“O, KRIMDAKI HƏMVƏTƏNLƏRİMİZİN ƏSAS DAYAĞIDIR...” - Azərbaycanlı iş adamını kimlər hədəfə alıb?

Krım yarımadasının bir neçə ildir ki, Ukrayna ilə Rusiya arasında davam edən ərazi münaqişəsinin başlanğıc nöqtəsi olduğu məlumdur. O da məlumdur ki, bu bölgə artıq bir neçə ildir ABŞ-ın, Avropa Birliyinin və ümumilikdə dünya siyasi elitasının diqqət mərkəzindədir. Azərbaycanın da regionda baş verənlərə həssas münasibəti nəzərə alındıqda, Krımda yaşayan həmvətənlərimizin təşkilatlanması, fəaliyyəti, yarımadanın siyasi və ictimai həyatında iştirakı və s. məsələlər olduqca ciddi əhəmiyyət kəsb edir.

Bu baxımdan bir müddət əvvəl, məhz Krımda yaşayan bir soydaşımızın yönləndirməsi ilə Azərbaycanın aztirajlı, tanınmayan bir saytında Krımdakı diaspor təşkilatının fəaliyyəti və bu təşkilatın guya parçalanmasına çalışan azərbaycanlı iş adamı, Krımdakı məşhur “Marxal” restoranının sahibi olan Oktay Ramazanovla bağlı yazılanlara nəzər yetirməli olduq. Doğrudur, sözügedən yazı yerli oxucular arasında heç bir reaksiyaya səbəb olmadı. Daha dəqiqi, kimsənin ondan xəbəri belə olmadı. Lakin Krımda yaşayan soydaşlarımız sözügedən yazıdan xəbər tutmuşdular və onların ümumi fikri bundan ibarət idi ki, yazı böhtan xarakterlidir və hansısa qaranlıq məqsədə xidmət edir. Ümumiyyətlə, Rusiyada, başqa ölkələrdə yaşayan nüfuzlu həmvətənlərimizə qarşı böhtan xarakterli məlumatların tirajlanması təhlükəli tendensiyaya səbəb ola bilər. Çünki xaricdə yaşayan azərbaycanlıların məskunlaşdıqları ölkələrdə qarşılaşdıqları problemlərin həllində təkcə səfirliklərimiz və diaspor təşkilatları deyil, ayrı-ayrı xeyirxah, imkanlı və nüfuzlu həmvətənlərimizin də iştirakı olduqca önəmlidir.

Lakin yuxarıda da qeyd etdiyimiz kimi, bəzən belə həmvətənlərimizin haqsız, qərəzli və sifarişli hücumlara məruz qaldığı müşahidə olunur. Belə görünür ki, Krımda fəaliyyət göstərən nüfuzlu azərbaycanlı iş adamlarından olan Oktay Ramazanov da belə haqsızlığa məruz qalan həmvətənlərimizdən biridir. Simferopolda fəaliyyət göstərən iş adamı - Krımda yerli əhali və həmvətənlərimiz arasında çox müsbət reputasiyaya malik Oktay Ramazanovun guya diasporanı parçalamağa, ikinci diaspor təşkilatı yaratmağa çalışmasına dair məlumatlara aydınlıq gətirən həmvətənlərimizdən biri deyilənlərin qərəz və böhtan olduğunu bildirdi.

Krımda yaşayan və müəyyən səbəblərdən adının çəkilməsini istəməyən həmvətənimiz qeyd etdi ki, əksinə, O.Ramazanov bu bölgədəki soydaşlarımızın ən çox üz tutduqları şəxslərdən biridir: “Krımda yaşayan azərbaycanlıların böyük əksəriyyəti bilir ki, Oktay Ramazanov buradakı həmvətənlərimizin əsas dayağıdır. Həm nüfuzuna, həm xeyirxahlığına, həm dürüstlüynə, həm də digər müsbət keyfiyyətlərinə görə ölkəmizi, xalqımızı burada ləyaqətlə təmsil edir”.

Onun Krımdakı diaspor təşkilatını parçalamağa çalışdığı barədə deyilənlərə gəldikdə isə, O.Ramazanovun hər zaman həmvətənlərimizin birliyinə, mütəşəkkilliyinə çalışdığı və bunun üçün öz imkanlarından istifadə etdiyi qeyd olunur: “Oktay Ramazanovun qardaşı Ayaz Ramazanov Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Vətəni üçün övladını qurban verən bir ailəni təmsil edən şəxs diasporamızın parçalanmasına çalışa bilərmi? Əksinə, o, hər zaman vətənpərvərliyi ilə seçilib, dara düşən, çətinlik çəkən həmvətənlərimizə dayaq olub. Bütün bunlardan sonra onun adının guya diasporamızın parçalanmasında hallandırılması çox böyük ədalətsizlikdir və bu hal çox üzücüdür...”

Qeyd olunur ki, bu məsələdə O.Ramazanovun şəhid qardaşının adının hallandırılması isə heç bir mənəvi, əxlaqi normaya sığmır. Doğrudan da, kimlərinsə sifarişilə, nəyinsə müqabilində hər hansı nüfuzlu şəxsi ləkələmək üçün şəhid adının, ötəri də olsa, hallandırılması peşəsindən asılı olmayaraq, heç kimə başucalığı gətirmir və mənəviyyatsızlıq göstəricisindən başqa bir şey deyil.

Redaksiyamızla əlaqə saxlayan Krımda yaşayan soydaşımız bildirdi ki, O.Ramazanov uzun illər diaspor təşkilatı – Krım Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin işində, idarə olunmasında fəal şəkildə iştirak etsə də, müəyyən səbəblərdən rəsmi qaydada bu qurumun fəaliyyətinə qatılmır. Lakin buna baxmayaraq, qətiyyən onun işinə mənfi mənada hər hansı müdaxilədən söhbət gedə bilməz. Əksinə, kifayət qədər əhatəli biznes fəaliyyəti olmasına baxmayaraq, yenə də Krımdakı həmvətənlərimizin problemlərilə məşğul olmağa, ölkəmizin, xalqımızın yaxşı mənada tanınmasına, təbliğinə vaxt ayıran O.Ramazanovun burada yaşayan azərbaycanlıların birliyində, təşkilatlanmasında və bölgənin ictimai-siyasi həyatında fəal rol oynamasında maraqlı olduğu qeyd edilir. Təkcə onu qeyd etmək kifayətdir ki, O.Ramazanova məxsus obyektlər hər zaman yerli diaspora təşkilatının və fəal azərbaycanlıların istənilən toplantısına, xalqımızın milli-mədəni irsinin təbliğinə yönələn istənilən tədbirin keçirilməsinə heç bir təmənna güdülmədən hər zaman açıqdır.

O.Ramazanov da başda olmaqla fəal, vətənpərvər və xeyirxah həmvətənlərimizin ləkələnməsinə yönələn cəhdlər isə diaspora fəaliyyətimizə yalnız ziyan vurur və nüfuzlu iş adamlarımızı bu işdən soyudur.

Biz isə Krımdakı diaspora təşkilatımızın fəaliyyəti, orada yaşayan həmvətənlərimizin problemlərilə daha ətraflı şəkildə tanış olaraq, geniş materialla çıxış etmək fikrindəyik. 

Cəlal MƏMMƏDOV 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar