İspaniyada koalisiya hökuməti yaradılır?

İspaniya hökumətinin sədri vəzifəsini icra edən İspan Sosialist Fəhlə Partiyasının baş katibi Pedro Sançes və solçu “Podemos” partiyasının lideri Pablo İqlesias koalisiya hökuməti yaradılması haqqında ilkin sənəd imzalayıblar.

İmzalama mərasimindən sonra çıxış edən Pablo Sançes deyib ki, seçkilərdə ispan xalqı öz iradəsini nümayiş etdirib və biz dalandan çıxmaq üçün vəziyyəti qaydasına salmalıyıq. “Siyasi layihə o qədər böyükdür ki, aramızda olan hər hansı fikir ayrılıqları arxa planda qalır. Bu saziş dörd il müddətinə nəzərdə tutulub”, -deyə o əlavə edib.

Qeyd olunub ki, yeni hökumət etimad və əməkdaşlıq zəminində formalaşacaq.

Pedro Sançes sazişin detallarını açıqlamayıb. Yerli KİV-lərin məlumatına görə, imzalanan sənəddə İqlesiasın yeni kabinetdə Baş Nazirin müavini vəzifəsini tutacağı nəzərdə tutula bilər. O da bildirilir ki, sazişdə Kataloniya ilə birgəyaşayış və siyasi həyatın normallaşması da yer alıb. Bunun üçün Konstitusiya çərçivəsində siyasi dialoqa üstünlük veriləcək.

AzərTAc xatırladır ki, noyabrın 10-da İspaniyada keçirilmiş ümumi seçkilərdə İspan Sosialist Fəhlə Partiyası qələbə qazansa da (350 yerdən cəmi 120-si), parlamentdəki deputat sayı hökumət formalaşdırılması üçün yetərli olmayıb. “Podemos” isə 35 mandat əldə edib. Bu səbəbdən digər siyasi partiyaların da dəstəyi tələb olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar