PUTİNİN ÖZƏL ORDUSU BÖYÜK İTKİLƏR VERİR – “Vaqner qrupu” Afrikada nə axtarır?

Muzdlu rusiyalı döyüşçülər Mozambikdəki yaraqlı cihadçıların təzyiqi altında geri çəkilirlər. Onlar getdikcə intensivləşən münaqişənin gedişində adamlarını və tutduqları ərazini itirirlər. Həm də böyük ehtimalla bu muzdluların qələbə əldə etmələri mümkünsüzdür. Kremllə bağları olan özəl hərbi şirkət – “Vaqner Qrupu”nun 200 nəfərə yaxın döyüşçüsü uğursuz əməliyyatlar və düşmən pusqusu nəticəsində 9 nəfər itki verərək geri çəkiliblər. Bəzi döyüşçülərin başları kəsilib.

Yerli mənbələrin verdiyi məlumata görə, “Vaqner Qrupu”nun Mozambikin şimalında döyüşdükləri üç ay ərzində islamçı yaraqlıların qəddar hücumlarının tezliyi xeyli artıb. Buradakı rusların bəzisi “dost atəşi” nəticəsində ölüblər ki, bu da “Vaqner qrupu” ilə onların dəstəklədikləri Mozambik silahlı qüvvələri arasında soyuqluğa səbəb olub.

Rusiyalı muzdlular cənubi Afrikanın ən qeyri-sabit, yoxsul gegionu Mozambikin sıx meşəlik əyaləti olan Kabu-Deqadu əyalətində vuruşurlar. Həmin əyalətin sahillərində böyük qaz yataqları tapılıb. İlk müasir özəl ordulardan biri olan “Executive Outcomes”in qurucusu, 63 yaşlı Eben Barlou “The Times”-ə deyib: “Afrika münaqişələrinə Avropa və ya Rusiya strategiyasıyla yanaşmaq - yaxşı heç nə verməyəcək”.

Bu ay ərzində 25 qanlı insident qeydə alınıb. Terrorizmlə mübarizəyə qarşı ekspert Jasmine Opperman bildirir ki, ruslar özlərinin istifadə olunduqlarını və təcrid vəziyyətinə düşdüklərini hiss edirlər. O, əlavə olaraq deyib: “Vaqner qrupu”nu ən qaynar yerə yollayıblar, onlar qulaqlarına qədər münaqişə girdabına batıblar. Düşmən isə hər gün getdikcə daha da güclənir”.

Avqust ayında Mozambik prezidenti Filipe Nyusinin Moskva səfəri zamanı enerji və təhlükəsizlik sahəsi ilə bağlı Putinlə müqavilə imzalanmışdı. Bundan bir neçə həftə sonra “Vaqner qrupu” Mozambikə göndərilib.

Rusiya məsələləri üzrə mütəxəssis Mark Qaleotti bildirir ki, təhlükəsizliklə bağlı beynəlxalq bazarda “Vaqner qrupu” Afrika liderləri arasında populyarlıq qazanıb. Bu təşkilat Putinə yaxınlığı ilə tanınan biznesmen Yevgeni Priqojin tərəfindən qurulub. Analitiklərin fikrinə görə, özəl ordudan istifadə olunması Moskvaya imkan verir ki, özünün Afrikadakı təsirinin güclənməsini inkar etsin.

“Vaqner qrupu”nun döyüşçüləri Sudanda, Mərkəzi Afrika Respublikasında, Liviyada və Suriyada vuruşurlar. Mark Qaleotti bu təşkilatdakı itkilərin artmasını onun sıralarının sürətlə genişlənməsi ilə izah edir. Belə ki, Rusiyanın beynəlxalq ambisiyasını məmnun etmək lazımdır. M.Qaleotti “Moscow Times”-a verdiyi müsahibədə deyib: “Bu o anlama gəlir ki, onlar qrupa yeni cəlb edilmiş döyüşçülərin üzərinə qoyulan tələbləri azaltmaq məcburiyyətində qalırlar”.

Mənfəətli Mozambik müqaviləsi uğrunda mübarizəni uduzmuş özəl mühafizə şirkətlərindən biri də vaxtilə Rodeziya xüsusi təyinatında xidmət göstərmiş Con Qartnerin rəhbərlik etdiyi “OAM” şirkətidir.

Con Qartner “The Times”-a bildirib ki, o, Mozambikə 50 döyüşçü təklif edib. Hər adam üçün aylıq 15-20 min dollar tələb olunub. Amma anlaşma baş tutmayıb. O deyib: “Çox böyük ehtimalla, ”Vaqner qrupu” daha az məbləğ istəyib, lakin ruslar görüləcək işlərin miqyasını dəyərləndirə bilməyiblər. Onlar üsyan ocağından 360 mil (500 kilometrdən çox) cənubda yerləşən Nakala liman şəhərinə geri çəkilib, yenidən qruplaşaraq, başqa planlar hazırlaya bilərlər”.

Son iki il ərzində münaqişə əyalətinə yaraqlıların 300 hücumu qeydə alınıb. Əksəri dinc sakin olmaqla. 450 nəfərdən çox ölən var. İyun ayından “İŞİD” hücumların çoxunu öz üzərinə götürüb.

İndi hökumət qanlı döyüşlərə tezliklə son qoymalıdır. Çünki 2010-cu ildə Kabu-Delqadu sahillərində aşkarlanmış qaz yataqlarına 30 milyard funt dəyərində investisiya qoyuluşu barəsində danışıqlar aparılır.

Mozambik hökuməti onilliklər ərzində yaraqlı müqavimət qüvvələrinin “şitilliyinə” çevrilmiş bu başıpozuq ərazidə yaşananlara diqqət ayırmayıb. Həmin əyalətdəki 2,3 milyonluq əhalinin yarısı müsəlmandır. Ümumiyyətlə isə, bu ölkə əhalisinin beşdə birini müsəlmanlar təşkil edir.

Qeyd edək ki, Putinin dostu kimi tanınan Yevgeni Priqojin “Vaqner qrupu”nun qurucusu kimi qələmə verilsə də, bəllidir ki, bu belə deyil. Çünki belə bir təşkilatın yaradılması daha yüksək instansiyalara lazımdır. Sözsüz ki, hər şey Kremlin xeyr-duası ilə həyata keçirilir. Putinin aşbazı kimi tanın və kriminal keçmişi olan Priqojin məhz Kreml rəhbəri sayəsində milyarder olub. İndi o, “Vaqner”i yuxarıdan gələn təlimatlara əsasən maliyyələşdirir və təbii ki, ona göz-qulaq olur.

Amma hərbi əməliyyat işlərini başqa birisi həyata keçirir. “Vaqner”in rəhbəri ehtiyatda olan polkovnik Dmitri Utkindir. O, şəxsən prezident Putin tərəfindən “İgidlik ordeni” ilə mükafatlandırılıb. Dmitri Utkin hərbi kəşfiyyat - GRU-nun xüsusi təyinatlı dəstəsində xidmət edib və 2013-cü ildə ehtiyata buraxılıb. Ehtiyata çıxandan dərhal sonra Suriyadakı döyüşlərdə iştirak edən muzdlu “Slavyan korpusu” dəstəsinin tərkibində vuruşub.

”Vaqner” qrupu isə 2014-ci ildə formalaşıb. Bu qrup Ukrayna, Sudan, Mərkəzi Afrika Respublikası, Suriya və digər ölkələrdə hərbi əməliyyatlarda döyüşüb. Buradakı məqsədlərdən biri də təbii resurslar uğrunda mübarizədə Rusiyanın istəklərinin təmin edilməsidir. Ona görə ki, başqa qüvvələr də Afrikadakı zəngin neft, qaz, almaz, qızıl yataqlarına göz dikiblər.

Rusiya faydalı qazıntıların hasilatı ilə bağlı gəlirli müqavilələrdən böyük pullar qazanmaq istəyir. Göründüyü kimi, ruslar indi gedib çıxıblar Mozambikə və orada ciddi çətinliklə üzləşiblər.

Onu da vurğulamq lazımdır ki, ”Vaqner qrupu” ABŞ-ın sanksiya siyahısına daxil edilib. Tanınmış jurnalist Orxan Camal “Vaqner qrupu” barəsində film çəkmək üçün Cənubi Afrika Respublikasına getmişdi və orada operator Aleksanr Ratorquyevlə birlikdə qətlə yetirilmişdi.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar