“QARABAĞDA HƏRBİ ƏMƏLİYYATLAR GÖZLƏNİLİR” – Ekspertlər Prezidentin bəyanatını şərh edirlər

“Mən hələ Avropada iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə bağlı keçirilən mərasimdəki çıxışında bildirib. Prezidentin bu bəyanatı cəmiyyətdə rezanons doğurub. Xüsusən, Avropa İttifaqı ilə tərəfdaşlıq sazişi üzrə məsləhətləşmələrin getdiyi ərəfədə rəsmi Bakının mövqeyi danışıqların bloklanacağı barədə rəylərə yol açıb.

Xatırladaq ki, Azərbaycan Avropa İttifaqı ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. "Şərq Tərəfdaşlığı" Avropa İttifaqının 6 qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb. 2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlanıb. Ancaq hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.

Hikmət Hacızadə: “Prezidentin bəyanatı Qarabağ danışıqları ilə bağlıdır"

Prezidentin bəyanatının Avropa ittifaqı ilə münasibətlərə mümkün təsirlərini AzPolitika info-ya şərh edən keçmiş səfir, politoloq Hikmət Hacızadə bildirib ki, heç nə dəyişməyəcək. 

Ekspert hesab edir ki, bu bəyanatın səsləndirilməsi Qarabağ probleminin həlli üzrə gedən danışıqlarla əlaqədardır: “Azərbaycan hökuməti Rusiyadan dəstək almağa çalışır. 

Ona görə də Moskva ilə münasibətləri istiləşdirmək üçün cəhdlər edilir. Mənə elə gəlir ki, Ermənistanı sülhə məcbur etmək üçün hansısa kiçik çaplı hərbi əməliyyatlar gözlənilir”.

Leyla Əliyeva: “Bakı Avropa ilə inteqrasiya yox, əməkdaşlıq istəyir”

Politoloq, Avropa İttifaqı ilə əlaqələr üzrə mütəxəssis Leyla Əliyeva isə bir qədər fərqli düşünür: “Əslində 2010-2011-ci illərdən Azərbaycanın xarici siyasət kursunda Avrointeqrasiya meyli olmayıb. Bakı əməkdaşlıq istəyir, inteqrasiya olunmaq yox. Avropa İttifaqı ilə sözügedən saziş isə tamamilə iqtisadi inteqrasiyanı nəzərdə tutur. Görünür, Azərbaycan hökuməti bu istiqamətdə də addımlar atmaq istəmir”.

Ekspertin fikrincə, Bakı hazırki status-kvonun saxlanmasında maraqlıdır.

Elxan Şahinoğlu: “Biz hətta istəsək belə Avropadan imtina edə bilmərik” 

Politoloq Elxan Şahinoğlu “AzPolitika.info”-ya şərhində bildirib ki, Prezidentin Avropadan imtina etdiyini düşünmür, sadəcə Prezident Avropanı sərt tənqid edib: “Hazırda Bakı ilə Brüssel arasında Strateji Saziş üzrə iş gedir, bu il də imzalanmasa, nə vaxtsa imzalanacaq. Azərbaycanın əsas xarici ticarət tərəfdaşları Avropadadır. Azərbaycan Avropaya qaz satmağa hazırlaşır. Biz, hətta istəsək belə Avropadan imtina edə bilmərik. O başqa məsələdir ki, bizim qarşımıza Avropa Birliyinə üzvlük kimi hədəf qoyulmayıb”.

Politoloq hesab edir ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq davam edəcək: “Sadəcə olaraq, Prezident Avropada olan islamafobiya və bəzi mənfi tendensiyaları tənqid edir. Açıq deyir ki, biz ora inteqrasiya olunmayacağıq. Azərbaycan Avropa İttifaqı ilə sıx əməkdaşlığı davam etdirəcək, dövlət başçısı da buna qarşı deyil”.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2019-11-29 20:54:06

Əgər Qarabağda hərbi əməliyyatların olacağı indidən ortalıqda danışılırsa,deməli,Rusiya növbəti xəyanət planı qurur.Ehtiyatlı olmalıyıq ki,Rusiyanın istəyi,yəni boş yerə çoxsaylı əsgər itkisinə hesablanmış plan işə düşməsin.Rusiya bizi beləcə qırğına verib(öldürən də özüdür!) ermənistanı işğal zonalarında möhkəmləndirir.İndi "Fatmanisə qarı" da bilir ki,Rusiya Dağlıq Qarabağın ermənilərə qalması üçün dəridən-qabıqdan çıxır.İndiyə kimi onların ortaya qoyduqları mövqe də dediklərimizi təsdiqləyir.

Son yazılar