""ŞPRİS” ZAVODUNUN TALEYİ HÖKUMƏTİN ƏLİNDƏDİR!" – Zavod rəhbərliyi və deputatlar real tədbirlər gözləyir

 

Vahid Əhmədov:Çindən keyfiyyətsiz şprisləri gətirənlər yerli şprislərin bazara çıxmasının və zavodun istehsal gücünün tam həyata keçirilməsinin qarşısını alırlar”

Aytən Quliyeva: “İstehsal etdiyimiz məhsulun böyük hissəsi anbarlara yııilır”

Bir neçə gün əvvəl Bakıda səhiyyə sahəsinin peşəkarlarını bir araya gətirən “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi keçirilib. Sərgidə aparıcı yerli və beynəlxalq istehsalçılar, eləcə də distribyutorlar ölkənin səhiyyə klinikalarını təkmilləşdirməyə və müalicənin effektivliyini artırmağa kömək etmək məqsədilə öz yeni məhsul və xidmətlərini nümayiş etdiriblər.

Sərgidə dünyanın 12 ölkəsindən, o cümlədən Almaniya, İran, İtaliya, Qazaxıstan, Pakistan, Rusiya, Yaponiya və digər ölkələri təmsil edən 70 şirkət iştirak edib.

Azərbaycan isə sərgidə distribyutor və “Made in Azerbaijan” brendi altında çıxış edən istehsalçılar tərəfindən təmsil olunub.

Onlar arasında “Diamed Co” şpris istehsalı zavodu Azərbaycanı təmsil edən ən böyük və yeganə tibb məhsulları istehsal edən müəssisə kimi həm jurnalistlərin, həm də tədbirə qatılan qonaqların - deputatların, ayrı-ayrı nazirliklərin təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət xadimlərinin diqqət mərkəzində idi.

Bəlkə də, bunun səbəblərindən biri də, Azərbaycanın istehsalı olan şprisləri yalnız sərgidə görməyin mümkünlüyüdür. Zavod artıq 6 aydır məhsul istehsal etsə də, apteklərdə yerli şprislərə rast gəlmək mümkün deyil.

Qeyd edək ki, Azərbaycanda şprisə olan illik tələbat 135 milyon ədəddir. Bu il mayın 16-da Prezident İlham Əliyevin iştirakı ilə Pirallahı Sənaye Parkında açılışı edilən “Diamed Co” şpris istehsalı zavodunun illik istehsal gücü 150 milyon ədəd şprisdir. Ancaq qeyd etdiyimiz kimi, zavodun məhsullarına nə apteklərdə, nə dövlət xəstəxanalarında, nə də özəl klinikalarda rast gəlmək mümkndür.

“AzPolitika.info” saytı olaraq bunun səbəbləi barədə

V.Əhmədov qeyd etdi ki, Azərbaycan bazarında xaricdən, xüsusilə Çindən gətirilən şprislər üstünlük təşkil edir: “Bu şprisləri gətirənlər yerli şprislərin bazara çıxmasının və zavodun istehsal gücünün tam həyata keçirilməsinin qarşısını alırlar. Yerli istehsalda olan şprislərin əsas hissəsi olan iynə Yaponiyanın “Nipro” şirkətindən gətirilir. Bu iynələr çox-çox keyfiyyətlidir. Çindən gətirilən şprislərin ədədi 3 qəpiyədir, yerli istehsalda olan şprislər isə 6 qəpiyə təklif olunur. Keyfiyyəti nəzarətdə olmayan şprisləri bazara buraxıblar. Daha keyfiyyətli şpris istehsal edən zavod isə tam gücü ilə işləyə bilmir. Zavod bütün gücü ilə işləyə bilsə, illik 135 milyon şprisə olan tələbat tam ödənilər və xaricdən şpris almağa ehtiyac qalmaz”.

Deputatın sözlərinə görə, büdcə müzakirələrində problemi nazirin də diqqətinə çatdırıb: “Büdcə müzakirələrində İqtisadiyyat naziri Mikayıl Cabbarovdan bu məsələnin diqqətdə saxlanılmasını xahiş etdim. İnanıram ki, cənab Nazir problemin tez bir zamanda həll olunması üçün tapşırıqlarını verəcək”.

V. Əhmədov keyfiyyətsiz şprislərin Azərbaycan bazarına daxil olmasında, Səhiyyə Nazirliyilə yanaşı digər qurumların da məsuliyyəti olduğunu bildirdi: “Burada hamı məsuliyyət daşıyır. Zavod cənab Prezidentin qarşıya qoyduğu qeyri-neft sektorunun inkişafına mühüm töhfə ola bilər. Çalışmaq lazımdır ki, zavod tam gücü ilə işləsin. Buna mane olanları araşdırıb tapmaq lazımdır”.

Məsələ ilə bağlı sərgidə iştirak edən deputat Musa Quliyevin də fikirlərini öyrəndik. “Azpolitika.info”ya açıqlamasında deputat ölkəyə mənşəyi məlum olmayan, təhlükəli şprislərin gətirildiyini istisna etməsə də, bunun kütləvi xarakter daşımasına dair fikirləri qəbul etmədi.

Ancaq idxal olunan məhsulların hansı keyfiyyətdə olmasından asılı olmayaraq deputat daxili istehsalı qorumağın və stimullaşdırmağın lazım olduğunu bildirdi: “Daxili istehsalı qorumaq üçün isə həm dövlətin dəstəyi lazımdır, həm də cəmiyyətin yerli məhsula münasibəti dəyişməlidir. Azərbaycanda istehsal olunan şprislər yüksək keyfiyyətli şprislərdir. Bunun geniş şəkildə reklamı aparılmalıdır. Digər tərəfdən Səhiyyə Nazirliyinin, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin tabeliyindəki xəstəxanaların, hospitalların ildə ən azı 50 milyon ədədə yaxın şprisə tələbatı olur. Bunlar şprisi zavoddan alarsa, böyük dəstək olar.

M.Quliyev ümid etdiyini bildirdi ki, adlarını çəkdiyi nazirliklər növbəti ildən şprisləri zavoddan alacaqlar: “Büdcə müzakirələri başlayıb, biz bütün bu məsələləri deyəcəyik. Ümid edirəm ki, müsbət həllini tapacaq.”

Məsələylə bağlı tədbirdə iştirak edən “Diamed Co” MMC-nin təsisçisi və direktoru Aytən Quliyevanın da fikirlərini öyrəndik. O bildirdi ki, ölkə Prezidenti İlham Əliyevin diqəti, qayğısı və iştiraki ilə açılan zavod artıq 6 aydır fəaliyyətə başlayıb: “Bu müddətdə zavodumuz dayanmayıb. Və 15 milyondan artıq müxtəlif ölçüdə şpris istehsal etmişik. Şatışa gəldikdə isə bəzi özəl klinikalara satışlar həyata keçiririk. 2020-ci ildən məhsulumuzu İcbari Tibbi Sığorta Agentliyinə də satmaq niyyətindəyik. Yerli istehsala göstərdiyi münasibətə görə İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyinə təşəkkür etmək istəyirəm. Ancaq hələlik apteklərdə satışımız olmadığından, əhalini öz yerli şprislərimizlə təmin edə bilmirik. Düzdür, “Avromed” və digər bir neçə firma ilə danışıqlar aparılır. Amma hələlik satış etməmişik”.

Aytən Quliyeva bunun səbəbini ölkəyə çox ucuz şprislərin gətirilməsi ilə bağladı: “Müvafiq qaydalar olmadığından, ölkəyə keyfiyyətsiz şprislərin gətirilməsinə heç bir maneə törədilməyib. Yəni, ölkədə mənşəyi bilinməyən ucuz şprislər satılıb, satılmaqdadır. Firmalar belə şprisləri həddən artıq ucuz qiymətə aldıqlarından, biz onlarla rəqabətə girə bilmirik. Firmaların bizim məhsulları almamasının səbəbi də budur. Firmalar həmin şprisləri təxminən 2 qəpiyə alıb, 10, 15, 20 qəpiyə satırlar. Bizim şprisləri isə 6 qəpiyə alıb həmin qiymətə satmalıdırlar. Arada yaranan fərq onlara nisbətən az gəlir əldə etmək imkanı verdiyi üçün bizim keyfiyyətli şprislərdən imtina edir, mənşəyi məlum olmayan şprislərə üstünlük verirlər. Ancaq bu da əhalinin sağlamlığı üçün təhlükəli ola bilər. Bilinmir ki, sterildir, ya deyil, hansı ölkədən gəlir və s. Müharibə şəraitində olan bir ölkə olduğumuzdan, bunlara diqqət yetirməyimiz lazımdır. ”

A.Quliyevanın sözlərinə görə, artıq neçə müddətdir ki, bu problemin həllinə çalışırlar: “Bir qədər əvvəl, hələ cənab Şahin Mustafayev İqtisadi İnkişaf Naziri olarkən, bu problemlə bağlı geniş bir toplantı keçirildi. Bilirsiniz ki, qanunvericiliyə görə, şprislər dərman vasitələrinə bərabər tutulur. Amma müvafiq standartlar təsdiqlənmədiyindən, hazırda idxal edilən şprislər gömrükdən yoxlanılmadan buraxılır. Biz də çalışırıq ki, bu qaydalar təsdiq edilsin və ölkəyə idxal edilən şprisləin keyfiyyəti yaxşılaşsın. Çünki bu həm əhalinin sağlamlığı baxımından vacibdir, həm də yerli isehsalın qorunması baxımından. Əgər, doğrudan da, ölkəyə keyfiyyətli şprislər gətirilərsə, biz rahat şəkildə onlarla rəqabət apara bilərik. Ancaq keyfiyyətsiz, sağlamlıq üçün təhlükəli şprislər çox ucuz olduğundan, yüksək keyfiyyətli yerli məhsulun qiymət baxımından onlarla rəqabət aparması qeyri-mümkündür.”

A.Quliyeva qeyd etdi ki, şprislərlə bağlı müvafiq qaydalar Səhiyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilməlidir: “Təxminən üç ay öncə məktubla müraciət etsək də, hələlik təsdiqlənməyib. Bundan əlavə, İqtisadiyyat Nazirliyi də çoxsaylı tədbirlər görüb, ancaq hələlik problem həll olunmamış qalır.

Qeyd edək ki, Səhiyyə Nazirliyi keyfiyyətsiz və mənşəyi məlum olmayan şprislərin ölkəyə buraxılmasının səbəbini onları yoxlamaq üçün müvafiq laboratoriyaların olmamaması ilə izah edir.

Bununla bağlı, A.Quliyeva bildirdi ki, bu problemin də həllinə kömək etməyə hazırdırlar: “İqtisadiyyat Nazirliyi yanında toplantı olan zaman, Səhiyyə Nazirliyinin müavini Elsevər Ağayev də orada iştirak edirdi. Mən orada təklif etdim ki, hələlik Səhiyyə Nazirliyinin müvafiq laboratoriyası olmadığından, onlar idxal olunan şprisləri yoxlamaq üçün zavodun laboratoriyasından təmənnasız olaraq istifadə edə bilərlər. Dövlət bu istiqamətdə laboratoriya qurana qədər onların ekspertlərinə zavodun laboratoriyasından istifadə etmək üçün hər cür şərait yaratmağa hazırıq. Ancaq hələlik bununla bağlı hər hansı bir cavab yoxdur. Düzdür, hamı deyir ki, idxal olunan şprislər yoxlanılmalıdır, qaydalar təsdiq olunacaq və s., ancaq problem həll olunmamış qalır. Hazırda idxal olunan, mənşəyi məlum olmayan şprisləri firmaların təqdim etdiyi sertifikatlara əsasən ölkəyə buraxırlar. Ancaq hamıya məlumdur ki, bu sertifikatları hansısa yollarla saxta şəkildə də əldə etmək olar. Qeyd etmək istyirəm ki, dünyanın heç bir ölkəsində şprislər yoxlanılmadan ölkəyə buraxılmır”

A.Quliyeva sonda bildirdi ki, zavod bugün fəaliyyət göstərsə də, qeyd olunan problemlərə görə, tam gücü ilə işləyə bilmir: “Bugün istehsal etdiyimiz məhsulun böyük hissəsi anbarlara yığılır, bir hissəsi isə özəl klinikalara verilir. Gözləyirik ki, Səhiyyə Nazirliyi şprislərlə bağlı müafiq qaydaları təqdim etsin və Nazirlər Kabineti tərəfindən qaydalar təsdiq olunsun. Bununla da bizim üçün də normal rəqabət mühiti yaradılsın. Əgər bu olarsa, zavod da öz məhsullarını rahat şəkildə reallaşdıra bilər. Yəni, bu gün zavoun gələcək taleyi hökumətin əlindədir. Ümid edirik ki, bu istiqamətdə lazımi tədbirlər görüləcək.”

İ. İsmayılbəyli

AzPolitika.info

635x100

Şərhlər

İlqar 2019-11-12 21:23:12

Hökumət nə işlə məşğuldur, niyə inhisarçıların qarşısı alınmır? Əhalini sağlamlığını kim qoruyacaq? Zavod açılr bir müddət sonra bağlanılrs, hansı iqtisadi inkişafdan danışmaq olar?

Orxan 2019-11-12 21:23:12

Niyə Çindən şpris gətirlir? Pirallahıda zavod onda niyə tikilib? Bunu niyə heç kim soruşmaq istəmir

Bahadur 2019-11-12 21:23:12

İnhisarçılar yerli istehsalın inkişfəna imkan vermək istəmir....

Son yazılar