Əvəz Zeynallını Vergilər Nazirliyinə çağırdılar - Məhdudlaşdırma qaldırılır (Yenilənib)

Vergi borcunun olması səbəbi ilə ölkədən çıxışına məhdudiyyət qoyulan "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı Vergilər nazirliyinə (indiki statusu ilə İqtisadiyyat nazirliyi) dəvət olunub.

Bu barədə baş redaktor özü məlumat yayıb: "... 4 idarə rəisinin iştirakı ilə müzakirə apardıq. İsrarla dedilər ki, qərəz, sifariş və şəxsi məsələ ilə əlaqədar deyil məhdudlaşdırma. Mən də arqumentlərimi dedim, onlar da dedilər. Əsas məsələ dərhal məhdudlaşdırmanın qaldırılmasıdır. Dedilər, olacaq. Səhər saat 12.00-da bir də görüşəcəyik. Vəkilimlə gedəcəyəm..."

Xatırladaq ki, Əvəz Zeynallı Türkiyəyə getmək istəyərkən dünən hava limanından geri qaytarılıb. Buna da səbəb guya üzərində vergi borcunun olması göstərilib. Jurnalist bu faktı qərəzli və siyasi sifariş olaraq qiymətləndirib.

***

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının ölkədən çıxışına qadağa qoyulub. Qadağa Vergilər Nazirliyinin müraciəti əsasında tətbiq edilib.

Bu barədə Əvəz Zeynallı özü məlumat verib. Baş redaktor bildirib ki, Türkiyədə təhsil alan övladlarının yanına getmək istəyərkən, bu qadağadan xəbər tutub. Jurnalis hadisəni belə təsvir edib:

“Tələbələrin yanına gedirdik Məlahət xanımla. Son keçid xidmətindən buraxmadılar məni. Vergilər Nazirliyi məhdudiyyət qoyubmuş. Niyə? Borcum varmış. 2011-ci ildə məni şərləyib həbs etdirəndən sonra mənə qarşı saxta cərimələr də elan etdilər. Sonra İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə azadlığa çıxdım. Amma Vergilər Nazirliyi məndən əl çəkmədi. Məhkəmə hakimləri ilə görüşdüm, cərimə tələbinin heç bir qanuni əsasının olmadığını dedilər. Prezidentin əfv etdiyi adamdan Vergilər Nazirliyi saxta cərimələri necə tələb edə bilər axı?!...”.

Ə.Zeynallının vəkili Elçin Sadıqov da jurnalistə 5 ildən sonra tətbiq edilən mədudiyyəti qeyri-qanuni sayır. E.Sadıqov bildirib ki, məhkəmə qərarı olmadan Vergilər Nazirliyinin bu tip qərarlar verməsi qanuna ziddir. “Əvəz Zeynallının ölkədən çıxışına İqtisadiyyat Nazirliyi qadağa qoyub. Səbəb 2011-ci ildəki saxta ittiham üzrə hesablanmış uydurma məbləğin ödənilməməsidir. Vergi Məcəlləsinə görə vergi orqanlarının hesablanmış vergini 5 il ərzində tələb etmək hüququ var. Bu müddətin keçməsinə görə və DSX-nin bizə bildirməsinə görə məhkəmə qərarı olmadan borclunun ölkədən çıxışına qadağa qoyulması tamamilə qanunsuzdur”.

“AzPolitika”

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar