“Müəllimlərə ipoteka verilsin, tıxaclar aradan qaldırılsın” – Deputat hökumətə müraciət etdi

Deputat Qənirə Paşayeva Milli Məclisin komitə iclaslarında 2020-ci il büdcə layihəsinin 2-ci oxunuşu müzakirələrində çıxışında bir sıra problemlərdən danışıb və aidiyyatı qurumlara müraciət edib.

“AzPolitika.info” info xəbər verir ki, deputat məktəblərdə ciddi narahatlıq doğuran problemlərdən biri olan kişi müəllimlərin sayının getdikcə azalmasını qeyd edib. Q.Paşayeva bunun əsas səbəblərindən biri kimi maddi-sosial problemlərin olduğunu deyib və müvafiq qurumları orta məktəb müəllimlərinin güzəştli ipoteka şərtlərindən yararlanması üçün müəyyən tədbirlər görməyə səsləyib: “Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də müvafiq qurumların qısa zamanda bu məsələyə baxmasını, müsbət həll olunmasını xahiş edir və buna çağırırıq. Mən 100-lərlə müəllimin xahişini buradan səsləndirərək bu məsələyə qısa zamanda baxılacağına ümid edirəm”.

Deputat çıxışında Tovuzun bəzi kəndlərinin təbii qaz problemindən də danışıb: “Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhlələr yaranıb, amma onlara qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruların öz vəsaitləri hesabına çəkilməsi tələb olunur. Bəzi kəndlərimizdə evlərin 70-80 faizi təbii qazla təmin olunub, yeni evlərə isə qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir. İnsanlarımız məhlələrinə, küçələrinə qaz borusunun çəkilməsini həyata keçirə bilmirlər, buna kəndlərdə çox insanın maddi gücü çatmır”.

Millət vəkili bu məsələyə qısa zamanda baxılmasını və boru xətlərinin dövlət tərəfindən, dövlət vəsaiti hesabına çəkilməsini xahiş edib, müvafiq qurumları Tovuzda bu prosesin tezliklə başa çatmasına ciddi dəstək göstərməyə çağırıb.

Millət vəkili həmçinin Tovuzun Abulbəyli kənd Mədəniyyət Mərkəzinin yarımçıq qalmış təmir-bərpa işlərinin tamamlanması üçün gələn ilin büdcəsindən vəsait ayrılmasına çağırıb. O, deyib ki, təmir-bərpa işlərinin yarımçıq qalması görülmüş işlərə də ciddi ziyan vurur və təcili şəkildə işin başa çatdırılmasına ciddi ehtiyac var.

Q.Paşayeva Sumqayıt şəhərindən, Masazır, Saray və Abşeronun bəzi kəndlərindən Bakıya gələn əsas yolda səhər və axşam saatlarında yaranan dəhşətli tıxaclar problemi barədə də danışıb. Deputat hər gün minlərlə vətəndaşın, tələbənin Sumqayıtdan və Abşeronun bəzi kəndlərindən bu yolla dərsə, işə gəlib-qayıtdığını deyib, tıxacların qısa zamanda aradan qaldırılması üçün addımları atılmasının vacibliyini vurğulayıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar