ƏRDOĞAN TRAMPDAN NƏ QOPARA BİLDİ? – “Təsdiq olundu: Əsas problem “S400”-dür”

İlk baxışda prezident Ərdoğanın ABŞ-a səfəri heç bir nəticə vermədi. Əslində bu, belə də gözlənilirdi. Deyə bilərik ki, liderlər bizə məlum olan bəyanatları təkrarladılar. Lakin nə vaxt ki, biz sətirlər arasını diqqətlə oxumağa çalışırıq, onda tamamilə başqa mənzərəylə qarşılaşırıq.

Ankara və Vaşinqton arasında gərginlik yaradan ən böyük problem heç də “YPG”, Fətullah Gülənin (FETÖ) terror təşkilatı, Vaşinqtonda “general” adlandırılan terrorist Mazlum Kobani, Suriyadakı təhlükəsizlik zonası və ya Trampın təhqiredici məktubu deyil. Başlıca problem “S-400” raketləridir.

ABŞ prezidenti bu mövzunu mətbuat konfransına daşıyıb və bəyan edib ki, “S-400”-lər problem yaradır. Bir sözlə, Vaşinqton deyir: “Aldınız, amma işlək hala gətirməyin, qoyun qutuda qalsın!”

Əgər Türkiyə, hər halda bu sistemi işə salsa nə olar? Onda ağır sanksiyalar başlayacaq. Sanksiyalar barəsində qanun layihəsi Senatın masası üstündədir. Nə vaxt raketlər yerləşdiriləcəksə, onda sanksiyalar, yüz faiz olmasa da, böyük ehtimalla təsdiq ediləcək.

Bu yaxınlara kimi, yəni Ərdoğan və Trampın görüşünə qədər Ankarada belə əhaval-ruhiyyə vardı: Senat sanksiyalar barəsində qanun layihəsini qəbul edəcək, amma Tramp ona veto qoyar və ya həyati vacib maddələri zəiflədər. Lakin Tramp heç də belə düşünmürmüş.

Amerikan lideri Türkiyənin raketləri yerləşdirməsinə susmayacağına və bu məsələdə Senatla eyni mövqeni bölüşdüyünə eyham vurdu.

Onu da nəzərə almaq lazımdır ki, Trampın başı impicment prosesinə qarışıb və növbəti il prezident seçkiləri keçiriləcək. Tramp Türkiyənin xeyrinə barmağını da hərəkət etdirməycək.

Lakin elə görünür ki, hansısa aralıq formula tapılıb. ”S-400” probleminin həll edilməsiylə bağlı milli təhlükəsizlik müşavirlərinin iştirakıyla komissiya yaradılması qərara alınıb. Bu komissiya məsələnin həlliylə məşğul olacaq.

Buna nə qədər vaxt gedəcək? Dəqiq müddət yoxdur! Ankara gələn ilin aprel ayında “S-400” raketlərini fəaliyyətə gətirmək niyyətindədir. Həmin vaxta kimi komissiya problemin həllini tapa biləcəkmi? Çətin! Həm də, əgər məsələnin həlli komissiyaya tapşırılıbsa, deməli həll yolu axtarılmır, sadəcə zaman qazanmağa cəhd göstərilir.

“S-400” problemi öz yerində qalacaq. Biz ABŞ-dakı seçkiləri gözləyək. Trampın seçilməməsi halında biz yeni prezidentlə danışıqlar aparacağıq.

O ki qaldı YPG-yə, həmin güclərin bizim sərhəddimizdən 30 kilometr geri çəkilməsinə, bu məsələdə bizim ABŞ-la deyil, Rusiya ilə didişməmiz lazımdır, çünki ABŞ bu bölgəni ruslara buraxıb.

YPG əsas gücləriylə birlikdə (dağlarda və sərhəddə yerləşdirilənlər də daxil olmaqla) cənuba çəkilir.

ABŞ müdafiə naziri Mark Esper jurnalistlərin suallarını cavablandıranda deyib ki, ABŞ “Demokratik Suriya Gücləri”nə dəstək verməkdə davam edir (Onların 80%-ni YPG təşkil edir). Razılaşma mətnində yer almasına baxmayaraq, ABŞ-ın YPG-dən ağır silahları yığmayacağı aydındır, ən pisi odur ki, onlara yeni silahlar verəcəklər.

ABŞ əvvəlki kimi YPG-ni İŞİD-lə mübarizədə ən mühüm güc sayır. Təbii ki, İŞİD bir bəhanədər, ABŞ istəyir ki, YPG-ni həm də İrana qarşı lokal silahlı güc kimi saxlasın.

Siz soruşursunuz ki, bəs iqtisadi sanksiyalar? Sanksiyaların taleyi “S-400”-lərdən asılıdır. Bu sanksiyalardan nəinki “S-400” raketlərinin taleyi, həmçinin “F-35” qırıcılarının taleyi asılıdır. Yaxşı, görəsən Fətullah Gülənin ekstradisiyası, Halkbank kimi məsələlərdə irəliləyiş varmı? Bütün bu problemlər öz yerində dondurulmuş vəziyyətdə qalır.

Ərdoğanın Vaşinqtona səfərinin qısa icmalı belədir. (“T24”-Türkiyə)

“AzPolitika”nın əlavəsi: Ankaranın “S-400” zenit-raket kompleksi alması artıq hərbi təchizat məsələsindən çıxıb. Bu, artıq siyasi məsələ kimi xarakterizə olunur. Niyə? Çünki Türkiyə NATO-nun üzvüdür və həmişə əsasən ABŞ silahları ilə təchiz olunub. Sözsüz ki, digər düşərgədən hansısa yüngül atıcı silah alınmasına ABŞ bu qədər ciddi reaksiya verməzdi. Ancaq “S-400” raketinin alınması artıq strateji məsələyə çevrilir. Belə ki, bu gün Rusiya silahı alan Türkiyə, sabah ruslardan digər silahlar - tanklar, qırıcı təyyarələr, sualtı qayıqlar, freqatlar və sairə almağa girişə bilər. “S-400” raketinin özəlliyi onun proqram sistemi ilə bağlıdır və hələ Rusiyanın bu məsələdə necə davranacağı bəlli deyil. ABŞ Türkiyəyə deyir ki, əgər “S-400” əldə etmək fikrindəsənsə, onda mən sizi “F-35” proqramından çıxaracam, çünki radarlara yaxalanmayan bu təyyarələrin elektron şifrə sisteminin rusların əlinə keçməyəcəyinin təminatı yoxdur. Türkiyə isə bildirir ki, yaxşı, bəs siz bizə indiyə qədər “S-400”-ün analoqu olan ABŞ istehsalı “Patriot” raketlərini nə üçün verməmisiniz? Amerikanlar cavab verirlər ki, gəlin bunu müzakirə edək. Lakin müzakirə edək sözü hələ razılıq vermək anlamına gəlmir. Təbii ki, türk raket mühəndisləri sakit oturmayıblar, onlar “S-400” və “Patriot” sistemlərinə bənzər raket kompleksinin hazırlanması üzərində işləyirlər, amma bunun ərsəyə gətirilməsinə xeyli vaxt lazımdır.

O ki qaldı “YPG”-yə, bəllidir ki, onlara silahı ABŞ verib və amerikanlar həmin güclərə istifadə materialı kimi baxır. Yəni onların mövcudluğu geostrateji mövqe uğrundakı mübarizədən asılıdır. Elə saxta erməni genosidi məsələsi də təzyiq instrumentidir və bunu türklərə qarşı daima çarx kimi fırladırlar. İndi Türkiyə əslində yol ayrıcındadır, taktiki gedişlərlə strateji məqsədə doğru düzgün addım atılmalıdır. Bəli, ABŞ Türkiyəyə qarşı ikili standartla yanaşır və siyasətdə belə şeylər təəccüblü sayılmamalıdır. Amma Türkiyə NATO üzvü olmasını da unutmamalıdır, hər necə olsa da, digər alternativ hələlik yoxdur.

Rusiyaya güvənmək olarmı? Bu, üzərində baş sındırılası mövzudur. Ona görə ki, bu, təkcə Rusiya dövlətinin istəyilə bağlı məsələ sayılmamalıdır. Rusiya dövləti elə də nəhəng gücə malik deyil, Sovet İttifaqının qüdrətindən əsər-əlamət qalmayıb, Rusiya çox vaxt blef edərək, özünü güclü göstərməyə çalışır. Bəli, tarixdən bəllidir ki, Lenin və Mustafa Kamal arasındakı anlaşma Türkiyəyə xeyir verdi, amma Lenin və bolşeviklər ideologiyaya bağlı idilər və onlar düşünürdülər ki, Türkiyə kommunizm yoluna qədəm qoyacaq. İndiki Rusiyada hansı ideologiya var? Heç nə? Son yüz ildə çox şey dəyişib və ona görə də, Türkiyə siyasi isteblişmenti dünyadakı geostrateji yerdəyişmələri düzgün dəyərləndirməlidir.

Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar