RUSİYA GÜRCÜSTAN ELİTASINI “ZƏBT EDİR”! – “Çoxdan NATO üzvü olmalıydı, lakin...”

Amerika Birləşmiş Ştatlarının Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hodces “Amerikanın səsi” radiosuna söyləyib ki, Gürcüstan regionda mühüm oyunçudur və NATO-nun üzvü olmaq üçün hər şeyi edib. General həmçinin deyib ki, son zamanlar Gürcüstan hökuməti tərəfindən NATO ilə bağlı təşəbbüskarlığın azalması müşahidə olunur. 

Vaşinqtondakı “Avropa Siyasi Analiz Mərkəzi”ndə keçirilən görüşdə Qara dənizin təhlükəsizliyi məsələsi, regiondakı ölkələrin rolu və NATO-nun Qara dənizə daha çox diqqət ayırması müzakirə edilib. Ben Hodces “Amerikanın səsi”nə deyib: “Gürcüstan çoxdan NATO üzvü olmalıydı. Lakin sentyabr ayında Gürcüstana səfərimdə hiss etdim ki, hökumət tərəfindən əvvəlki təşəbbüskarlıq görünmür. Ordu əvvəlki kimi peşəkar və sadiqdir, düzünü desəm, hökumət nümayəndələrinin Qərblə inteqrasiya məsələsindəki təşəbbüskarlıqları zəifləyib”. 

Ben Hodces hesab edir ki, Qara dənizin şərq cinahının təhlükəsizliyi və Anakliya portunun uğurla başa çatması, bir-biriylə əlaqəli mövzulardır. Belə ki, Anakliya portunun tikilməsi Gürcüstanı xeyli əlverişli vəziyyətə gətirəcək. Əgər Ankaliya portu lazım olan səviyyədə tikilərsə, onda Gürcüstan Avropa və Asiya arasında iqtisadi portala çevriləcək. Avropa şirkətləri Gürcüstana sərmayə yatırır. Beləliklə də, Gürcüstanın təhlükəsizliyi avtomatik olaraq yaxşılaşacaq, çünki hamı onun müdafiəsində maraqlı olacaq. Elə məhz buna görə də, Rusiya bu portun tikliməsini istəmir. Ankaliya portu kommersiya layihəsidir. Lakin onun potensial tikintisi, iqtisadi məqsədlə yanaşı, həm də siyasi aspekt daşıyır. General Hodces deyir ki, Gürcüstandakı Ankaliya ABŞ hərbi gəmilərini cəlb edə bilər. 

Hodces deyib: “Montro konvensiyasına əsasən ABŞ dəniz gücləri Odessa və Konstaça portlarına daxil olurlar. Amma bu cür mühüm portun tikilməsi halında, buradan profilaktika, təhcizat dəstəyi və ya digər məqsədlər üçün istifadə etmək mümkün olacaq. Elə bu səbəbdən Rusiya portun tikintisini istəmir”. 

Anakliyanın tərəfdarları bildirirlər ki, Gürcüstan iqtisadiyyatının güclənməsi onun təhlükəsizliyini möhkəmləndirir. Lakin bu arqumentin əksini söyləyənlər də var. Onlar hesab edirlər ki, Gürcüstan NATO-dan uzaqdadır və lazım gəldiyi zaman ona kömək etmək çox çətin olacaq. General Hodces isə bildirir ki, Gürcüstan hökuməti Kremlin qarşısını almaq metodları üzərində işləməlidir ki, Rusiya heç zaman bu ölkəyə qarşı iri miqyaslı əməliyyatlar keçirmək haqqında düşünməsin. 

Hodces bildirib: “Gürcüstanın təhlükəsizliyi həm onun qonşularından, həm də ABŞ-dan asılıdır. Ona görə də Gürcüstan elə addımlar atmalıdır ki, Rusiya onu “udub həzm etməsin”. Mən görürəm ki, düzgün silahların alınması, düzgün taktikanın qurulması, ölkənin maraqları baxımından mürəkkəb landşaftdan istifadə etməklə, Gürcüstan Silahlıq Qüvvələri bunu anlayır. Müttəfiqlər yardıma gələnə kimi Gürcüstan Rusiyanın qabağını almaq qüdrətində olmalıdır. ABŞ Gürcüstandan üfüqdə görünən müttəfiq kimi istifadə etməlidir ki, bu ona Yaxın Şərq problemlərinin həllində kömək göstərmiş olsun. Ola bilər ki, hərbi aerodromun genişləndirilməsi də daxil olmaqla, orada daimi hərbi baza qurulsun. Kremlə göstərmək lazımdır ki, onun istədiyi vaxt Gürcüstanı təhdid etmək hüququ yoxdur”. 

ABŞ-dan olan siyasi analitik Mark Voyqer Gürcüstanın NATO-ya daxil olmasıyla razıdır, lakin o, bildirir ki, bu ölkə Rusiyanın hibrid əməliyyatları üçün hədəfdir. M.Voyqer deyib: “Bildiyimiz kimi, "Gerasimov doktrinası"nda Rusiyaya qonşu olan ölkələrin NATO-ya daxil olmasının qarşısını almaq üçün, onların ərazisinin işğal edilməsi bəndi də var. Baxmayaraq ki, Rusiyaya meyl artır, ancaq ictimai rəy sorğusu göstərir ki, gürcü xalqı NATO və Avropa Birliyi kimi Qərb institutlarına inteqrasiya olmaq istəyir. Hökumət etirazçıların səsinə qulaq verməlidir. Vaxtilə Gürcüstanda xalq və hökumət arasında birlik vardı. Təəssüf ki, Rusiya indi Gürcüstan elitasını “zəbt etməklə” məşğuldur. Rusiyaya suveren müttəfiqlər lazım deyil, ona vassallar və kölələr lazımdır. Əgər Gürcüstanda kimsə inanırsa ki, Rusiya bərabərhüquqlu əməkdaş olacaq, onlar yanılırlar. Bu, “Gürcüstan arzusu” yox, ”Rusiya dəhşəti” olacaq”. (“Gürcüstan Online”-Gürcüstan)

“AzPolitika”nın əlavəsi: SSRİ dağılandan sonra Rusiya öz sərhədlərinin perimetri boyu təhlükəsiz bufer zona yaratmaq istəyib. Kreml qərb və cənub istiqamətlərinə daha çox diqqət ayırır. Çünki bu zonalar NATO-ya nisbətən daha yaxındır. Haqqında danışdığımız həmin təhlükəsizlik zolağına Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan, Ermənistan daxildir. 

Ukrayna hadisələrində sonra Moldovada - Dnestryanı bölgədə qəribə vəziyyət yaranıb. Belə ki, Rusiya düşünürdü ki, Ukraynanı tam ram edib və onun ərazisindən istədiyi kimi yararlana bilər. İndi Dnestryanı bölgə qalıb ortalıqda. Rusiya öz sərhəd xəttində yerləşən ölkələrin hər hansı iqtisadi və hərbi təşkilata qoşulmasını qətiyyən istəmir və buna qarşı ən sərt tədbirlər görməyə hazırdır. Elə “Gerasimov doktrinası” da bunun üçün hazırlanıb. ABŞ-ın Gürcüstanla hərbi yaxınlığı Rusiyanın qonşuları ilə bağlı strateji planını pozur, necə ki, Ukrayna buna bariz misaldır. Amma hələlik Rusiyanın planı işləyir. 

Nədir onun planı? Rusiya qonşu ölkələr arasında milli zəmində münaqişə ocaqları yaradaraq, onları bir-birinə düşmən etməklə, həmin respublikaları Moskvaya bağlayır. Təbii ki, Gürcüstan istisna sayılmır. Hətta Rusiya daha irəliyə gedərək, Cənubi Ostetiya və Abxaziyanın müstəqilliyini tanıyıb. Lakin Moskva bununla da kifayətlənmək niyyətində deyil. ABŞ olmasaydı, Gürcüstan səsini çıxara bilməzdi. Digər yandan isə, Gürcüstanın hər necə olsa da, Qara dənizə çıxışı bağlanmayıb. Amerikanlar bu cür əlverişli coğrafi mövqedən istifadə etməyə çalışacaqlar.

Vaqif NƏSİBOV 

AzPolitika.info

635x100

Şərhlər

Pənah 2019-11-26 16:08:25

Amerikanlar yox, Amerikalılar

Son yazılar