“Prokurorluq bu qədər istintaq komitəsinə necə nəzarət etsin?” – “Bunun özü bir möcüzədir”

“Mən islahatların mahiyyətini anlamağa çalışıram. Konkret təkliflər var. Komitədə Ali Məhkəmə və Ədliyyə Nazirliyinin nümayəndələri ilə çox faydalı müzakirələr oldu. Başa düşə bilmədiyim bir sıra məsələlər var. Mənə elə gəlir ki, biz az qala məhkəmə islahatları adı altında bütün hüquq sistemlərini bir-birinə qarışdırırıq. Anqlosaks hüquq sistemi, ABŞ-ın xüsusi hüquq sistemi və kontinental hüquq sistemlərini. Sabah Ali Məhkəmə müəyyən izah verdi, bu izahla bağlı da Konstitusiya Məhkəməsinə şikayət oldu. Bu halda Konstitusiya Məhkəməsi bu izahı rəhbər tutacaq, yoxsa onu təftiş edəcək?”

“AzPolitika.info” xəbər verir ki, bu sözləri deputat Tahir Kərimli Milli Məclisdə “Məhkəmələr və hakimlər haqqında” və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunların müzakirəsi zamanı çıxışında bildirib.

Deputat deyib ki, ABŞ-da bu funksiyanı Ali Məhkəmə həyata keçirir: “Və ya anqlosaks hüquq sistemində ibtidai istintaq yoxdur, birbaşa məhkəmə istintaqı aparır. Biz islahatlar aparırıq, eyni zamanda paralel strukturların ixtisarından danışmaq istəyirik. Vahid istintaq komitəsinin yerinə respublikada 8 istintaq komitəsi var. Kimə lazımdır? Prokurorluq bu qədər istintaq komitələri üzərində nəzarəti necə effektiv həyata keçirə bilir? Bunun özü bir möcüzədir. Burada SSRİ dövründən qalma bir ənənə də var. Məsələn, sovet dövründə bəzi sahələr üzrə qanunvericiliyin əsasları var idi. Məhkəmələr və orqanlar da bunu rəhbər kimi qəbul edirdi. İndi biz deyirik ki, elə qərar və izahlar qəbul edək ki, bu istintaq və məhkəmə orqanları üçün məcburi olsun. Bu təkliflərdə nə nəzərdə tutulur? Nəzərdə tutulur ki, Ali Məhkəmənin bu izahlı qərarının necə yerinə yetirildiyinə dair monitorinq aparılacaq, ümumiləşdiriləcək. Və monitorinqdən mənfi rəy alan hakimlər attestasiya zamanı nəzərə alınacaq. Hər bir hakim qanuna tabedir və vicdanı ilə qərarlar qəbul edir. Biz onu necə məhdudlaşdıra bilərik, mən bilmirəm. Axı cəzanın fərdiləşdirilməsi var. Məsələn, Cinayət Məcəlləsinin 63-cü maddəsinə görə cinayətdə sui-qəsd, cinayətə cəhd cəzasına görə yuxarı cəza müddəti nəzərdə tutulan yuxarı sanksiya həddinin dörddə üçündən artıq olmamalıdır. Rayon məhkəməsi bu qərarı qəbul edir və qanunda nəzərdə tutulan ağırlaşdırıcı və yüngülləşdirici halları da nəzərə alınır. Qanunda nəzərdə tutulan bu hallar nəzərə alınarsa, Ali Məhkəmədə ümumiləşdirmə zamanı hansı qərar qəbul ediləcək? Maraqlıdır, hər hansı bir maddənin dispozisiyasında bu o qədər də önəm daşımır. Mülki və inzibati qanunlarda da o qədər əhəmiyyətli deyil. Amma Cinayət Məcəlləsinin sanksiya hissəsinə gələndə, burada çətinlik çəkirəm. Məhkəmə 5-6 ay az və ya çox cəza versin, nətəri olsun? Buna görə də başa düşmək istəyirəm, islahat aparırıq, bunun mahiyyətində nə durur, biz hansı sistemi qəbul edirik, neyləmək istəyirik? Sovet sistemindən qalma hüquq sistemini qoruyub saxlayaraq təcrübədən çıxış edirik, yeni nəsə yaratmaq istəyirik, hansı beynəlxalq hüquq sisteminə yaxınlaşır və onu qəbul etmək itəyirik? Mən görürəm ki, bu islahatlar dağınıqdır. Mən bununla bağlı bəzi hakimlərlə də söhbət etmişəm. Sizi inandırım ki, çoxunda aydın təsəvvür yoxdur. Biz bütün istiqamətlər üzrə islahat qəbul edirik və düşünürük ki, hansının yaxşı olduğunu həyat göstərər və biz də davam edərik, hansı pisdir ondan imtina edərik. Yəni eksperiment xarakteri daşıyır. Düşünülmüş, sistemli islahatlar aparmaq lazımdır. Biz bilirik ki, Cinayət Məcəlləsi, Cinayət Prosessual Məcəllə ilə bağlı sovet dövründən qalma izahlar var. Bu davam edir. Biz də qanunda plenumun qərar və izahlarını məcburi imperativ qaydada tətbiq ediləcəyini qoymuruq. Digər tərəfdən, Cinayət Prosessual, Mülki və İnzibati məcəllələrdə kollegiyalar müəyyən qərarlar qəbul edir. Bununla razılaşmadıqda kollegiyaların birgə iclası olur və iclasa təklifi irəli sürən kollegiyanın sədri sədrlik edir. Nə üçün o sədrlik etməlidir? Fikrimcə, Ali Məhkəmə sədrinin müavini və ya digər kollegiyanın sədri sədrlik etməlidir”.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna toxunan Tahir Kərimli təklif edib ki, 11-ci maddəyə “cinayət törətdiyinə görə məhkum olunan şəxslər” deyil, “ağır cinayət törətdiyinə görə məhkum olunan şəxslər” sözü əlavə edilsin. O, həmçinin 11-ci maddənin 2-ci bəndində qeyd edilən “ekspert qismində fəaliyyət göstərmək istədiyi ixtisas üzrə fəlsəfə doktoru elmi dərəcəsi olmalıdır” ifadəsinə qarşı çıxıb: “Niyə? Həmin şəxs akademik və ya elmlər namizədi də ola bilər. Burada göstərilir ki, ekspertə xüsusi rütbələr verilə bilər. Nə üçün ekspertə xüsusi rütbələr verilməlidir? Halbuki, qanunun 11-ci maddəsində haqlı olaraq qeyd edilib ki, attestasiya nəticəsində məhkəmə ekspertiza idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcələri verilə bilər. Məncə, ixtisas dərəcəsi daha uyğundur”.

Hüquqşünas deputat daha sonra sual edib: “Alternativ və özəl ekspertizaya tədqiq etmək üçün daha nə qaldı? Nəyə görə, məhkəmə tibbi ekspertizanı özəl ekspertiza aparmasın? Məsələn, sümük açıq sınıq olanda bu ağır xəsarətdir, qapalı sınıq olanda az ağır xəsarətdir. Bunu müəyyən etmək üçün məgər mütləq dövlət ekspertizası lazımdır? Ən ağırı meyidin ekspertizasıdır. Deyirlər bunun üçün xüsusi avadanlıq lazımdır. Məgər bu qanun məhkəmə ekspertizası binalarının təşkili ilə bağlıdır? Əgər zərərçəkən və ya vətəndaş sifariş verirsə və ya tələb edirsə, nə üçün özəl ekspertiza gəlib orada təhqiqatı aparmasın? Əgər həmin avadanlıqlar, meyit ordadırsa. Mən məhkəmə psixiatriya ekspertizasını da bu qəbildən hesab edirəm. Nə üçün dərman vasitələrinin məhkəmə ekspertizasını apara bilməsin? Biz hamımız, burada oturanlar da, qanunvericilik təşəbbüsü ilə çıxış edənlər də istəyirik ki, islahat mahiyyəti üzrə aparılsın və məhkəmə hakimiyyəti həqiqi olsun. Açığı, bizdə icra hakimiyyəti qüvvətlidir, məhkəmə hakimiyyəti zəifdir. Gəlin bunun yolunu, məhkəmə hakimiyyətinin tam müstəqilliyi üçün yollar axtaraq”.

“AzPolitika”

635x100

Şərhlər

Eli 2019-11-20 12:46:42

zakir qaralov "misli gorunmemiw istintaqci"dir, ona her wey olar, hele 5-ci sroka da qalacaq, olkede ondan"agilli", ondan "qabiliyyetli" huquqwunas yoxdur.

t.ədalət 2019-11-20 12:46:42

Prokurorluq heç vaxt istintaq orqanlarına nəzarət etmir.Sadəcə olaraq,onlara ... hesablayırlar.2006-cı ildə Nərimanov rayon prokurorluğunun fəaliyyətində(prokuror Dürəsən İmanov idi) bunu gördüm.34 saylı məktəbin həyətində qanunsuz bina tikənlərə qarşı mübarizə apardım. BŞPİ- nin sabiq rəisi, general M.Əliyev də binaya şərik idi.Haqqı verilməyən işlər ağına-bozuna baxılmadan məhkəmələrə göndərilir.Hətta üç yüz dollardan ötrü kiminsə taleyini korlamaqdan belə çəkinmirlər..

Son yazılar