“OLİQARXİYA ASANLIQLA GETMƏYƏCƏK...” – “Azərbaycanda yeni mərhələ başlayıb”

“İslahatların tərəfdarları, imitasiya edənlər və islahatlara açıq-gizli formada qarşı çıxanlar var”

“AzPolitika.info” Baş Nazirin sabiq müavini, Milli Məclisin deputatı Əli Məsimli ilə kadr islahatları, monopoliya, islahatlara mane olan qüvvələr mövzusunda söhbətləşib.

Müsahibəni təqdim edirik:

- Əli bəy, son aylarda ölkədə baş verənləri çox vaxt “yeni mərhələnin başlanğıcı” kimi qiymətləndirirlər. Bu qiymətləndirmə ilə razısınızmı?

- Bəli, Azərbaycan öz inkişafının yeni mərhələsinə daxil olub. Baş verənləri müxtəlif cür adlandırmaq olar. Mənə görə, bunu şərti olaraq “postneft mərhələsi” adlandırmaq lazımdır. Bu da o anlamı verir ki, artıq neft amilinə əsaslanan iqtisadi modeldən insan amilinə əsaslanan innovasiyalı inkişaf modelinə keçid başlanır. Keçid isə hər şeydən öncə ciddi islahatları tələb edir. Prezidentin çıxışında da xüsusi olaraq vurğulanır ki, islahatların alternativi yoxdur. İslahatlar deyəndə ilk növbədə yeniləşmədən söhbət gedir. Müxtəlif istiqamətlərdə yeniləşmə ola bilər, amma çoxcəhətli yeniləşməni həyata keçirmək üçün ilk olaraq təfəkkür və düşüncə tərzində yeniləşmə olmalıdır. Yaşadığımız dövrün proseslərinə baxışda yeniləşmə olmalıdır. Bunu da müxtəlif vasitələrlə həyata keçirmək olar. Birincisi, bu, sistemin yeniləşməsi istiqamətində atılan addımları da özündə ehtiva etməlidir. Prosesi sürətləndirmək üçün isə yeni təfəkkürə malik, müasir dövrdə gedən proseslərdən baş çıxaran, bu prosesləri analiz edib qərar qəbul etmə səviyyəsində təkliflər irəli sürə bilən insanların idarəetmə prosesində çəkisinin çox olması tələb edilir. Bu baxımdan indi həyata keçirilən islahatlar kadr dəyişikliyi ilə müşayiət olunur. Burada diskusiya xarakteri “kadr dəyişikliyi islahat deyil və ya islahatdır” mövzusu da müzakirə oluna bilər. Əgər kadr ölkədə gedən proseslərə müəyyən dərəcədə təsir göstərə biləcəksə, bu islahatdır. Fikrimcə, əgər yeni kadr təsir göstərə bilməyəcəksə və köhnə labirintin içərisində əvvəlki kimi fırlanmaqda davam edəcəksə, bu, təbii ki, islahat olmayacaq. Mən ad çəkmədən hesab edirəm ki, kadr dəyişiklikləri zamanı irəli çəkilən bir sıra insanlar var ki, onlar yeni təfəkkürə sahibdirlər, proseslərə baxışları əvvəlki kadrlarla müqayisədə fərqlidir. Gerçəkdən müasir dövrdə gedən proseslərin məntiqini tutub, o məcrada işlərin aparılmasına potensialı çatan insanlardır. Bu mənada, belə tipdə olan kadrların irəli çəkilməsini müsbət qiymətləndirirəm.

- Ramiz Mehdiyev, Hacıbala Abutalıbov, Əli Həsənov kimi yüksək çinli məmurların vəzifələrindən uzaqlaşdırılması həm də Azərbaycanın SSRİ-dən qalma idarəçilik təfəkküründən imtina etməsi kimi yozulur...

- Baltikyanı üç ölkəni çıxmaq şərti ilə, postsovet ölkələrinin çoxunda idarəetmə sistemində bir balaca dəyişilmiş sovet idarəetmə sisteminin elementləri özünü göstərir. Burada da qeyri-adi bir şey yoxdur. Çünki köhnə sistemdən yeni sistemə keçilən zaman onun bir sıra mənfi və müsbət cəhətlərinin daşınması obyektiv labudlükdür. Yəni məsələnin obyektiv tərəfi bundadır.

Digər tərəfdən isə, sovet sisteminə xas olan kadrlar daha çox proseslərin idarəolunmasında mütləq mərkəzləşdirilmiş modelə üstünlük verirlər. Hər şey mərkəzləşdirilmiş formada idarə edilir, hətta bölgü də elə mərkəzləşdirilmiş formada olur. Bu, müəyyən vaxt kəsiyində effektiv olsa da, bir müddətdən sonra faydalı iş əmsalı aşağı düşür. Effekt aşağı düşən zaman hər bir ölkənin analitikləri göstərir ki, proseslər institusional dalana dirənir və dalandan çıxmaqdan ötrü mütləq islahatlar lazımdır. İslahatları aparmaq üçün islahatlar proqramı, siyasi iradə, bu islahatları aparmağa qadir olan islahatçı kadrlar və maliyyə resursları lazımdır. Bu dörd komponentə baxanda görürük ki, bizdə 2025-ci ilə qədər və ondan sonrakı dövrü əhatə edən və proqram sayılacaq sənəd var. Bu sənədin pis və yaxşı olmasından asılı olmayaraq, onu proqram adlandırmaq olar. Azərbaycan Prezidentinin xüsusən son dövrlərdəki çıxışlarında hər şeyi öz adı ilə adlandırıb, açıq mətnlə korrupsiya, monopoliya haqqında danışması, habelə şəffaflığın artırılmasının zəruriliyi, gənc və müasir dövrə uyğun kadrların irəli çəkilməsi kimi məsələləri qeyd etməsi göstərir ki, siyasi iradə var. Kadr məsələsinə gəldikdə, bir müddətdən sonra aparılan kadr islahatlarının gözləntiləri nə dərəcədə doğrultduğu aydın olacaq. Amma indidən demək olar ki, önə çəkilən kadrların bir hissəsi həm Qərbdə yüksək səviyyəli təhsil aldıqları, həm də özünün intellektual keyfiyyətlərinə görə tapşırlan işləri yüksək səviyyədə yerinə yetirə bilərlər. Məsələyə bu prizmadan yanaşanda müasir çağırışlara cavab verən, təmiz, tapşırılan işləri keyfiyyətli şəkildə həyata keçirməyə qadir olan kadrların sayı artmalıdır ki, onlar aparıcı qüvvə olsun. Amma burada mütləq kadr məsələsində gənc, orta və yaşlı nəslin kombinasiyası alınmalıdır. Aparıcı qüvvə orta nəslin nümayəndələri olmalıdır, çünki onların azı 20 il təcrübəsi var, yaşlı nəslin kifayət qədər kreativlik qabiliyyəti olan hissəsi var ki, onlar ideya generatoru kimi çıxış edir və onların sanbalından istifadə oluna bilər. Gənclik isə təcrübəsiz olsa da, qafası aydındırsa, düşüncə tərzi sağlamdırsa, təmiz kadrdırsa, uzağı bir il ərzində ona tapşırılan sahəni öyrənəcək, ağırlığı üzərinə götürərək dövlət və cəmiyyət üçün müsbət işlər görə biləcək.

- İndi cəmiyyəti daha çox narahat edən məsələ monopoliya və oliqarxiyadır. Kadr islahatlarının davamı olaraq bu iki problem aradan qaldırıla bilərmi?

- Burada iki məqam var. Məsələn, Azərbaycanda oliqarxiya deyəndə hansı qüvvələrin nəzərdə tutulması, monopoliya deyəndə kimlərin bunun arxasında dayanması aydındır. Bunun da aradan qaldırılmasının bir yolu var. Oliqarxik və monopoliya daşıyıcıları və ya bunun arxasında duran qüvvələr görəvdən alınır. Bu istiqamətdə addımlar atılır. İkincisi, islahatları dərinləşdirmək yolu ilə elə vəziyyət yaranır ki, artıq oliqarxik münasibətlərə və monopoliyalara yer daralır. Beləliklə də oliqarxlar və monopolistlər öz-özünə ləğv edilir. Postsovet ölkələrində monopoliya və oliqarxiyanın asanlıqla aradan qalxacağı ehtimalı yoxdur, amma onların təsir dairəsinin daraldılması, proseslərə mənfi yüklü təsirlərinin qarşısının alınması üçün kifayət qədər imkanlar var. Bu proseslər gedir. Bir də mühitin sağlamlaşdırılması istiqamətində addımlar atılmalıdır. O mənada ki, kimsə öz vəzifəsindən sui-istifadə etmək istəyirsə, elə etmək lazımdır ki, bunu köhnə sistem çərçivəsində etdiyi miqyasda həyata keçirə bilməsin.

- Yəni demək istəyirsiniz ki, monopoliya və oliqarxiya hələ uzun müddət Azərbaycanın reallıqlarından biri olaraq qalmaqda davam edəcək?...

- Mən bu məsələyə münasibətdə nə optimist, nə də pessimistəm. Sovet məkanının təcrübəsindən çıxış edərək deyirəm ki, sovet sistemindən çıxan ölkələr demokratiya və bazar iqtisadiyyatına keçid yolunda müəyyən işlər görüb. Amma hələlik köhnənin dağıdılması və yeninin qurulmasını müqayisə edəndə, xüsusilə, sosial ədalət istiqamətində xeyli ədalətsizliklər var. Bu ədalətsizliyin çox hissəsi oliqarxiya, monopoliyadan və korrupsiya kimi neqativlərdən qaynaqlanır. Sadaladığım neqativlərin aradan qaldırılması istiqamətində ilk növbədə davamlı işlər görmək lazımdır. İkincisi, baxanda görürsən ki, postsovet ölkələrinin hamısında belə proseslər var. Ancaq bir var proseslərdə cəmiyyətin və idarəetmənin inkişafı o səvyyəyə çatıb ki, orada “tutulmayan oğru deyil” prinsipi işləyir. Hansısa prosesdə dövlət vəsaitindən sui-istifadə edib tutuldusa, mütləq istefa verməli və prosesdən kənarlaşmalıdır. Hətta ola bilsin ki, bu adam öz sahəsində bir nömrəli mütəxəssisdir. Amma faktlar açılan kimi kənarlaşdırılır. Bu “tutulmayan oğru deyil” prinsipindən doğur.

Bir də var ki, insanlar iri miqyasda korrupsiya, monopoliya ilə məşğuldur, hətta QHT-lər, media bu haqda danışır, lakin heç bir tədbir görülmür. Odur ki, məncə, indi müasir dövrün əsas tələblərindən biri də aşkarlığın artırılması, hesabatlılığın və şəffaflığın gücləndirilməsidir. Dövlət səviyyəsində götürdükdə, Hesablama Palatası xeyli dərəcədə işlər görür. QHT-lər və medianın bu məsələdə rolu həddən artıq böyükdür.

- Demək yeni mərhələ şəffaflıq və aşkarlıq prinsiplərini də özü ilə gətirəcək?...

- Biz indi o mərhələdə yaşayırıq və hamımız deyirik ki, islahatların alternativi yoxdur. Əgər biz iqtisadi artım templərini qaldırmaq, dövlət maliyyəsinin səmərəliliyini, əhalinin güzəranının yaxşılaşdırılmasını istəyiriksə, mütləq islahatları dərinləşdirmək, şəffaflığı və hesabatlılığın artırılması lazımdır. Başqa yol yoxdur.

- Əvvəl bəyan edirdiniz ki, Azərbaycanda islahatlara mane olan qüvvələr var. Sizcə, bu qüvvələr təmizlənib, yoxsa hələ də mövcuddur?

- Təkcə Azərbaycan deyil, bütövlükdə dünya təcrübəsindən çıxış edəndə görərik ki, islahatların tərəfdarları var, imitasiya edənlər var, açıq və ya gizli formada islahatlara qarşı çıxanlar var. Əslində burada qeyri-adi bir şey də yoxdur. Amma çalışmaq lazımdır ki, fikirdə, sözdə və işdə islahatların tərəfdarı olan insanların sayı çoxalsın. Əgər indi yuxarıdan islahatlara start verilibsə, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində addımlar atmaqla, əslində əhalinin islahatlarda iştirakçılığını, islahat kursuna dəstəyini artırmaq olar. Əhalinin daha geniş təbəqələri bu islahatlara qoşulanda artıq açıq və gizli formada islahatlara mane olmaq istəyində olanlar, arzulasalar da, prosesə ciddi miqyasda xələl gətirə bilməzlər.

Vaqif NƏSİBOV

AzPolitika.info

Şərhlər

İqtisadçı 2019-11-18 13:30:53

Təbii ki, uzun illər qidalanan oliqarxiya getməyəcək və faktlar bunun tam məcburi əsası olmadığını da göstərib. İslahatın-hansı tərəf üçün daha faydalı işləməli dilemması da qalır (elitanı illərlə müşayiət edən) oliqarxların özlərinə?

Kamil 2019-11-18 13:30:53

Talançılar ölkəni dağıdıblar. İndi onlar nəzarətdən çıxıblar. Əhalinin 60 faizinin isə artıq çörək pulu qazanmağı çox çətindir. Artıq böyük kütləyə çörək pulu qazanmaq mümkün deyil. Buna Talançılar inanmırlar. Çünki hamısın ən aşağısının heç olmasa bir neçə milyonları var. Ancaq fəsadları yaxın vaxtlarda ortaya çıxacaq. Məsəl var. Ac qılıca çapar. Bax onda gec olacaq.

Son yazılar