ABŞ İranda etirazçılara internet verməyə çalışır – Xüsusi elçi Vaşinqtonun planlarını açıqladı

Vaşinqtonun İran üzrə xüsusi elçisi Brian Hook deyib ki, Birləşmiş Ştatlar iranlıların total internet qadağasından yan keçməsinə kömək etməyə çalışır. Ötən həftə benzin bahalaşandan sonra İranda kütləvi etirazlar başlanıb və dini isteblişment əhalinin internetə çıxışını kəsib.

Hook noyabrın 19-da Radio Farda-ya müsahibəsində deyib ki, ABŞ iranlıların internetə çıxışına kömək etmək üçün “dolayı yol” axtarır.

Dünyada internetə çıxışın monitorinqini aparan NetBlocks son günlər İranda internet bağlantısının adi səviyyənin 5 faizinə düşdüyünü bildirib. “Düşünürük ki, bu, adamların internetə çıxışına kömək edəcək və onlar etirazların videolarını yaya biləcəklər”, – Hook vurğulayıb.

O, əlavə edib ki, Birləşmiş Ştatlar son 18 ayda iranlıların internet senzurasından yan keçməsindən ötrü “bir sıra addımlar” atıb.

“İran xalqının əlinə rejimin senzurasına baxmayaraq bir-birilə kommunikasiyasına imkan yaradan alətlər vermişik”, – o vurğulayıb.

Hook İran liderlərini riyakarlıqda suçlayıb, milyonlarla iranlını internetdən məhrum etdikləri halda özlərinin sosial mediadan istifadə etdiklərini deyib.

“Ali dini lider, prezident və xarici işlər naziri sosial mediadan, internetdən istifadə edir, mesajlarını çatdırır, ancaq İran xalqına həqiqəti çatdırmağa icazə vermirlər”, – Hook vurğulayıb.

Noyabrın 17-də Ağ Ev “nümayişçilərə qarşı öldürücü gücdən və kəskin kommunikasiya qadağalarından istifadəni” pisləyib, “dinc etirazlarda İran xalqını” dəstəklədiyini bildirib.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar