YENİ OMBUDSMAN MƏLUM OLDU - Deputatlar həmkarlarının həyat yoldaşını seçdilər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə yeni Müvəkkili (Ombudsman) məlum olub.

"AzPolitika.info" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyeva yeni Ombudsman seçilib. Onun namizədliyinin lehinə 104 deputat səs verib. S.Əliyeva Ombudsman kimi deputatlar qarşısında and içib.

 S.Əliyeva Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş Komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır. Hüquqşunas eks vitse-spiker və Azərbaycanın Çin Xalq Respublikasınıdakı sabiq səfiri Yaşar Əliyevin qızıdır.

Qeyd edək ki,Milli Məclisin plenar iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) seçilməsi məsələsinin müzakirəsi zamanı əvvəlcə namizədlər barədə Milli Məclisin sədr müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova məlumat verib

Ombudsman vəzifəsinə üç nəfərin - Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Ali Məhkəmənin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Səbinə Əliyevanın namizədliyi irəli sürülüb. Hər üç namizəd parlamentin iclasında iştirak edir.

B.Muradova deyib ki, namizədlər cəmiyyətdə tanınan və həyat yolu, tərcümeyi-halları zəngin olan insanlardır: “Namizədlər ictimai-siyasi həyatda tanınan simalardır. Onlar ölkənin bugünkü siyasətinə və Prezident İlham Əliyevin apardığı yeniləşmə, gəncləşmə siyasətinin ruhuna tam uyğundurlar. Kimin seçilməsindən asılı olmayaraq yeni Ombudsmana uğurlar arzulayırıq”.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev öncə əvvəlki Ombudsman Elmira Süleymanovanın fəaliyyətinə tənqidi yanaşdı.

Deputat dedi ki, xüsusilə də xalq arasında arasında “Tərtər işi” adlanan cinayət işinin istintaqı zamanı bizim bəzi hərbçilərin ermənilərə işlədiyi, sonradan bəzi şəxslərin işgəncələrə məruz qalması barədə məlumatlar yayıldı: “Bu zaman Ombudsman xüsusi diqqət göstərməli idi. İşgəncələr nəticəsində həyatını itirən insanlar olub. Çox təəssüf ki, bu barədə cəmiyyətə məlumat verilmədi”.

Q.Həsənquliyev dedi ki, Ombudsman olan şəxs ictimai-siyasi proseslərdən məlumatlı olmalıdır. Bundan sonra deputat namizədlər barədə müsbət fikirlər söylədi. “ Mən özüm Səbinə xanıma üstünlük verirəm, hesab edirəm ki, Siyavuş müəllim (Siyavuş Novruzov-E.P. ) də ona dəstək ola bilər”. 

Q.Həsənquliyev onu da dedi ki, Ombudsman haqqında qanuna dəyişiklik etməliyik: “Ombudsmanın səlahiyyət müddəti iki ildir başa çatıb, ancaq biz hələ də yenisini seçməmişik. Ona görə də elə etməliyik ki, yeni Ombudsman əvvəlki Ombudsmanın 7 illik səlahiyyət müddəti başa çatmazdan öncə seçilsin. Ona görə də qanunvericilikdəki boşluq aradan qaldırılmalıdır”.

Deputat Azər Badamov da yeni Ombudsman vəzifəsinə Səbinə Əliyevanın ən layiqli namizəd olduğunu bildirdi.

Komitə sədri Əli Hüseynli də S.Əliyevanın daha şanslı namizəd olduğunu dedi.

Səsvermə nəticəsində S.Əliyeva 104 səs topladı və yeni Ombudsman seçildi. 

Digər namizəd Kəmalə Əliyevaya 10 deputat lehinə, 28 əleyhinə səs verdi. Spiker səs verməyənlərə irad tutdu: “Təkrar səs verin”. Bu dəfə 14 lehinə, 69 əleyhinə oldu. Kəmalə Abıyevanın lehinə 13, əleyhinə 66 deputat səs verdi.

Spiker yeni Ombudsmanı təbrik etdi. Bundan sonra Səbinə Əliyeva Ombudsman kimi and içdi.

Sonra Səbinə Əliyeva çıxış etdi: “Bu vəzifəyə seçilmək mənim üçün böyük şərəfdir. Mənə etimad göstərib bu vəzifəyə namizədliyimi Milli Məclisə təqdim etdiyinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımı bildirirəm”.

S.Əliyeva ona səs verən bütün deputatlara təşəkkür etdi: “Sizi əmin etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və ölkə başçısı İlham Əliyevin daha da təkmilləşdirdiyi insan hüquqlarının təmin edilməsi sisteminin fəaliyyətinə töhfə verilməsi, bununla da cəmiyyətdə gedən hərtərəfli inkişaf prosesinin dəstəklənməsi üçün bütün səylərimi əsirgəməyəcəm”.

Yeni Ombudsman bildirdi ki, vətəndaşların, habelə əhalinin müxtəlif qruplarının, o cümlədən yetkinlik yaşına çatmayan, əlillərin və digər zəif qrupların hüquq və azadlıqlarının səmərəli qaydada təmin edilməsi insan hüquqları üzrə müvəkkilinin işinin prioritet istiqaməti olaraq qalmaqdadır: “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində soydaşlarımızın kütləvi şəkildə pozulmuş hüquqlarının müdafiəsi, işğal nəticəsində ölkəmizin təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktlarının dünya ictimaiyyətinə çatdırılması, pozulmuş insan hüquq və azadlılarının bərpası bu işin mühüm tərkib hissələrindəndir”. 

S.Əliyeva bu günə qədərki təcrübəyə əsaslanaraq işləri daha da təkmilləşdirməyə çalışacağını da vurğulayıb.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2019-12-03 22:55:35

Azərbaycanda vəzifə təyinatı imkanlı adamın həyətindəki hovuza bənzəyir.Yəni,ailə üzvləri istədikləri zaman həmin hovuza girib çimdikləıri kimi vəzifələrə də hamılıqla sahib ola bilirlər..

O.B.N 2019-12-01 00:22:10

.....Kimdən kimə şikayət ediləcək.

Dəyanət 2019-11-29 17:16:59

Növbəti biabırçılıq! BUndan nə olacaq?

Vətəndaş 2019-11-29 14:39:21

.....Tayfa qəbilə....

hüseyn həsənov 2019-11-29 12:54:45

Kimn seçilməsinin əhəmiyyəti yoxdur. Ədalət məhkəməsi olmayan məmləkətin ombudsmanı nə isə fayda verə bilməz.

hüseyn həsənov 2019-11-29 12:53:36

Kimn seçilməsinin əhəmiyyəti yoxdur. Ədalət məhkəməsi olmayan məmləkətin ombudsmanı nə isə fayda verə bilməz.

Son yazılar