Almaniya məscidləri Türkiyənin nəzarətindən çıxarmağa çalışır – Daxili İşlər Nazirliyi imamlar hazırlayacaq

Noyabrın 21-i Almaniya Daxili İşlər Nazirliyinin ilkin maliyyə dəstəyi ilə alman müsəlman icmalarında işləmək üçün imamların hazırlığı ilə bağlı pilot layihə işə düşəcək.

Almaniyada 4,5 milyon müsəlman yaşayır. Onların təxminən 3 milyonu türk əsillidir. Ölkədə islam icmalarının çoxuna Diyanət İşləri Türk İslam Birliyi (DITIB) ilə əlaqəli imamlar başçılıq edir. Bu mədəni-dini təşkilat bütün Almaniyada 900-dən çox məscidin fəaliyyətinə nəzarət edir, ölkədə yaşayan müsəlmanların 70%-ni öz ətrafında birləşdirir, habelə dövlət məktəblərində islam dərsinin keçirilməsinə görə məsuliyyət daşıyır. Bu barədə “DW” portalı xəbər verir.

Birlik demək olar birbaşa Ankaraya tabedir. Almaniyada imam kimi fəaliyyət göstərən şəxslər almanca yaxşı danışa bilmir, faktiki olaraq türk dövlətinin məmuru hesab edilir, birbaşa Ankaradan əmək haqqı alır və türk hökumətinə loyallığını qoruyub saxlayır.

Bu ayın əvvəli Almaniya hökuməti imiqrantların müvəqqəti yaşayış və əmək fəaliyyətini tənzimləyən sənədlərə dəyişiklik edib. İndi ölkəyə gələn imamlar alman dilindən imtahan verməli olacaq.

Pilot layihə Almaniyadakı müsəlman icmalara xarici təsiri məhdudlaşdırmalıdır. “İttifaq 90/yaşıllar” partiyalarından deputat Filiz Polat “DW” açıqlamasında bunun “cəsarətli addım” olduğunu bildirib. Hazırda problem, ən azından, ilkin mərhələdə həll edilib: Almaniya Daxili İşlər Nazirliyi Polatın sorğusuna cavab olaraq layihəyə ilkin maliyyə dəstəyini artıq təsdiqləyib.

Təşəbbüsdə iştirak edəcək təşkilatlardan biri “Almaniya Müsəlmanlarının Mərkəzi Şurası” (ZMD) olacaq. “Biz daim alman məscidlərində əcnəbi imamların vaizlik etməsindən şikayət edib, sonra əlimizi sallayıb otura bilmərik”, - ZMD sədri Ayman Maziek (Ayman Maziek) deyir.

Almaniya Konstitusiyasına əsasən, dövlət dini icmaların fəaliyyətinə müdaxilə edə bilməz. Ona görə Aşağı Saksoniya federal torpağında start götürən layihənin müstəqilliyinə zəmanət verilib, baxmayaraq ki, ilkin maliyyə yardımı Daxili İşlər Nazirliyindən olacaq. Bu barədə Filiz Polat məlumat verir.

Hazırda Müster, Tübingen, Osnabrük, Gissen və Erlangen-Nürnberq universitetlərində islamşünaslıq fənni tədris olunur. Cari ilin oktyabr ayında Humboldt adına Berlin Universitetində də islam teologiya fakültəsi açılıb.

Lakin məzunlar Almaniyada imam işləyə bilmir, çünki təhsil müəssisələrində Quran, dua oxumaq və başqa ayinlər tədris edilmir. Bunun üçün ayrıca təcrübə keçmək lazım gəlir.

Aşağı Saksoniya federal torpağının elm və mədəniyyət nazirliyi portala bildirib ki, imamların hazırlanma layihəsi “məscidlərdə icmalar və müsəlman təşkilatları ilə əməkdaşlıq çərçivəsində qeydiyyatdan keçmiş assosiasiyanın yaradılmasını” nəzərdə tutur.

Pilot layihə üçün “yol xəritəsi”ni Osnabrük Universitetindən professor Rauf Ceylan işləyib hazırlayıb. O, yeni təşəbbüsü “birinci addım” kimi qiymətləndirir. Məhz bu səbəbdən professor xəbərdarlıq edir ki, layihəyə böyük ümid bəsləmək lazım deyil.

(xpressa.net)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar