ABŞ Azərbaycandan iki pakistanlını tələb edir - Səfirliyin əməkdaşı məhkəmədə nə dedi?

Azərbaycanda iki nəfər Pakistan vətəndaşı həbs olunub. Bunlar 1982-ci il təvəllüdlü Asif Məhəmməd Ancum və 1985-ci il təvəllüdlü Xani Şah Navazdır. Onlar ABŞ-ın sorğusu əsasında saxlanılıblar. Birləşmiş Ştatlar adları çəkilən şəxslərin onlara təhvil verilməsini istəyir.

Pakistanlıların ABŞ-a verilib-verilməməsi məsələsiylə bağlı qərarı isə Bakı Ağır Cinayətlər Məhkəməsi verəcək. Azərbaycanın Ədliyyə Nazirliyi bundan ötrü həmin məhkəməyə təqdimat verib.

Məhkəmə prosesində Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun nümayəndələriylə yanaşı, ABŞ və Pakistanın Bakıdakı səfirliklərinin əməkdaşları da iştirak edir.

Hakim Əli Məmmədov deyir ki, adları çəkilən Pakistan vətəndaşları haqqında ABŞ-ın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə suçlanırlar.

Amma məhkəmə qarşısına çıxarılan pakistanlılar bu ittihamları rədd edir. Həm A.M.Ancum, həm də X.Ş.Navaz deyir ki, onlar heç vaxt Amerikada olmayıblar. Bildirirlər ki, Birləşmiş Ştatlarla nə yaxından-uzaqdan əlaqələri olub, nə də ora ilə əlaqəli hər hansı cinayətdə iştirak ediblər. İstisna etmirlər ki, bu məsələdə yanlışlıq var. Məhkəmədən də xahiş ediblər ki, Ədliyyə Nazirliyinin onların ABŞ-a təhvil verilmələri barədə təqdimatı təmin olunmasın.

Hakim ABŞ səfirliyinin təhlükəsizlik şöbəsinin əməkdaşından soruşub ki, bu şəxslərin ittiham olunduğu cinayətlərin detalları (nə vaxt, hansı ölkədə, hansı üsulla törədilməsi) haqda məlumat varmı?

«Hazırda məndə detallar barədə məlumat yoxdur. Amma lazımdırsa, bütün bunları yazılı şəkildə təqdim edə bilərəm», – səfirliyin əməkdaşı belə cavab verib.

Həmin materialların Azərbaycan dilinə tərcümə olunmuş şəkildə məhkəməyə təqdim olunmasından ötrü noyabrın 25-nə qədər vaxt verilib.

Söhbətin məhz ABŞ ərazisində yox, internet vasitəsilə törədilmiş cinayətlərdən getdiyi istisna olunmur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar