Lukaşenko müxalifəti niyə parlamentə buraxmır? - Karnegi Mərkəzinin təhlili

“Belarus seçkiləri kimi inzibati ayin də ölkə siyasətində bir neçə yeni trendə yol aça bilər. Partiya deputatlarının rolunun artması, bir neçə yüksəkvəzifəli və nüfuzlu məmurun parlamentə göndərilməsi sistemdaxili tendensiyalar arasında yer alıb”, - siyasi icmalçı Artyom Şraybman Karnegi Moskva Mərkəzində yazır.

“Belarus parlamenti bir qayda olaraq nomenklatura üçün rahat pensiya yeri olub, ancaq indi ona nomenklatur nəfəs verməyə çalışırlar. Bundan başqa, iqtidaryönlü partiyalardan deputatların sayı artıb. 2012-ci ildə onlar 5 nəfər idi, 2016-cı ildə 16 (bir deputat müxalifət partiyasından olub), indi isə 21 nəfərə çatıb. Aşağı palatada ümumilikdə 110 deputat var. Lukaşenkoya vərdiş etdiyi və başa düşdüyü təkmandatlı dairə sistemi üzrə işləmək daha rahatdır. Lakin o da son vaxtlar etiraf edir ki, ölkə yavaş-yavaş partiya sisteminə keçməlidir. Çox güman, bu islahat da Konstitusiyaya düzəlişlərinin ayağına yazılacaq. Gələcəkdə ölkəni əlavə parlament vasitəsilə də idarə etmək lazım gəlsə, onda orada hakim partiyaya, eyni zamanda spoyler partiyalara və sistem müxalifətə ehtiyac yaranacaq”, - məqalədə deyilir.

“Belarusda seçki prosesi uzun müddətdir mandat uğrunda mübarizə olmaqdan çıxıb. Ona görə müxtəlif narazı qruplar öz ideyalarını yaymaq üçün parlament kampaniyasından aktiv istifadə etməyə başlayıb”, - jurnalist qeyd edir.

“Övladları kiçik həcmdə narkotik istifadə etdiyi üçün böyük həbs cəzası ilə üzləşən “328 anaları” təşəbbüsünün və Brestdə yerləşən akkumulyator zavoduna qarşı ekoloji etirazın tanınmış liderləri seçkilərdə bu məqsədlə iştirak ediblər. İqtidar onların demək olar hamısını ya qeydiyyata almayıb, ya da ictimai etirazın siyasiləşməsinə yol verməmək üçün onları tez-tələsik qeydiyyatdan məhrum edib”, - Şraybman xatırladır.

“Kampaniyaya yeni nəsil qoşulub. Onlar Lukaşenkonun hakimiyyət dövründə böyüyən, anadan olan gənclərdir. İqtidar tərəfdən rəsmi Belarus Respublika Gənclər Birliyindən fəallar olub. Əks tərəfdən isə müxtəlif təşəbbüslərdən, o cümlədən narkotika əleyhinə sərt siyasətin və bu yaxınlarda ordudan yayınma hallarını azaldan, qalmaqallı qanuna qarşı çıxan fəalların alyansı Gənclər bloku çıxış edib”, - məqalədə deyilir.

“Paralel olaraq ölkənin ən populyar teleqram kanalı “NEXTA”-nın sahibi 21 yaşlı Stepan Putilo gənc auditoriyasını oflayn rejimə çıxarmaqla eksperiment aparıb. Polşada yaşayan bloger oradan Lukaşenkonun əleyhinə çəkdiyi film üçün Minskin mərkəzində tamaşaçılarla görüş təşkil edib. Sonradan tədbir 500 nəfərlik mitinqə çevrilib”, - müəllif xatırladır.

“Nəhayət, rusyönlü, ancaq iqtidarı tənqid edən ritorika ilə çıxış edən bir neçə namizədin iştirak etməsi bu dəfəki seçkilərin sonuncu, bəlkə də ən maraqlı fenomenidir. Onların mesajı çox sadədir: regionlarda durğunluq və tənəzzül hökm sürür, iqtidar ictimai sazişin şərtlərini yerinə yetirmir, məmurların vecinə deyilik, Rusiya ilə dostluq etmək lazımdır, yalnız o, bizə kömək edəcək”, - icmalçı yazır.

Məqalə müəllifinin fikrincə, parlamentin yeni tərkibində müxalifətin olmaması yumşaq siyasətdən geri çəkilmə deyil: “Çünki Belarusda belə bir siyasət heç vaxt seçkilərə şamil edilməyib. 2016-cı ildə Qərblə dialoqlar vüsət almağa başlamışdı və həmin vaxt seçki prosesində heç bir dəyişiklik etmədən, iki müxalifətçini parlamentə keçirməklə dialoqa əlavə təkan vermək qərarına gəlmişdilər”.

“Bu dəfə seçkilərin gedişatı da həmişəkindən daha sərt olub: növbədənkənar seçkilərdə seçici fəallığı daha aktiv reklam olunub, seçki məntəqələrinə düşmək istəyən və ya namizəd olmaq istəyən müxalifətçilər daha böyük filtrasiyadan keçib. Həmişəki kimi müxalifətin seçkilərə buraxılmamasına arqument tapılmayıb”, - məqalədə deyilir.

Məqalə müəllifinin proqnozlarına əsasən, nə AB, nə ABŞ tərəfdən kəskin reaksiya olmayacaq: “Qərb Belarusa qarşı sanksiyaları pis seçkilərə görə deyil, seçkilər zamanı və səsvermədən sonra davam edən repressiyalara görə tətbiq edib. İndi bu repressiyalar yoxdur”.

“Əvəzində Minskin təcrid edilməsi artıq bir neçə ildir Qərbdə bu ölkəni Moskvanın təsir zonasına itələməklə assosiasiya edilir. Strateji maraq – Belarusun iki güc mərkəzi arasında balans əldə etməsinə mane olmamaq - ən azı 2015-ci ildən bəri Qərb üçün ölkədə demokratiya ideallarının qeydinə qalmaqdan daha böyük əhəmiyyət kəsb edir”, - jurnalist sonda qeyd edir.( Xarici pressa)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar