olduğu deyilir. Mərhumun qardaşı oğlu Rahib Şıxməmmədov isə bildirdi ki, hazırda yas mərasimindədirlər və hadisə ilə bağlı ətraflı məlumat verəcəklər: "Müxtəlif versiyalar var. Dəqiq məlumatları sizə çatdıracağıq. İndi hüzür mərasimidir və başımız qarışıb". Məsələ ilə bağlı Göyçay rayon Prokurorluğunun böyük müstəntiqi Emin Qurbanov bildirib ki, bir müddət öncə Rayon Prokurorluğu tərəfindən bələdiyyə sədrinə Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi başlanıb: “Dələduzluqla ona cinayət işi açılıb. İstintaq materialları toplanaraq Rayon Polis Şöbəsinin İstintaq Şöbəsinə göndərilib. Cinayət işi ilə bağlı Polis Şöbəsi ilə əlaqə saxlamaq lazımdır. Dələduzluqla bağlı işə istintaq şöbəsi baxır. İş isə istintaq şöbəsinin müstəntiqi Saleh Muştaqovdadır. Bələdiyyə sədrinin intihar etməsinə gəlincə, hadisənin səbəbləri isə tərəfimizdən araşdırılır. Hələ ki, Mahmud Şıxməmmədovun hansı səbəbdən intihar etməsi bəlli deyil”.

İstintaq şöbəsinin müstəntiqi Saleh Muştaqov isə qaynar.info-ya bildirib ki, bələdiyyə sədrindən pul tələb olunması ilə bağlı yayılan məlumatlar əsassızdır: “Ona ağır maddə ilə cinayət işi açılıb və bu səbəbdən də o, intihar edib. İş Baş Prokurorluğun nəzarətindədir. Ondan rüşvət istəniləməsi ilə bağlı iddialar əsassızdır. Onun barəsində ağır maddə ilə - Azərbaycan Respublikası CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılmışdı. Cinayət işi Rayon Prokurorluğunda bu ayın 20-də başlanıb və polis şöbəsinə göndərilib. Onun intihar etməsi də bununla bağlıdır, çünki üstündə ağır maddə var idi”.

Maraqlıdır ki, müstəntiq Saleh Muştaqov bələdiyyə sədrinin intiharına əsas səbəb kimi ona cinayət işi başlanmasını deməkdən çəkinmir. Bu əməl isə Cinayət Məcəlləsinin 125- ci - özünü öldürmə həddinə çatdırma - maddəsinə tövsif olunmalıdır. Bəs prokurorluq bu hal üzrə hansı addımlar atacaq?

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov müvafiq sorğumuzu belə cavablandırdı: “Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertiza təyin edilib, ölümün səbəbləri istintaq yolu ilə araşdırılacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar