RUSİYA ABŞ-ÇİN MÜNAQİŞƏSİNDƏ HANSI ROLU OYNAYACAQ? – “Seçim etmək vaxtıdır”

Baxmayaraq ki, Rusiya-Çin münasibətləri heç zaman indiki kimi yaxşı olmayıb, amma Moskva və Pekinin qarşıya qoyduqları hədəflərin müxtəlifliyini də unutmayaq.

İkinci Dünya Müharibəsindən sonra ümumdünya ticarətindəki təhlükəsizliyin təminatçısı rolunda ABŞ çıxış edib. ABŞ-ın rəhbərliyi ilə qurulan sistemdə və dünyanın qloballaşmasından ən çox udan tərəflərdən biri Çin olub.

Çin Amerika tərəfindən yaradılmış strukturda malların və xidmətin sərbəst şəkildə hərəkətindən fayda götürür. Pekin bu dünya nizamını dəyişmək istəmir və ondan hərtərəfli formada yararlanmaqda davam edir. Çindən fəqri olaraq Kremlin nəzər-nöqtəsinə görə, Amerikan sisteminin mövcudluğu Rusiyanın gücünü və əhəmiyyətini azaldır.

Rusiya görür ki, beynəlxalq arenadakı əvvəlki mövqeyini itirir və SSRİ zamanındakı imperiya imkanlarını əldən verərək, üçüncü kateqoriyalı oyunçuya çevrilir. Bu isə onu əsas qlobal hegemonlarla rəqabətdən məhrum edir. Əgər Moskva Vaşinqtonun başlıca rəqibləri sırasında yer tutmayacaqsa, onda onun yeni rolu nədən ibarət olacaq?

- Çoxşaxəli əməkdaşlıq

Rusiya və Çin arasındakı sıx ticarət münasibətləri Moskva üçün xeyirlidir. Çin bazarına açılan yol ticarət dövriyyəsinin və iqtisadiyyatın inkişafına təkan verir. 2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmi 100 milyard dollar idi. Beləliklə də 2017-ci illə müqayisədə bu göstərici 30% artıb. Həmçinin iki ölkə arasında 20 müqavilə imzalanıb. Rusiya və Çin liderləri son altı ildə 30 dəfə görüşüblər. Bu yaxınlarda Moskva “S-400” raketləri və “Su-35” qırıcıları da daxil olmaqla, Pekinə yeni texnologiya satmağa razılaşıb.

Rusiya-Çin əməkdaşlığı getdikcə dah çox sahələri əhatə edir. Arktika üzərindəki buzlaqların əriməsi neft və qaz hasilatı istiqamətində yeni imkanlar açır. Ona görə də hər iki ölkə alimləri müştərək araşdırma mərkəzinin açılması qərarına gəliblər. Moskva və Pekin Birləmiş Millətlər Təşkilatı meydançasında oxşar mövqe göstərərək, İran, Şimalı Koreya və Yaxın Şərq məsələlərində, demək olar ki, eyni cür çıxış edirlər. Rusiya Yaxın Şərqdə aparıcı dövlət mövqeyini qaytarmaq istəyir, Çin isə İran kimi iri enerji tədarükçüsüylə yaxşı diplomatik əlaqələr qurur. Ancaq Rusiya Çinin peyk dövləti rolunda oynamağa razılaşacaqmı? Hazırkı mövcud siyasi sistem çərçivəsində Rusiya Donald Trampın liderliyini qəbul etmir. ABŞ dünyanın hər yerində hegemonluğunu saxlmaq gücündə deyil. Buna bariz nümunə kimi qoşunların Suriya ərzisindən çıxarılmasını göstərmək olar. Belə görünür ki, Vladimir Putin Amerika prezidentini yox, Si Çzinpini daha etibarlı əməkdaş sayır.

- Seçim etmək vaxtıdır

ABŞ Hərbi Dəniz Qüvvələri zabitlərinin səriştələrinin yüksəldilməsi məktəbinin professoru Con Arkilla hazırladığı məruzədə yazıb: “Əgər Moskva və Pekin yaxınlaşmaya getsələr, onda dünya sistemi və ABŞ-ın aparıcı mövqeyi ciddi təhlükəylə üzləşəcək”

Çikaqo Universitetinin professoru Con Mirşaymer deyir ki, bir çox dövlət üçün seçim etmək vaxtıdır, çünki Çini müştəri, ABŞ-ı isə yalnız dost və sülhün təminatçısı rolunda görmək olmaz. Ölkələr aydın şəkildə kimin tərəfini tutacaqlarını müəyyənləşdirməlidirlər. Rusiya Çini seçə bilər. 

Polşa, Almaniya və ya Avstraliya kimi ölkələrin coğrafi mövqeləri, hərbi və siyasi rolları elədir ki, onların Amerika tərəfində durması qaçılmazdır. Əlbəttə, heç bir tərəfə tam güvənmədən strateji yığcamlığın saxlanılması daha yaxşı olardı. Amma Rusiya Federasiyası tam başqa vəziyyətdədir. Onun seçimindən çox şey asılıdır və bunu həm amerikalılar, həm də çinlilər anlayırlar. Başlıca sual budur ki, Rusiya kartının ələ keçirilməsi üçün bu iki böyük güc nə qədər uzağa gedəcək? (“Do Rzeczy”-Polşa)

“AzPolitika”nın əlavəsi: Geosiyasətdə ingilis coğrafiyaçısı Helford Makinderin 1904-cü ildə irəliyə sürdüyü məşhur “Hartland” nəzəriyyəsi var. Həmin nəzəriyyədən belə çıxır ki, Rusiyanın da yer tutduğu Avrasiya materikinin mərkəzi - Yer kürəsinin ürəyidir. Çünki “heart” sözü ingiliscə ürək, ”land” isə torpaq deməkdir. Makinder bu ərazini “tarixin coğrafi oxu” adlandırıb. Onun fikrinə görə, Amerika qitəsi periferiyadır. Mövzuya daha geniş yanaşsaq, onda görərik ki, həm ərazi və həm də coğrafi mövqe baxımından Rusiya və Çin Avrasiya qitəsində dominant rol oynayır. Amma Avropanın coğrafi yerini və geosiyasi maraqlarını unutmaq olmaz. Avropada çoxlu dövlətlər var və Rusiya ilə Çindən fərqli olaraq, bu qitə siyasi nöqteyi-nəzərdən tam bütöv deyil. Avropanın aparıcı dövlətləri Almaniya və Fransa siyasi və iqtisadi cəhətdən real birlik yaratmaq məqsədiylə nəhəng Avropa Birliyi təşkilatını qursalar da, hələlik bir çox məsələlər üzrə fikir ayrılığı hökm sürür. Hərbi sferada Avropa NATO-nun içindədir. NATO-da isə ssenarist və rejissor ABŞ-dır, digər ölkələr aktyorlardır. Düzdür, indi bu aktyorlar sərbəstlik əldə etmək istəsələr də, hələlik ciddi irəliləyiş yoxdur.

Son illərdə Çin Avropaya ciddi ayaq açıb və ayrı-ayrı dövlətlərə özünün “5G” texnologiyasını təklif edir. Çin maliyyə imkanlarıyla Portuqaliya, Yunanıstan və sairə kasıb Avropa ölkələrində daşınmaz mülklər alır və oralara investisiya axıtmağa başlayıb. Bu vəziyyəti Almaniya və Fransa heç də xoş qarşılamır. Çünki Avropa bazarına Çinin birbaşa gəlib soxulmasının hansı nəticələr verəcəyi tam bəlli deyil. Çin “Bir zolaq-bir yol” layihəsini işə salmaq üçün özünü hamıya dost göstərməyə çalışır və deyir ki, Amerikadan fərqli olaraq, mənim siyasi və hərbi strateji məqsədim yoxdur. İndi Avropada yekdil fikir yoxdur, hər dövlətin öz mövqeyi var və onlar tərəddüd içindədirlər. Rusiya isə pul xatirinə hər şeydən kəçməyə hazır kimi görsənir. Çin, yavaş-yavaş Rusiyanı “udmağa” başlayır. Çin elə edir ki, bu proses sükutla və hissedilməz şəkildə getsin. Pekin düşünür ki, əgər sonra birdən Rusiya ayrı cür fikirləşməyə başlasa, onda artıq iş-işdən keçmiş olsun.

Deməli, gələcək illərdə biz böyük güclərin geosiyasi mövqe uğrunda apardıqları mübarizənin intensivləşəcəyinin şahidi olacağıq. 

Vaqif NƏSİBOV 

AzPolitika.info

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar