"SEÇKİ MƏCƏLLƏSİNƏ TƏCİLİ DƏYİŞİKLİK EDİLMƏLİDİR" - “İqtidar çalışmalıdır ki, xalqın islahatlara olan ümidlərini puç etməsin”

Qüdrət Həsənquliyev: “Hökumət özündə güc tapmalı, həm özünün, həm də ölkənin imicini korlayan, ölkənin siyasi və iqtisadi inkişafına ciddi töhfə verməyən Parlamentin bugünkü vəziyyətini dəyişməlidir

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. "AzPolitika.info" həmin müsahibəni təqdim edir:

- Qüdrət bəy, növbədənkənar seçkilərə münasibətiniz necədir?

Biz əvvəllər də söyləmişdik ki, əgər hakim partiya növbədənkənar seçkilərə getsə biz onu dəstəkləyəcəyik. Çünki Azərbaycan Avropada tək ölkədir ki, parlamentində müxalifət fraksiyası yoxdur. Çalışacağıq ki, vəziyyəti dəyişməklə həm də ölkəmizin imicini dəyişək, Milli Məclis hakimiyyətin müstəqil qanadı kimi ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinə öz töhfəsini versin.

- Növbədənkənar seçkilərin konstitusion əsası varmı? 

- Konstitusiyada parlamentin özünü buraxma proseduru nəzərdə tutulmasa da bu, qadağan da olunmur və oluna da bilməz. Necə ki, kimsə prezidentə, yaxud istənilən vəzifəli şəxsə deyə bilməz ki, siz istefa verə bilməzsiniz, eləcə də parlamentə kimsə deyə bilməz ki, siz mütləq seçildiyiniz beş il müddətini sona qədər işləməlisiniz. Dünyanın hər yerində parlament çoxluğu zəruri hesab edirsə yeni seçkilər təyin edir. Hazırda Böyük Britaniyada da nəvbədənkənar seçkilər keçirilir.

- Qüdrət bəy, yeni parlamentdən gözləntiləriniz özünü doğrultmasa nə olacaq?

- İqtidar çalışmalıdır ki, xalqın islahatlara olan ümidlərini puç etməsin. Belə olarsa insanlar desturiktiv siyasi elementlərin arxasınca gedə bilər. Prezident İlham Əliyev bu günə qədərki fəaliyyəti ilə islahatların bazasını yaradıb. Biz yeni inkişaf dövrünə qədəm qoymuşuq. O ya islahatları dərinləşdirib Azərbaycanı inkişaf etmiş bir Avropa ölkəsinə çevirməklə öz adını da tariximizə qızıl hərflərlə yazacaq, ya da bu günə qədər əldə etdiklərimiz, hər şey dağılıb gedəcək.

Bu parlamentdən gözləntilər o deyil ki, kimi kimsə əvəz etsin. Parlamentə fərqli fikir daşıyıcıları o sayada daxil ola bilməlidir ki, parlament çoxpartiyalı sistem əsasında fəaliyyət göstərə bilsin, ideyaların və düşüncələrin toqquşduğu, dartışıldığı bir auiditoriyaya çevrilsin. Bunun üçün, Konstitusiyada mojoritar seçki sistemi nəzərdə tutulduğundan, Seçki Məcəlləsinə təcili dəyişiklik edilməli, bir partiyaya, yaxud partiyaların siyasi blokuna 85-dən artıq dairədə namizəd irəli sürmək qadağan edilməlidir. Namizədlərin irəli sürülməsi səlahiyyəti yalnız siyasi partiyalara verilməlidir. Bitərəflərin namizədliyinin yalnız siyasi partiyalar tərəfindən irəli sürülməsi Məcəllədə öz əksini tapmalıdır. Ermənistan Seçki Məcəlləsinə görə heç bir partiya, yaxud siyasi blok parlamentdə yerlərin üçdə ikisindən çoxunu tuta bilməz. Biz də siyasi islahatlar yolu ilə elə etməliyik ki, parlamentdə orduya, hökumətə nəzarət edə biləcək konstruktiv müxalifət fraksiyaları formalaşsın. Hökumət özündə güc tapmalı, həm özünün, həm də ölkənin imicini korlayan, ölkənin siyasi və iqtisadi inkişafına ciddi töhfə verməyən Parlamentin bugünkü vəziyyətini dəyişməlidir.

635x100

Şərhlər

Faiq 2019-11-30 18:32:42

Baş açmaq olmur bu nə oyundur? Yaxşı olacağına,30 ildir davam edən ədadlətsizliyin düzəlməsinə inanmaq çətindir.

Millət 2019-11-30 18:20:46

Heç nə dəyişməyəcək.

Son yazılar