“Yeni Müsavat” 30 yaşında - YUBİLEY REPORTAJI

Ölkənin ən çoxtirajlı qəzetləri sırasında yer alan “Yeni Müsavat”ın yubileyidir. Qəzetin ilk sayının işıq üzü görməsindən 30 il ötür.

“Yeni Müsavat” 1989-cu ilin noyabrın 10-da Azərbaycan Milli Demokrat “Yeni Müsavat” Partiyasının mətbu orqanı kimi yaradılıb. Qəzetin qurucusu hazırkı baş redaktor Rauf Arifoğludur.

Həmkarlarımızı təbrik etmək üçün onların doğma ocağına yollandıq. Hər kəs iş başında idi, redaksiya qonaq-qaralı və gül-çüçəkli, həmkarlarımız isə sevincli idi.

Qəzetin əməkdaşı Nərgiz Liftiyeva deyir ki, müasir medianın uğurlarını “Yeni Müsavat” da bölüşür: “Biz təkcə oxucularımıza yox, eyni zamanda izləyicilərimizə töhfə vermək yolunda addımlayırıq”.

Könül İbrahim “Yeni Müsavat”ın gənclərindən sayılır: “Yeni Müsavat”ın sıralarında gənclərdən sayılıram. Bəzən deyirlər ki, iş də ailə kimi doğmadır. Bu doğrudan da belədir. Bura bizim üçün ikinci ev, doğma ocaqdır”.

Məğrur Salmanov özünü şanslı jurnalistlərdən hesab edir: “Yeni Müsavat”da çox təcrübəli jurnalistlər çalışır. Onlarla bir cərgədə addımlamaq bizim üçün böyük şansdır”.

“Yeni Müsavat” Minval.info saytının rəhbəri Məhəmməd Türkməndən bir yaş böyükdür: “Yeni Müsavat” Media Qrupuna daxil olan saytlardan biriyik. “Yeni Müsavat” Azərbaycan mətbuatının əsas sütunlarından biridir. Biz bu sütunu möhkəmlədən parçalardan ibarətik”.

“Yeni Müsavat” qəzeti həm də peşəkar jurnalistika məktəbidir. Tanınmış jurnalist Elşad Paşasoyun fikrincə, 30 yaş gənclik yaşının son ili sayılır: “Bu yaşın “Yeni Müsavat” üçün simvolik əhəmiyyəti də var. Həm də “Yeni Müsavat” gənc yaşında tarix yazan bir media orqanı kimi qocaman statusunu alıb. Rauf Arifoğlu elə bir məktəb yaradıb ki, artıq bu məktəbi akademiya hesab etmək olar”.

Dünya Sakit də “Yeni Müsavat”ı sözün əsl mənasında məktəb hesab edir: “Yeni Müsavat”da yazmağa başlamışam, burda tanınmışam. Özümü burda doğma evimdəki kimi hiss edirəm. Sevinirəm ki, burdakı imzalar içərisində mənim də payım var.

Etibar Seyidağanın sözlərinə görə, danılmaz həqiqətdir ki, «Yeni Müsavat»ı istər yayımı, istərsə də tirajı baxımından ön sırada dayanan kütləvi informasiya vasitəsidir: “Yeni Müsavat”da işləmək böyük məsuliyyətdir. Siyasət yazarı olduğumdan, bu məsuliyyəti daha çox hiss edirəm”.

Cavanşir Abbaslı da düşünür ki, Azərbaycan mətbuatının ana məktəbində çalışmaq, imza tanıtmaq bir şansdır.

Ənənəvi mediadan onlayn mediaya uğurlu transformasiyanın modelinə çevrilmiş qəzet Azərbaycanın hazırda media brendi statusundadır.

Baş redaktorun birinci müavini Azər Ayxanın sözlərinə görə, bu gün bir jurnalistin özünə arzusu bütün jurnalistikaya şamil olunur: “Jurnalistlərə daxil senzuranın olmamasını arzulayıram. “Yeni Müsavat” bizim üçün böyük dəyərdir. Doğma və gözəl kollektivimiz var. 30 ili bu kollektivlə birgə başa vurmaq bir şansdır”.

Baş direktor Ələsgər Süleymanlı deyir ki, “Yeni Müsavat”ın prioriteti Azərbaycan media məkanını xəbərlə təmin etməkdir: “İndi internet üzərindən TV yayımına da başlamışıq. Elə bilirəm ki, bu layihəmiz pis alınmır. Ümid edirəm ki, yayım genişlənəcək və analoq televiziya kimi yayımlanmaq şansımız da olacaq”.

Aygün Muradxanlı “Yeni Müsavat”ı Azərbaycanın yeni tarixini yazan salnamə sayır: “Bu, bir ardıcıl əməyin, böyük əzmin nümayişidir. Bu gün qəzetin ilk sayından son sayınadək izləmək yetərlidir ki, Azərbaycanın necə böyük bir yol keçdiyini görəsiniz”.

Musavat.com saytının redaktoru Xalid Kazımlının “Yeni Müsavat”a arzuları böyükdür: “Ən əsasi davam etməkdən ibarətdir. Arzuma gəlincə, daha böyük kollektivlə, daha gözəl illər görüb birlikdə çalışmaqdır. Bizim bundan sevdiyimiz işimiz də yoxdur. Uzun ömürlü olaq, oxucularımız çox və daimi olsun”.

Baş redaktor Rauf Arifoğlu qonaq-qaralı olsa da, bizə də vaxt ayırdı. Onun da arzularını eşidək: “30 il yol gəlib bir qəzeti yaşatmaq qələbəyə bərabərdir. Bunu bayram etmək haqqını özümüzü daşıyırıq. Hər bir əməkdaşımıza minnətdaram. Biz Azərbaycanda böyük bir proses aparırıq. Azərbaycanda müstəqil medianın yaranması və cəmiyyətə adaptasiya olunması prosesini yaşayırıq. Dünyanın heç bir yerində jurnalistləri sevmirlər, amma jurnalistlərə dözmək əmsalı ölkənin demokratikliyinin göstəricisidir. Bu əmsalı yuxarı qaldırmağı vətənə xidmət hesab edirik”.

Azərbaycan mediasının simvolu və rəmzi kimi 30 yaşını qeyd edən “Yeni Müsavat”çılara uğur diləyi ilə...

635x100

Şərhlər

Cəbrayıl 2019-11-08 14:57:43

30 yaş az yaş deyil.Amm Müsavat heç olmasa özünə hesabat verirmi? Axı hər partiyanın məqsədi,məramı olur.Yuxuda olaraq və özünü partiya hesab etmək nə demək olduğunu düşünən varmı? Bu 30 ildə Müsavat nəyə nail ola bilib?Bir hesabat verə bilərmi ki,belə bir partiyanın mövcudluğuna ehtiyac olsun.Formal,fəaliyyətsiz partiyaya ehtiyac varmı? Axı ilk "Müsavatçılar" belə inert,başsız olmayıb.İndiki belə müsavaıa nə ehtiyac var?Nə üzvlərinin,nə digərlərinin səsi duyulur.Yuxu...

Son yazılar