ƏLİ İNSANOV İLK ADDIMI ATARKƏN “YIXILDI” - Keçmiş nazirin “yoxsul” komandası siyasi qüvvəyə çevriləcəkmi?

Keçmiş səhiyyə naziri Əli İnsanov, nəhayət partiya yaratdığını elan etdi. Sosial şəbəkədəki hesabından bu barədə məlumat açıqlayan sabiq nazirin təşkilatının adı Haqq Ədalət Partiyasıdır. 15 nəfərlik Təşkilat Komitəsinə isə aşağıdakı şəxslər daxildir. 

1) Əli İnsanov - sədr, keçmiş Səhiyyə naziri; 

2) İsfəndiyar Vahabzadə - keçmiş səfir, Bəxtiyar Vahabzadənin oğlu; 

3) Qalibə Budaqova – Bakı Dövlət Universitetinin keçmiş müəllimi;

4) Mirədalət Talışxanov – Baş prokurorun keçmiş köməkçisi; 

5) Eyvaz Əliyev – YAP-ın Beyləqan rayon təşkilatının keçmiş sədri;

6) Oruc Muradov – Ukraynanın Xarkov şəhərində yaşayır, sahibkar;

7) İlqar Quliyev – Ekoloq;

8) Babək Adıgözəlov – YAP Nəsimi rayon təşkilatının idarə heyətinin keçmiş üzvü; 

9) Yalçın Qəhrəmanoglu – Kiyevdə yaşayır, Milli Şuranın üzvüdür; 

10) Əfqan Sadıqlı – jurnalist, Azel tv-nin rəhbəri;

11) Zaur Bayramoglu – Qazi; 

12) Murad Muradov – İctimai fəal; 

13) Rəşad Abbaslı – Mühəndis, Təşkilat Komitəsinin katibi; 

14) Fərrux Binnətzadə – keçmiş polis zabiti; 

15) Murad Quliyev – İqtisadçı-hüquqşünas, ABŞ-da yaşayır.

Bu qərar əlbəttə ki, Əli İnsanovun siyasi ambisiyalarının reallaşdırılması üçün verilib. O, təşkilatı qurmaq, böyütmək üçün maliyyə imkanlarından, keçmiş əlaqələrindən istifadə etməyə çalışacaq. Bir müddət sonra qurultay keçirib müxalifət masasının kənarında öz stulunu qoyub rahat əyləşmək istəyəcək.

Siyasi müstəviyə qədəm qoyan təşkilatların vitrini, platforması çox önəmlidir, partiyanın uğurla qurulmasının, cəmiyyətdə yaxşı təqdimatının açar məsələsidir. Əli İnsanov təşkilatı elan edərkən, bu faktorları nəzərə alıbmı? Yaxud açıqlanan Təşkilat Komitəsi keçmiş nazirin öz adı ətrafında yaratdığı ab-havaya nə qədər uyğundur?

Əli İnsanovun komandasının nüvəsini Təşkilat Komitəsinin üzvləri təşkil edir. Onların sırasında nə Qərbi Azərbaycandan olan tanınmış şəxsləri, nə onun keçmiş komanda yoldaşlarını, nə də Azərbaycanda nüfuz sahibi olan ictimai-siyasi xadimləri gördik. Keçmiş nazirə ən yaxşı halda YAP-ın 5-ci liqasında təmsil olunmuş bir neçə keçmiş üzvlər dəstək verib. Eyni zamanda hakimiyyətdə müxtəlif xırda postlar tutmuş, sonradan, işini itirmiş şəxslərin fotolarını da Ə.İnsanovun yanında görmək olur. 

Böyük siyasi iddiaları olan keçmiş nazir bununla cəmiyyətə hansı mesajları vermək istəyir? Hakimiyyətdə təmsil olunan Qərbi Azərbaycanlılar üçün, yaxud, siyasi proseslərə maraq göstərsə də, meydana çıxmağa ehtiyat edən təbəqələr üçün cazibə mərkəzinə çevrildimi? Şübhəsiz ki, ortaya çıxan reallıqdan bu suallara mənfi cavablar çıxır. Təbii, Əli İnsanov daha yaxşı vitrin, daha güclü mesajlar vermək üçün ciddi səylər göstərib, amma əldə edə bildiyi maksimum nəticə bundan ibarətdir. Bu da Azərbaycandakı mövcud siyasi reallıqlardan doğur. Onları belə qruplaşdırmaq olar.

1. Əli İnsanov həmişə regional mənsubiyyətə əsaslanan siyasi təşkilat qurmaq niyyətini gizlətməyib. Açıq şəkildə deyib ki, o həmyerlilərinin dəstəyinə arxalanır. Özünü də bu camiyənin ağsaqqalı hesab edir. Amma onun həbsdə olduğu dövrdə və ondan sonrakı müddətdə keçmiş nazirə arzu etdiyi dəstək ifadə olunmayıb. Çünki Azərbaycanda mərhum prezident Heydər Əliyevin qurduğu hakimiyyət sistemin əsas özüllərindən birini Qərbi Azərbaycanlılar təşkil edib. Onların ən parlaq nümayəndələri yüksək hakimiyyət kürsülərində təmsil olunub, habelə biznesdə, cəmiyyətin müxtəlif sahələrində imtiyazlı, aparıcı qüvvə olub. İnsanovun hakimiyyətdən vurulması ilə bu təbəqənin hakimiyyət təmsilçiliyə xətər toxunulmayıb. Doğrudur, keçmiş nazirin ən yaxın çevrəsi silkələnib, amma bu tədbirlər İnsanova ən yaxın çevrədən kənara çıxmayıb. Ona görə keçmiş nazirin elan etdiyi partiyanın özəyi bu qədər “yoxsul” şəkildə üzə çıxdı. 

2. İkinci əsas amil Əli İnsanovun qisasçı, nifrət dolu siyasi performansıdır. Bu, onun siyasi dəstək umduğu təbəqə üçün olduqca çəkindirici faktordur. Əlbəttə, hakimiyyətdən narazı insanlar iqtidar yetkililərinə qarşı daha sərt əks mövqe görmək istəyirlər. Amma heç bir halda bu kəskin mübarizənin subyektlərinə çevrilmək istəmirlər. Çünki Əli İnsanova qarşı hökumətdə formalaşan sərt reaksiyanın onu dəstəkləyənlərə qarşı da çevrilə biləcəyi qorxusu var. 

3. Əli İnsanovun Əliyev iqtidarındakı davranışları, müxalifətə qarşı təhqiramiz münasibəti və korrupsioner imici ona ən ciddi maneə olan faktorlardır. Hökumət mütəmadi olaraq onun çıxışlarını, adı keçən korrupsiya əməliyyatlarını qabardır. 

Bununla iki məqsədə nail olur. 

Birincisi, protest elektoratının qəzəbini ona qarşı çevirir, nüfuzdan salınır.

İkincisi, müxalifət partiyaları ilə yaxınlaşıb güclərini birləşdirməsinə imkan vermir. Müxalifət də Əli İnsanova daha çox “bulaşmaqdan” ehtiyatlanır. 

Müsavat partiyasında keçmiş nazirin iştirakı ilə keçirilən dəyirmi masadan çıxarılan dərslərin biri də bundan ibarətdir. Yekun olaraq qeyd edək ki, Əli İnsanovun ilk addımı uğursuz oldu. Həbsxanada yaratdığı “sınmaz” imicini bərbad siyasi performansı ilə zəiflətdi. Bundan sonra siyasi həyatda onu ciddi çətinliklər gözləyir. 

Müxalifət getdikcə ondan məsafə saxlamağa başlayacaq, hökumətdə, cəmiyyətin müxtəlif təbəqlərində onu müşahidə edənlər də ona ümidini dəfn edəcək. Belə şəraitdə ambisiyaları gerçəkləşdirəcək siyasi təşkilat qurmağın perspektivləri indidən dumanlı görünür. 

Azpolitika.info

635x100

Şərhlər

t.ədalət 2019-11-25 19:50:43

Hörmətli "Azpolitrika"! Təəssüf edirəm ki,Azərbaycanda gizli ... təşkilatının yaradıcılarından biri olan,"Musavat"ı yaratmaqla AXC hakimiyyətini və Ə.Elçibəyi yasralayan İsa Qənbər haqqındakı şərhləri vermirsiniz.Görünür,aranızda ...dəstəkləyən birisi var.

Bəhram 2019-11-25 13:00:16

AzPolit və Xalq qəzeti hər gün bir müxalifin iddiasını verə bilər?!

алик 2019-11-25 12:36:16

Azpolitika.info niyə qıcıqlanır?

Shahin 2019-11-25 11:38:07

hamisi vəzifə hərisliyidir gərək belələrinə guzəşt olmasin hamisi eks- lərdi tamah onlari hər şeyə vadar edir

Oxucu 2019-11-25 09:48:49

QİSAS PARTİYASI

Alik 2019-11-25 07:18:57

Evinə yığılan pullar kimi haqq ədalətli mi ecabaa

Son yazılar