"ƏN ZƏİF BƏND" YOLA SALINIR... – Parlamentin buraxılması siyasi islahatlara “qapı açdı”

Hazırkı ölkə parlamentinin Azərbaycanın siyasi hakimiyyət sistemində "ən zəif bənd" olduğu heç bir şübhə doğurmurdu.

Bu Milli Məclis tərkibinin istər cəmiyyətin, istərsə də mətbuatın ən əsas tənqid obyektlərindən birinə çevrilməsi də təsadüfi deyildi. Və hakimiyyətin elan etdiyi son islahatlar dalğasının başlamasından, "köhnə qvardiyanın" əsas fiqurlarının yola salınmasından dərhal sonra hamının nəzərinin məhz Mili Məclisə tuşlanması da təbii idi.

Ötən gün YAP Siyasi Şurasının parlamentin buraxılması təşəbbüsü ilə çıxış etməsi isə cəmiyyətdə ciddi dəyişikliklərə dair kifayət qədər böyük ümidlər doğuran prosesin məntiqi davamı oldu. Maraqlıdır ki, cəmi bir neçə ay öncə mətbuatda parlamentin buraxılacağı və növbədənkənar seçkilərin keçiriləcəyinə dair məlumatlar yayılanda, bir çox YAP rəsmiləri həmin məlumatları təkzib etmişdilər. 

Elə bunun özü də hakim komandanın bir çox üzvlərinin məlumatsızlığından daha çox islahatlarda, dəyişikliklərdə maraqlı olmadıqlarından xəbər verirdi. Ancaq bununla yanaşı aydın görünürdü ki, artıq proseslər tam şəkildə "köhnə qvardiyanın" nəzarətindən çıxır...

Əslində, parlamentin buraxılması və yeni seçkilərin təyin edilməsinə dair qərarın verilməsindən çox verilməməsi təəccüblü görünürdü. Çünki doğrudan da hakimiyyətin bəyan etdiyi islahatlar ideyası ciddi və qəti idisə, bu prosesin yalnız kadr dəyişiklikləri, iqtisadi islahatlar, yaxud struktur islahatları ilə məhdudlaşdırılması doğru olmazdı. 

Bunun davamı mütləq siyasi islahatlarda öz əksini tapmalı, siyasi islahatlar isə təbii ki, ilk növbədə hakim siyasi partiyanın özü və onun tam üstünlük təşkil etdiyi parlamentdən başlamalı idi. Çünki hakim siyasi iradənin başlatdığı və bütün mümkün təhlükələrə rəğmən davam etdirdiyi yeni xətt dinamiklik tələb edir. 

Bu dinamika isə iqtisadi sahə - vergi və gömrük orqanlarındakı struktur islahatları, kadr dəyişiklikləri, dövlət idarəçiliyi sistemində Prezident Administrasiyası və Nazirlər Kabinetindəki önəmli dəyişiklikilərdən sonra siyasi islahatlara keçidi zəruri edirdi. 

Yalnız məhkəmə-hüquq sistemi və bir neçə sahə qalır ki, bunlarda da paralel olaraq ciddi islahatların aparılması qaçılmazdır. Belə görünür ki, hakim siyasi qüvvə də bu səbəbdən zamandan mümkün qədər səmərəli istifadə etmək və növbəti parlament seçkisini gözləməmək qərarını verib. Çünki ciddi hədəflər qoyulan siyasi islahatların perspektivinin fonunda hazırkı parlament və onun tərkibi çox zəif və hətta "yamaq" kimi görünürdü.

Əslində, erkən parlament seçkisi həm də ölkə, cəmiyyət üçün çox mühüm bir şansdır - siyasi mübarizəni küçələrdən yığışdıraraq sivil mühitə daşımaq, bir həmvətənimizin digərinə qarşı zorakılıq etməsinə, söyməsinə, təhqir etməsinə son qoymaq, xalqın iradəsinin daha dolğun şəkildə ifadə olunması imkanıdır.

Nə qədər acınacaqlı olsa da, Azərbaycanın yeni müstəqillik tarixində məhz bu iradənin tam şəkildə təmsil olunduğu güclü parlament demək olar ki, mövcud olmayıb. Bəyan edilən islahatların siyasi ayağının ilk addımı sayıla biləcək yeni parlament seçkisi qərarı həmin iradənin daha səviyyəli, ədalətli və layiqli formada ortaya qoyulmasına imkan yaradır. İndi hamı üçün aydındır ki, əgər yeni parlament də "notarius" rolunu oynayacaqsa və orada mahiyyətcə köhnə, sadəcə forma baxımından yeni sifətlər görəcəyiksə, bunun üçün çəkilən zəhmət, aparılan islahatlar, alınan risklər gözlənilən nəticəni verməyəcək. Əksinə, həm tərkibcə, həm də mahiyyətcə yenilənmiş parlament isə Azərbaycan iqtidarının xalq arasındakı dayaqlarını daha da gücləndirəcək.

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

Məhəbbət 2019-11-30 21:27:13

Parlametin buraxılmasına üstünlük verilməlidir.Eyni ilə də bölgələrdə bütün Bələdiyyə sədirləri və İcra Hakimiyyətinin kəhdlər və bölgələr üzrə nümayəndələri(kənd soveti sədrləri) kökündən dəyişdirilməlidir.İllərlə-10-15,hətta 20 ildən yuxarı eyni postu tutanlardı hamısı.Seçkilərdən seçkilərə puluni verib eyni postda oturanlardı hamısı.Onların hamısı kökündən dəyişdirilməli və ciddi araşdırmalar aparılmalıdır.

Araz 2019-11-29 17:48:09

Bu zəif bənd kimlərin məhsuludur?Hansı qarantiya varmı ki, yeni seçkinin nəticəsi demokratik,doğru səs vermə,saxtakarlıq (Məzahir bəy) olmadan,normal seçkilər keçiriləcək?

Son yazılar