Bir daha aşbaz sözünün yazılışı haqqında...

Xeybər GÖYYALLI

Zənnim məni aldatmayıb. Nə vaxtsa adını unutduğum dilçi alimin aşbaz (aşpaz) sözünün fars sözü olması və aşpaz kimi yazılması barədə söylədiyi fikir bu gün yenidən təkrarlandı. Professor Ramazan Siracoğlu yazılı, digər fars dili mütəxəssisləri isə şifahi olaraq aşbaz sözünün fars sözü olduğunu bir daha səsləndirdilər.

Ramazan Siracoğlu “Azpolitika.info” portalında dərc olunmuş aşbaz sözünün yazılışı barədə “Bu sözü niyə belə yazırıq?” adlı məqaləmə yazdığı şərhdə birmənalı olaraq söyləyir ki, bu söz dilimizə fars dilindən keçmişdir. R.Siracoğlu onu da qeyd edib ki, aşpa(ə)z aş bişirən, aşbaz aş sevən deməkdir. Olsun. Mən fars dilində aşpa(ə)z sözünün olmasına şübhə etmirəm. Ancaq bu əsas vermir ki, aşpaz yazaq. R.Siracoğlunun bir fars dili mütəxəssisi kimi əsaslandırdığı aşbaz (aş sevən) sözü Azərbaycan dilinin orfoqrafiya və izahlı lüğətlərinə aşbaz yox, aşpaz formasında daxil edilib.

İndi bir daha qayıdaq aşbaz sözünün kök- morfeminə. Bir daha qeyd edirik ki, “baz” fars mənşəli şəkilçiləşmiş sözdür. Bu mübahisə obyekti deyildir. Dava aş davasıdır. Niyə halal yeməyimizi fars mənşəli edək? Çox doğru olaraq, “Azərbaycan dilinin izahlı lüğəti”ndə aş doğma sözümüz kimi qeyd olunub. Buna şübhə edən varsa, lap irəli gedək. XI əsrdə yaşamış, türk xalqlarının ensiklopediyasını yaratmış Mahmud Kaşğarinin “Divani-lüğəti-it-türk” əsərinə müraciət edək. Türkologiyanın möhtəşəm əsəri sayılan “Divani-lüğəti-it-türk” əsərinin bir səhifəsində aş sözünün üç kök və morfemi qeyd edilib. Aşa - yemək, aş yemək; aşaç- qazan, tava; aşat - yemək yedirtmək (Mahmud Kaşğari, “Divani- lüğəti-it-türk”, Bakı, “Ozan”, 2006).

Fars dilindən dilimizə keçmiş “baz” şəkilçiləşmiş sözü doğma sözlərimizlə yanaşı, ərəb dilindən alınmış sözlərə də artırılıb. Məs. sehrbaz, hiyləbaz, hoqqabaz, ibarəbaz və s.

Doğma sözlərimiz olan kələkbaz, kəndirbaz, işbaz sözlərində “baz” şəkilçisinin yaratdığı istiqamət, meyil alınma sözlər olan sehrbaz, hiyləbaz, hoqqabaz, ibarəbaz sözləri ilə eynidir, əvvəlki yazımızda söylədiyimiz kimi, hər hansı bir sahəyə, peşəyə aludəlik mənasını ifadə edir. Bir qədər də fərqli desək, sənət, peşə bildirən sözlər yaradır. Nesə ki, aşbaz əvəzinə bəzən aşçı da deyilir. Yazılışı mübahisə doğuran aşbaz sözü də sənət və peşə mənasını bildirir. Belə olduğu halda asan işimizi niyə bilə-bilə çətinə salaq, sözü niyə asan deyildiyi kimi asan da yazmayaq?!

Dilimizdə onlarla söz vardır ki, “baz” şəkilçisi qoşulmaqla yazılır. Aşpaz sözündən başqa ikinci bir söz yoxdur ki, “paz” şəkilçi ilə yazılsın. Bu istisnalıq deyil. Dilçilik elmi (bu məqamda dil də demək olar) dəqiqlik, dürüstlük sevir. Bu baxımdan dilçilik elmini müəyyən mənada dəqiq elm də adlandırmaq səhv olmazdı. Dilçilik fakt və arqumentlərə əsaslanır. Bu səbəbdən dilçilik elmində, əslində, istisnalar olmalı deyildir. Burada “ya var, ya da yoxdur” prinsipi əsasdır. Arqument, dəlil, sübut tapılmayanda istisnalara sığınmaq acizlik əlamətidir. Dilçilikdə (dildə) pozulmayan qayda-qanun mövcuddur, bir söz üçün ayrıca, xüsusi qayda ola bilməz.

635x100

Şərhlər

Natiq 2023-02-25 12:12:00

Ramazan müəllimə afərin

Selcan 2022-10-24 15:12:01

bravo

Qəhrəman 2021-02-15 03:00:09

Əhsən sizlərə

Mütəxəssis 2021-02-07 11:11:09

Yenə söhbəti mütəəssib olaraq sonlandırdız. Axı nə mənası var?

Elçin Məhərrəmov 2020-08-25 20:30:33

belə çıxır ki bizim ifadə etdiyimiz aşbaz və yazdığımız aşpaz sozünü əslində fars mənşəyini nəzərə alıb aşpəz kimi yazmalıyıq,aşpaz yazılışını doğru hesab etmiram,aşbaz sozü deyildiyi kimi yazılmalıdır bizim indi uyğunlaşdırılmış dilimiz uyğun

Əli 2019-11-20 12:28:08

Ay hörmətli müəllif! Şərqşünas-filoloq bu sözün etimologiyasını çox doğru izah etdi. Bundan sonra yenə cığallıq etməyin yeri deyil. Keçin digər vacib məssələlərə. N sayda problem var.

AAgahuseyn 2019-11-20 12:28:08

Sözün kökü AŞ baz şəkilcidir.PAZ-iysə maniyə törətmək,mız,qulp qoymaq. mənasını verir.AŞBAZ-mütəxəssis-aş hazırlayan mənasını verir.

Ramazan SİRACOĞLU 2019-11-20 12:28:08

Hörmətli Xeybər müəllim, düşündürücü fakt irəli sürdüyünüz yazınızı maraqla oxudum. Dilimizdə “paz” şəklində müşahidə olunan “pəz” hissəciyi fars dilində çox işlənir: çaypəz ( چای پز )- çayçı ( qeyd edim ki, fars dilində “çayçi” sözü də var ), xurakpəz ( خوراك پز )- xörək bişirən ( farslar bu sözün həm də ərəb variantı olan “təbbax” - طباخ - şəklindən də istifadə edirlər), “zudpəz” ( زود پز )- tezbişirən ( məsələn, “təzbişirən qazan”- dig-e zudpəz- دیگ زود پز), ğəzapəz ( غذا پز )- yemək bişirən, “xuzipəz” ( خوزی پز )- “küftəçi”, küftə bişirən vs. Qeyd edilən kimi, “pəz” sözü ( “pəzənde- پزنده – bişirən ) “ پختن “ pəxtən/puxtən- “bişirmək” felindəndir. “Baz” - باز - sözünün “aludə olmaq, çox məşğul olmaq, xoşlanmaq, oynamaq, sevmək və dada çox mənaları mövcuddur. Bu söz haqqında Məhəmməd Moinin məşhur “ فرهنگ لغت معین“ sözlüyündə 35 səhifəlik şərh var. (Bax:https://www.farsilookup.com/p2p/seek.jsp?word=%D8%A8%D8%A7%D8%B2&page=35&lang=fa) Orfoqrafiyada tarixi-ənənəvi prinsipin də mövcudluğunu nəzərə alsaq, fərqli məna və yazılışa malik “aşpaz” və “aşbaz” paronimlərinin dildə saxlanılmasını məqbul saymaq lazımdır. Bəla burasındadır ki, bəzən biz bu tarixi-ənənvi prinsipi də pozuruq. Məsələn, “hambal” sözü əslində “həmmal” kımı yazılmalıdır, çünki - حمل- həml ( yük )- حمال – “yükdaşıyan” deməkdir. ( Müqayisə üçün- həml-hamilə ). “Hambal” sözünün isə mənası yoxdur. “Müttəhim” şəklində yazdığımız söz əslində “müttəhəm” kimi yazılmalıdır. Zira, “müttəhim” ittiham edən, “müttəhəm” ittiham olunan mənasındadır. ( متهم - متهیم ). “İsmarıç” deyil, “ismarış”dır. İsmarlamaq feilindən- ış- şəkilçisi ilə yaranıb ( qaç+ış, bax+ış, at+ış, sat+ış, qaç+ış ). Orfoqrafiya lüğətimizin düzəlişlərə ehtiyacı var.

Oxucu 2019-11-20 12:28:08

Ehsen, raziyam sizinle

Son yazılar