"ONU RƏSUL QULİYEV ELÇİBƏYDƏN XAHİŞ ETMİŞDİ..." - Pənah Hüseyn

Pənah Hüseyn Natiq Əliyevin cavabını verdi: “Bu, bir nazir üçün səviyyəsizlikdir”

Energetika naziri Natiq Əliyev “Azərbaycan” qəzetində yazdığı məqaləsində AXC hökuməti ilə bağlı şok açıqlama verib.

O, yazıb ki, ARDNŞ rəhbəri təyin olunandan sonra bütün xarici neft şirkətlərinin rəhbərlərini bir yerə toplayıb Ali Sovetdə iclas keçirib: “Səbəb ondan ibarət idi ki, həmin vaxta kimi 1992-ci ildən başlayaraq əvvəlki hakimiyyət dövründə qeyd olunan məsələ ilə bağlı BP şirkəti ilə ölkəmiz üçün əsla qəbul olunmayan, milli maraqları təmin etməyən səviyyədə danışıqlar gedirdi. “Azəri”, “Çıraq” yataqları, “Günəşli”nin dərinlikdə yerləşən hissəsi haqqında müqavilə bağlamaq niyyətində idilər. hətta “Şahdəniz” qaz layihəsi ilə bağlı eksklüziv danışıqlar aparılması üçün BP şirkətinə səlahiyyət verilmişdi. Bunun da müqabilində Xalq Cəbhəsinin funksionerləri demokratiyanın inkişafına yardım adı altında 10 milyon ABŞ dolları həcmində bonus almışdılar. İclasda mən birmənalı şəkildə ulu öndər Heydər Əliyevin adından bəyan etdim ki, bu günə kimi olan danışıqlar bütünlüklə kəsilir! Təxminən bir-iki ay danışıqların nəticələrini təhlil etdikdən sonra yenə konsepsiya hazırlayıb danışıqlara gedəcəyik. Beləliklə də, qeyd olunan müddətdə Azərbaycanın maraqlarının tam şəkildə ifadə olunduğu konsepsiya hazırlanaraq ulu öndər Heydər Əliyevə təqdim olundu. Həmin konsepsiyada xarici şirkətlərlə hansı prinsiplər əsasında işləməyin mümkünlüyü öz əksini tapdı. Bunun da əsasında 1994-cü ilin fevralın 4-də qeyd olunan məsələ ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən sərəncam imzalandı”.

AXC iqtidarında dövlət katibi və baş nazir vəzifələrində olan Pənah Hüseyn nazir Natiq Əliyevə cavab verib.

“Ümumiyyətlə, neft müqavilələrindən danışarkən AXC funksionerləri ifadəsini işlətmək bir nazir üçün səviyyəsizlikdir”, - deyə P.Hüseyn musavat.com-a açıqlamasında vurğulayıb.

O, nazirin dediklərini cəfəng və mənasız fikirlər hesab etdiyini deyib: “Guya Natiq Əliyev bu iqtidarın komandasında texnokartlardan sayılır. Gör nə vəziyyətə düşüb ki, hətta birbaşa daxili siyasətə aidiyyatı olmayan bir şəxs də bu hadisə ilə əlaqədar YAP-ın bölmə müdirləri səviyyəsində cəfəng ifadələr işlədir. Böhtan xarakterli məsələlərlə özünü də, bütün Azərbaycanı da biabır edir”.

P.Hüseynin sözlərinə görə, neft müqavilələri ilə bağlı danışıqlar AXC hakimiyyətindən əvvəl başlanıb: “Əvvəla, bu neft müqavilələrinin ətrafındakı danışıqlar hələ AXC hakimiyyətindən əvvəl başlamışdı və Ayaz Mütəllibovun dövründə ilkin danışıqlar olub. Elçibəy hakimiyyətə gəldikdən sonra yeni tender elan olundu. Məhz bir şirkətlə yox, konsorsiumun yaradılması ilə bu müqavilələr konsorsiumla imzalanmağa başladı. Sonda da beynəlxalq neft şirkətinin yaradılması başa çatdı. Yeri gəlmişkən, Elçibəy hakimiyyəti dövründə birbaşa olaraq ARDNŞ- SOCAR yaradıldı.

Yalnız prezidentə ümumi şəkildə tabe olaraq, dövlətin yüz faiz nəzarət etdiyi bir şirkət olaraq yaradıldı və Azərbaycan dövləti adından danışıqlar səlahiyyəti SOCAR-a verildi. Həmin danışıqlar birbaşa, demək olar ki, heç bir siyasi hakimiyyətə daxil olan şəxslər tərəfindən yox, Azərbaycanın o dövrdəki mütəxəssisləri, ekspertləri tərəfindən aparılırdı, müqavilələr üzərində iş gedirdi. Və demək əlbəttə ki, mütəmadi olaraq siyasi rəhbərlik, ölkənin prezidenti bu danışıqların gedişi ilə maraqlanırdı, məlumatlandırılırdı. Artıq 1993-cü ilin yayında, iyun ayında konsorsiumla müqavilənin demək olar ki, hazırlanması başa çatmışdı və 93-cü ilin iyulun əvvəllərində həmin müqavilənin imzalanması nəzərdə tutulurdu. Müqavilədə konsorsiumun operatoru kimi artıq BP çıxış edirdi. Yeri gəlmişkən, sonrakı, 94-cü ildə imzalanan müqavilənin də operatoru qismində BP şirkəti çıxış edirdi. Demək vəziyyət bundan ibarət idi ki, o vaxt Rusiya şirkətləri prosesdə iştirak etmirdi; o cümlədən hələ İran tərəfi də bu müqaviləyə daxil olmamışdı. Azərbaycanın ümumi payı isə 70 faiz idi və bu, sonrakı müqavilədən təxminən 30 faiz çox idi. Amma bu müqavilə imzalanmadı, təsdiq olunmadı və müzakirələrin gedişindən xatırlayıram ki, bir sıra məsələlərdə hətta xarici neft şirkətlərindən aldığı, əldə edəcəyi mənfəət payının bir hissəsinin Azərbaycanda sərf edəcəyi, Azərbaycanda dövlət sektoruna həmin pulların mənfəətindən investisiya yatırılması barədə cavab öz əksini tapmışdı. Odur ki, guya on milyon dollar əvəzinə hansısa şirkətə xüsusi səlahiyyətlərin verilməsi barədə danışmaq,- bir daha deyirəm ki, bu, ancaq formalaşmış belə bir mənəvi siyasi bir ənənədən irəli gələn məsələdir ki, bir dövləti on milyon naminə guya hansısa bir müqavilədə hansısa bir şirkətə xüsusi bir şans verilməsi barədə günahlandırasan. Bir daha deyirəm ki, bu sadəcə olaraq mənəviyyatsızlıqdır”.

P.Hüseyn N.Əliyevin məqaləsində göstərilən bonus məsələsinə də aydınlıq gətirib: “Bonus məsələsinə gəldikdə isə, hökumətlərarası danışıqlarda bir qayda olaraq belə bonuslar nəzərdə tutulur. Ancaq bu, hökumətin hesabına köçürülən vəsaitlərdir.

Bunun hər hansı bir şəkildə hansısa birbaşa məsələ ilə bağlanması bir daha təkrar edirəm, ancaq avam adamlar üçün nəzərdə tutulmuş ucuz təbliğatdır. Fakt ondan ibarətdir ki, məhz həmin müqavilələrin hazırlanması və imzalanması 1993-cü il qiyamının əsas səbəblərindən biri idi. Qiyamdan sonra ilk nəticə ondan ibarət oldu ki, əsas etibarı ilə Rusiyanın təzyiqi altında bu danışıqların nəticələri ləğv edildi də təxminən bu müqavilələrin imzalanması bir ildən çox ləngidildi. İndi ortalığa qoyub həmin müqavilə layihəsini, o layihə ilə sonradan imzalanmış layihələri müqayisə etsinlər. Onun hansının Azərbaycanın milli maraqlarına daha çox uyğun olub- olmadığını da sənədli, əsaslı bir dəlil irəli sürsünlər. Yoxsa o vaxt ölkədə, bölgədə vəziyyət Azərbaycanın zərərinə dəyişmişdi, məlum hadisələr üzündən. Ona görə də məhz bu baş verən dəyişikliklər nəticəsində müqavilənin şərtləri Azərbaycanın zərərinə dəyişdirildi, payı aşağı salındı, aparıcı idarəedici məsələlərdə ARDNŞ-in şəxsində ölkə ikinci plana keçdi. Ona görə də bu, yaranmış ümumi siyasi vəziyyətə görə idi, təzyiq imkanları çoxalmışdı və bu baxımdan da bu cür geriləmələr müqavilədə olmuşdu. Mən çox ayıb olsun deyirəm Natiq Əliyevə ki, üstündən iyirmi neçə il keçəndən sonra belə səviyyəsiz bir şəkildə bu böyük hadisələri gündəmə gətirir”.

Biz sabiq baş nazirdən soruşduq ki, Natiq Əliyevi tanıyırdımı və o zaman bu persona hansı vəzifədə işləyirdi? P. Hüseyn dedi: “Heç bu adamın həmin dövrdə hansı vəzifədə işləməsini mən xatırlamıram, şəxsən tanımamışam. Amma Rəsul Quliyev dəfələrlə prezidentdən, Əbülfəz Elçibəydən təkidlə xahiş edirdi ki, o, neftlə bağlı işlərə cəlb edilsin. Hətta Nazirlər Kabinetində 1993-cü ildə onun şöbə müdirliyinə təqdimatını vermişdi. Lakin şəxsi xarakteri, keyfiyyətlərilə bağlı onun məsələsi nə isə düyünə düşdü. İndi də boş-boş, mənasız danışır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar