“BAŞQALARINDAN 20, 30, 50 MİLYONLAR ALMIŞDI...” - "Mahmudov hətta yasa da gedəndə icazə ilə gedir" + VİDEO

Bakı Metropoliteninin sabiq rəisi, hazırda YAP-ın Yasamal təşkilatının sədri olan Tağı Əhmədov bir daha vaxtilə Eldar Mahmudov tərəfindən şantaj olunmasından danışıb. 

T.Əhmədov "Bakupost.az" saytına geniş müsahibəsində E.Mahmudova 3 milyon manat verməsi haqda suala cavabında deyib: “Bu, Eldar Mahmudovun əli ilə Akif Çovdarovun etdiyi iş idi. Baxmayaraq ki, 16 il metropolitenin rəisi olmuşdum, metro da onun kurasiyasında idi, amma onu heç vaxt görməmişdim. Mənə sifariş göndərəndə dedim ki, mən heç kəsə rüşvət vermək niyyətində deyiləm. Demişdi ki, bir dənə maşın alsın. Əlbəttə, mənim üçün maşın almaq elə böyük bir şey deyildi. Sonradan isə 3 milyon tələb olundu. Mən də bunu açıq şəkildə elan etdim. Məhkəmədə də dedim, sübut etdim. Bu, Çovdarovun işi deyildi, Eldar Mahmudovun göstərişi ilə olan iş idi. Eldar Mahmudov o qədər azğınlaşmışdı ki, gözü yeri görmürdü. Məndən alınan 3 milyon onun üçün ”semiçka" pulu idi. Eldar Mahmudov başqalarından 20, 30, 50 milyonlar almışdı. Eldar Mahmudovun işverənləri var idi. Harada ki, gedirdin bir iş görmək istəyirdin, o iş gördüyün adam tez Eldara siqnal verirdi ki, filankəsdə pul var, gəlib məndən bu qədər yer istəyir. Eldar da çağırırdı, soyurdu adamları. Onunla dəfələrlə oturub söhbət etmişik. Hətta bir-iki dəfə mənə də deyib gedək bir yeyək-içək. Demişəm, çox sağ ol, Sizin işiniz bəlkə yeyib-içməkdir, amma metro gecə-gündüz işləyir".

Tağı Əhmədov deyib ki, o, 3 milyon tələb olunanda oğlu xəstə olub, ona bir şey olmasın deyə bu pulu verməyə razılaşıb: “Əslində o, şantaj deyildi. Mənim oğluma böhtan atmaq istəyirdi. Oğlumunsa həmin vaxt ürəyinə 3 dənə stend qoymuşdular, heç nəyi düşünmürdüm. Mənim oğlum prezidentin sərəncamı ilə hakim təyin olunmuşdu. Ona nə Mahmudovun, nə də Çovdarovun gücü çatmazdı nəsə etməyə. Amma mən ata olaraq hiss edirdim ki, əgər onu çağırıb danışdırmaq belə istəsələr, ürəyi tutar, ölə bilər. Ona görə də 3 milyonu elə bil ki, qurban vermişdim. Yoxsa Eldar kim idi ki, mən Eldara, yaxud da Çovdarova pul verim?!”

T.Əhmədov şantajla üzləşərkən Prezidentə şikayət etməməsinin səbəbini belə izah edib: “Mən işlədiyim vaxtı gəlib desəydilər ki, siz mənə qarşı hər hansı cinayət edirsiniz, buna inanmazdım. Prezidentə, yəqin ki, bu barədə məlumatlar çatırmış. Amma Prezidentin ona inamı var idi. O da haradan yarandı, Eldarın fırıldağından. Özünün quraşdırdığı ”Qara kəmər" məsələsi var idi, Hacı Məmmədovu orada yağ içində böyrək kimi saxlayırdı. Cahangirin yoldaşı tutulanda Prezident tapşırıq vermişdi ki, nə olur-olsun, o xanım sağ-salamat xilas edilməlidir. Bu da qurulmuş iş idi. Onunla özünə bir az reytinq qazandı və o reytinqlə də çox irəli getdi".

Eldar Mahmudovun azadlıqda qalmasını "şərti" arlandırıb: “Azadlıqda deyil. Bunu azadlıq saymaqla səhv edirsən. Bu nə sənin işindir, nə də mənim. Bu, Prezidentin səlahiyyətindədir və cənab İlham Əliyev fikirləşir ki, əgər o cür adam türməyə getsə, məhv olacaq, çünki orada tutdurduğu nə qədər adam var. Ən böyük mənəvi əzab nədir? Ev dustağı olmaq! O, hətta yasa da gedəndə icazə ilə gedir. Ev dustağıdır, ev dustağı olaraq da qalacaq. Amma general olan özünün başına bir güllə vurub deyərdi ki, etdiyim xəyanətə görə mənim yerim bura deyil. Amma üz var da, oturur”. 

"AzPolitika"

635x100

Şərhlər

Eli 2020-04-27 23:43:17

Üzün gülsün Tağı müellim kefin olsun

Vətəndaş 2020-01-21 01:39:55

Ölkdə qanunlar işləmir? Axı rüşvət verən də rüşvət alanla eyni maddə ilə cəzalanır. Məgər cinayət məcəlləsi yAP-çılara aid edilmir?Bəs Prokurorluq hara baxır? Fakt göz önündə!

Həsən 2019-12-14 21:15:02

Belə hallar baş verən yerə ölkə demək olmaz....

Hüseyn Həsənov 2019-12-04 18:18:44

Yenə dolayısı ilə də həqiqəti deyən tapıldı. Təəsüf ki, nəticə olmadı.

Fikrət Abdullayev 2019-12-02 10:42:57

Tağ bəyin bu çıxışı özünü ifşa sayılmır?Belə adamların rəhbərlik etdiyi Rayon YAP təşkilatı necə olmalıdı ki?Belə adamlara təyinat verənlər (hətta rayon təşkilatının sədri) nə düşündüklərinin,nə etdiklərinin fərqindədirlərmi? Belə təşkilatın üzvlərindən millət nə gözləyə bilər? ....YAP-in icraçısı saydıqları Əli Əhmədov is işin öhdəsindən gəlməyi bacarmayan biridir....

O.B.N 2019-11-30 22:03:36

Doğrudan da Analoqu olmayan ölkədir.Cinayət məlum,cinayətkar da məlum ancaq mühakimə edən yox.Biridən 3 o biridən 50milyon alıb ,deyən yoxdur bu pul hardandır niyə almisan.Bu hakimiyyətin gücü deyəsən milyon

Aqa 2019-11-29 20:07:17

A ... bu pul hardandı.Metro deyirdiz ziyana işləyir.

Vətəndaş 2019-11-28 09:59:31

Tağı Əhmədov niyə bu 3 (üç)milyonun mənbəini açmır.Bu onda maaşından qənaət etməklə yığılıb? Hələ utanmaz-utanmaz əsaslandırmaq istəyir.AZərbaycan dövlətində.iqtidarında bir sorğu mexanizmi yoxdur? Hələ bir 20,30,50 milyon verənləri də göstərir.Bu YAP-ın vəzifəli üzvlərinin oğurluq,taln şəbəkəsinə üzv olduqlarını təsdiq etmirmi? Niyə sorğu aparılmır?

Son yazılar