“Parlamentin buraxılması elita dəyişikliyinin son mərhələsidir” – Müxalifətdən reaksiyalar

Müxalifət partiyaları bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə Milli Məclisin buraxılmasına və növbədənkənar parlament seçkilərində iştirak imkanlarına münasibət bildiriblər. 

Natiq Cəfərli: "Parlamentin buraxılması elita dəyişikliyinin son mərhələlərindən biridir" 

ReAL Partiyasının təmsilçisi Natiq Cəfərli azadliq.org-a bildirib ki, parlamentin buraxılması onlar üçün sürpriz deyil. "Ən azından son ilyarımda belə bir ehtimalın yüksək olduğunu dəfələrlə qeyd etmişdik», - deyə o vurğulayıb. Natiq Cəfərlinin sözlərinə görə, keçən il qanunvericilik təşəbbüsü ilə bağlı başladıqları imzatoplama kampaniyası, 42 minə yaxın imzanın toplanıb parlamentə təhvil verilməsi təşkilatın test edilməsi və seçkilərə hazırlıq xarakteri daşıyıb.

ReAL funksioneri deyib ki, əslində bu gözlənilirdi, ona görə də əvvəlcədən buna hazırlıqla bağlı siyasi partiyalara da müraciət ediblər. Onun sözlərinə görə, təqribən 4 ay bundan öncə əsas siyasi partiyalara seçkilərə hazırlıq, birgə iştirak və seçkilərin nəticələriylə bağlı birgə mövqe üçün koordinə edilmiş sənəd də hazırlayıb göndəriblər.

Onun sözlərinə görə, təəssüf ki, siyasi partiyalardan o zaman lazımı cavab ala bilməyiblər: «Amma hələ də gec deyil, erkən parlament seçkilərinə müxalif cameə olaraq birgə mövqe bildirməyə hazırlaşmaq üçün imkanlar tükənməyib. Parlamentin buraxılması əslində elita dəyişikliyinin son mərhələlərindən biridir. Bəlkə də sonuncudur». N.Cəfərli əlavə edib ki, bu prosesin əsası 2016-cı ildə qoyulub, parlamentin də buraxılması gündəmə gəlməklə sonluğa yaxınlaşır.

Arif Hacılı: "Hakimiyyət bizim tələbimizə reaksiya verməyib"

«Bu parlamentin buraxılması təbii idi. Çünki o, xalqın iradəsini ifadə edən bir parlament deyildi»

Bunu isə Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. Onun fikrincə, bu Milli Məclis əslində qanunverici hakimiyyət funksiyasını yerinə yetirmirdi. 

Ancaq o vurğulayıb ki, parlamentin buraxılmasının motivləri bununla bağlı deyil: «Parlament məhz hakimiyyətdaxili ziddiyyətlərin aradan qaldırılması, bir tərəfin digər tərəf üzərində qələbəsini təmin etmək məqsədilə buraxılır. Əgər yeni seçkilərdə hər hansı islahatlar olmadan yenə də əvvəlki qayda ilə Milli Məclis formalaşacaqsa, o, bu Milli Məclisdən mahiyyət etibarilə fərqlənməyəcək»

A.Hacılı deyib ki, Müsavat Partiyası seçki islahatlarının aparılmasını tələb edir: «Amma hələlik, hakimiyyət bizim tələblərimizə hər hansı reaksiya verilməyib»

A.Hacılı əlavə edib ki, Müsavat Partiyası öz strukturlarında seçkilərlə bağlı müzakirələr aparır. Dekabrın 3-də partiya qərargahında aparıcı partiyaların, ictimai təşkilatların rəhbərləri, eyni zamanda seçki ekspertlərinin dəyirmi masasını keçirməyi nəzərdə tuturlar: «Yaranmış vəziyyətdə seçkilərdə iştirak etməyin də, boykotun da öz müsbət və mənfi cəhətləri var. İndiki siyasi şəraiti nəzərə almaqla müzakirələr apararaq bunlardan hansının cəmiyyət və Müsavat Partiyası üçün daha məqbul olduğu haqqında qərar qəbul edəcəyik».

Seymur Həzi: «Hər günün öz hökmü var..."

«Azərbaycan parlamentinin buraxılması gözlənilən idi. Hakimiyyət müxalifəti hazırlıqsız yaxalamaq və öz oyunlarını rahat həyata keçirmək istəyir».

Bunu isə "Azadlıq" radiosuna Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi bildirib. «Bu günlərdə bəyanatımızda da bildirmişik ki, biz bu seçkidə iştirak etmək fikrindəyik. Ancaq o şərtlə ki, hökumət doğrudan da seçki keçirmək istəsin. Minimum islahatlardan sonra seçkidə iştirak etmək olar», o, əlavə edib. 

S.Həzinin fikrincə, əgər onların tələbləri yerinə yetirilməsə, seçki ilə bağlı mövqelərini daha da dəqiqləşdirəcəklər: «Hər günün öz hökmü var. Şəraitə uyğun olaraq qərarlarımız olacaq, bizim hazırkı bəyanatımız bu günə aid bəyanat, bu günə aid qərardır. Sonrakı vaxtlarda isə həmin vaxta uyğun qərarlar olacaq».

635x100

Şərhlər

Vətəndaş 2019-12-02 23:11:04

Müxalifətin boykot qərarı YAP-ın dəyrmanına su tökməkdir.Əgər belə hal baş verərsə,müxalifətdə əsl müxalifət olmadığı.qurama olduğu təsdiqlənər.SEçki marafonundan kənarda qalmaq üxalifətin mövqeini heçə endirər.Bunu anlamaq vacibdir.İndiyə qədər boykot edib müxalifət nə qazanıb?

Son yazılar