Qərb mediası İrandakı üsyandan nələr yazır? – “Rejimin çökəcəyini düşünənlər yanılır...”

İranda yanacağın bahalaşmasına etirazlar Qərb mediasının diqqət mərkəzindədir. “Amnesty International” hüquq-müdafiə noyabrın 19-da bəyan edib ki, etirazlarda 100-dən çox etirazçı öldürülüb, hətta “bəzi xəbərlərdə 200 nəfərin öldüyü deyilir”.

“The Washington Post”, “The New York Times” qəzetləri İran rəsmilərinin etirazçıları əzməyə yaşıl işıq yandırdığını yazır.

“The Wall Street Journal” qeyd edir ki, İran rejimi nağd pul paylamaqla özünü dəstəkləyən yürüşləri təşkil edir. Hökumət bu addımı dünəndən – noyabrın 19-dan həyata keçirir, yoxsullara nağd pul ayırır. Digər tərəfdən isə, hökuməti dəstəkləyən nümayişlər təşkil olunur.

İranda etirazlara inflyasiyanın 40 faizdən yüksək olduğu bir dönəmdə hökumətin benzinin qiymətini azı 50 faiz bahalandırması olub. Baxmayaraq ki, İran yenə də dünyada benzinin ən ucuz satıldığı ölkələr sırasındadır.

“Financial Times” İranın ictimai qəzəbdən alovlandığını yazır. Banklar qarət olunub, yanacaqdoldurma məntəqələrinə od vurulub, magistral yollar bağlanıb.

Qəzet İranda rejimə təhlükəli durum yarandığını vurğulayır. Beynəlxalq Valyuta Fondu bu il İranda ÜDM-nin 9 faiz azalacağını proqnozlaşdırır. Üstəlik, ABŞ sanksiyaları nəticəsində ölkənin neft ixracı 500 min barreldən aşağı düşüb. 2018-ci ilin mayında 2,8 milyon barrel neft ixrac edirdi.

ABŞ Prezidenti Donald Tramp ötən ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. “Financial Times” yazır ki, etirazçıları dəstəkləyən administrasiya şübhəsiz ki, itaətsizliyi özünün “maksimum təzyiq” strategiyasının işləməsi ilə bağlayacaq.

“Ancaq Vaşinqtondakı sərt xətt tərəfdarları rejimin çökməyə yaxınlaşdığını düşünsələr, sadəlövh görünərlır. İslam inqilabından keçən 40 il ərzində rejim saysız təhdidlərə qarşı möhkəm dayanıb. Elə etirazçılara divan tutmaqdan ötrü məmnuniyyətlə gücə əl atacaq”, – məqalədə vurğulanır.

Ancaq qəzetin redaksiya məqaləsində İranda sərt-xətt tərəfdarlarına tövsiyə olunur ki, bir məsələni nəzərə alsınlar. Səudiyyə Ərəbistanının neft infrastrukturuna hücumun, ABŞ-ın casus dronunu vurmasının cavabsız qalmasından həvəslənməsinlər. Qəzetin mövqeyincə, İran rejiminə təhdid respublikanın sərhədləri xaricindən deyil, ölkənin getdikcə itaətsiz hala gələn əhalisindən gəlir.

“Tehrandakı liderlər çoxdan əziyyət içində yaşayan əhalinin qeydinə qalırsa, ABŞ-la böhranı yüngülləşdirmək üçün çeviklik göstərməlidir. Nə qədər çox gözləsələr, rejimə risk də bir o qədər artacaq”, – məqalədə vurğulanır.

Tramp administrasiyasının mövqeyincə, İranla 2015-ci ildə imzalanmış nüvə sazişi onun raket proqramını, Yaxın Şərqdəki “ziyanlı fəaliyyətini” əhatələmir. Tramp İranı saziş üzrə yeni danışıqlara məcbur etməkdən ötrü təzyiq kampaniyası apardığını deyir.

İran isə nüvə proqramının dinc məqsədli olduğunu deyir, danışıqları rədd edir. Tehran Avropa ölkələrini sazişi xilas etməyə çağırıb və bu ildən sənəddə nəzərdə tutulmuş bəzi öhdəliklərin icrasını məhdudlaşdırmağa başlayıb.(Azadlıq radiosu)

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar