"Hakimlərə ən azı 10 min manat maaş verilməlidir” - "Ali Məhkəmənin o səlahiyyəti ləğv olunmalıdır"

“Son zamanlar aparılan işlərin üzərinə kölgə salmadan bəzi məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Prezidentin 3 aprel 2019-cu il tarixli məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanında qeyd olunur ki, “cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədi ilə məhkəmə icraatının effektivliyi yüksəldilməli, süründürməçiliyin və digər neqativ hallarn aradan qaldırılması üçün görülən tədbirlər gücləndirilməlidir”. Bu gün bizə təqdim olunan dəyişiklikləri ümumən müsbət qiymətləndirsəm də, düşünürəm ki, bu tipli dəyişikliklərlə biz, qarşıya qoyulan vəzifəni tam yerinə yetirə bilmərik”.

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında “Məhkəmələr və hakimlər haqqında” qanunun müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, ciddi islahatlarta ehtiyac var: “Məsələn Konstitusiyanın 131-ci maddəsində qeyd olunur ki, Ali Məhkəmə kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir. Əslində yeni konstitusiya qəbul olunandan sonra prosessial qanunvericilik həm Cinayət Prosessual Məcəlləsinə, həm də Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməli idi. Amma bu dəyişikliklər edilməyib və orada əlavə kassasiya qaydasında icraat adlı məhkəmə mərhələsi Konstitusiyada nəzərdə tutulmasa da, qanunla Ali Məhkəmənin plenumuna belə bir səlahiyyət verib ki, məhkəmənin kassasiya qaydasına qəbul etdiyi qərarları plenumda ləğv eləsin. Bu, əslində ləğv olunmalı, plenum yalnız mövcud Konstitusiyaya görə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ilə məşğul olmalıdır. Kassasiya instansiyasından sonra vətəndaş, yəni tərəflər Konstitusiyanın 130-cu maddəsinin 5-ci hissəsinə əsasən məhkəmə aktının (Ali Məhkəmənin qərarından söhbət gedir) Konstitusiyaya və ya qanunlara uyğunluğunun yoxlanılması məqsədilə Konstitusiyanın 130-cu maddəsinin 5-ci hissəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə müraciət edə bilər, yaxud birbaşa Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməlidir”.

Millət vəkili əlavə edib ki, bununla yanaşı məhkəmə süründürməçiliyinə son qoymaq üçün də müəyyən islahatlar aparılmalıdır: “Çox təəssüf ki, məhkəmə süründürməçiliyi deyiləndə çox vaxt prosessual müddətlər nəzərdə tutlur. Yəni 1 ay ərzində görülməli iş 15 günə endirilirsə, belə hesab olunur ki, giya bu məhkəmə süründürməçiliyinə qarşı görülən tədbirlərdir. Amma əslində məhkəmə süründürməçiliyi məhkəmə prosesində işlərin uzadılmasıdır. Hazırda Mülki Prosessual Məcəllənin 416-cı maddəsində qeyd olunur ki, Kassasiya Məhkəməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Lakin ədalət mühakiməsi fəlsəfəsinə görə, hər 3 məhkəmə instansiyası işə mahiyyəti üzrə baxmalıdır. Məhkəmə aktlarının qanunlara uyğunluğunun yoxlanılması Konstitusiyanın 136-cı maddəsinin 4-cü bəndinə görə Konstitusiya Məhkəməsinə aiddir. Yəni, yeni Konstitusiya qəbul olunandan sonra məhkəmə aktlarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılması yalnız Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid edilib. Amma bizdə Ali Məhkəmə kassasiya qaydasında işə baxır və işi yenidən Apellyasiya Məhkəməsinə qaytarır. Apellyasiya Məhkəməsinə göstəriş verir ki, hansı normalar düzgün tətbiq olunmayıb, siz buna yenidən baxın. Əgər o norma düzgün tətbiq olunmayıbsa, Ali Məhkəmənin özü mahiyyət üzrə işə baxıb həmin normanı düzgün tətbiq etməlidir. Bununla da məsələyə Ali Məhkəmənin qərarı ilə yekun vurulmalıdır. Amma çox təəssüf ki, məhkəmə süründürməçiliyi burada baş verir. Ona görə də Mülki Prosessual Məcəllənin 406-cı maddəsi dəyişdirilməlidir. Mülki Prosessual Məcəllənin 417.1.3-cü maddəsinə görə, Ali Məhkəmə işi təkrar baxılması üçün Apellyasiya Məhkəməsinə qaytara bilər. Bu da süründürməçiliyə yol açan normadır. Əslində yuxarı instansiya məhkəməsi, Ali Məhkəmə səhvə yol verdikdə, qeyd etdiyim kimi Ali Məhkəmə işi geri qaytarmamalı, həmin səhvi özü düzəltməlidir.

Hörmətli həmkarlar!

Prezidentin məlum fərmanı ilə qarşıya qoyduğu məqsədə çatmaq üçün biz, hakimlərin tam müstəqilliyinə nail olmalıyıq. Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Apellyasiya Məhkəməsinin hakimləri Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur. Belə olduğu halda onları Məhkəmə Hüquq Şurası intizam məsuliyyətinə cəlb etməklə, hakimlikdən necə kənarlaşdıra bilər? Konstitusiyanın 128-ci maddəsinin 4-cü hissəsinə görə, hakimlərin vəzifədən kənarlaşdırılması təşəbbüsünü hakimlər cinayət törətdikdə Azərbaycan Respublikasının Prezidenti Ali Məhkəmənin rəyi əsasında Azərbaycan Respublikasının Milli Məclisi qarşısında irəli sürə bilər. Amma hazırda belə görsənir ki, Konstitusiyanın ruhuna zidd olaraq hakimi intizamsızlığa görə vəzifədən çıxarmaq daha asandır, nəinki o cinayət törədərsə. Ona görə “Məhkəmələr və hakimlıər haqqında” qanunu da dəyişməliyik”.

Millət vəkili vurğulayıb ki, hakimlər ya 70 yaşa qədər, ya da ömürlük təyin olunmalıdır: “Onların yalnız cinayət törətdikdə vəzifədən kənarlaşdırılması qanunla müəyyən edilməlidir."

Millət vəkili qeyd edib ki, hakimlərin iqtisadi müstəqilliyi məsələsinə də yenidən baxılmalıdır: “Əgər hakimin evi yoxdusa, evlə təmin olunmalı, xidməti avtomobil verilməlidir. Hakimlərə ən azı 10 min manat maaş verilməlidir”.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar