QRİBOYEDOVA ERMƏNİSAYAĞI “MİNNƏTDARLIQ” - Njde mövzusu Rusiya ilə Ermənistanı üz-üzə qoyur

Faşist Almaniyasının qulbeçəsi, qatil, cani olsa da, ermənilərin milli qəhrəman hesab etdikləri terrorçu Qaregin Njde Rusiya ilə onun himayə etdiyi Ermənistan arasında ciddi siyasi və diplomatik gərginlik yaratmaqdadır. Vəziyyət o yerə çatıb ki, qarşılıqlı narazılıq mesajları rəsmi şəxslər səviyyəsində səsləndirilir.

“AzPolitika.info” xəbər verir ki, erməni mətbuatında məşhur rus diplomatı, şair, dramaturq Aleksandr Qriboyedovun İrəvandakı heykəlinin təhqir olunmasına dair məlumat yayılıb. Heykəlin üzərinə qırmızı rəngli boya tökülüb. Məlum olub ki, hadisəni törədən “Tsexakron” adlı radikal erməni taşkilatının sədrinin oğlu Şaqen Arutunyandır. Həmin şəxs hadisəni törətdiyini açıq şəkildə öz sosial şəbəkə səhifəsində etiraf edib və bildirib ki, Qriboyedovun heykəlini Njdenin Rusiyadakı xatirə lövhəsinə göstərilən münasibətə görə təhqir edib.

Məsələ ondadır ki, Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində yerləşən erməni kilsəsində terrorçu Njdenin xatirə lövhəsi varmış. Lakin Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov faşizmə qulluq edən və sovet əsgərinə qarşı cinayətlər törədən Njdenin xatirəsinə layiq olduğu “ehtiramı” göstərərək, onu qara boya ilə rəngləyib və faktiki olaraq, lövhəni ləğv edib. Erməni tərəfinin isə həyasızlığı hətta rəsmi şəkildə bu addımı pisləməyə belə çatıb. Ermənistanın Rusiyadakı nümayəndəliyi lövhənin demontajını hiddətlə qarşıladıqlarını bildirib, xarici işlər naziri Z.Mnatsakanyan isə lövhənin demontajını “qəribə hadisə” adlandırıb.

İndi radikal erməni təşkilatının nümayəndəsinin 19-cu əsrdə Rusiyanın bu bölgədəki siyasətini yürüdən əsas şəxslərdən biri, səfir olmuş A.Qriboyedovun heykəlini təhqir etməsi də məhz Njdenin xatirə lövhəsinin ləğv olunmasına cavab addımıdır.

Ancaq Paşinyan hökuməti ruslar üçün çox mühüm əhəmiyyət kəsb edən tarixi şəxsiyyətin xatirəsinin təhqir edilməsindən ciddi narahatlıq keçirir. Paşinyanın mətbuat katibi Vladimir Karapetyan dərhal rəsmi açıqlama verərək, baş nazirin bu hadisəni qəti şəkildə pislədiyini bəyan edib və hadisəni “malalamağa” çalışıb. Rusiyanın İrəvandakı səfirliyi isə Qriboyedovun heykəlinin təhqir olunmasını “yaramaz addım” adlandırıb. Ermənistan parlamentinin erməni olmayan deputatı Aleksandr Sandıkov da öz növbəsində bu vandalizm aktını törədənlərin qanunla nəzərdə tutulan ən ağır formada cəzalandırılmasını tələb edib və bildirib ki, prosesi sonadək izləmək niyyətindədir.

Qeyd edək ki, əslində ermənilər Qriboyedovun xatirəsini təhqir etməklə, təkcə qonşu xalqlara deyil, onlara daim havadarlıq etmiş Rusiyaya qarşı da nə qədər nankor olduqlarını növbəti dəfə sübut edirlər. Çünki məhz məşhur Türkmənçay müqaviləsinin əsas iştirakçılarından olan A.Qriboyedov o vaxtlar İranda yaşayan ermənilərin kütləvi şəkildə İrəvan və Qarabağ xanlıqlarına köçürülməsinin əsas təşəbbüskarı və Azərbaycanın başına gətirilən bu bəlanın əsas səbəbkarlarından biri olub. İrana qarşı müharibədə öz ölkəsini sataraq, ruslara xidmət edən ermənilərin Cənubi Qafqaza, Azərbaycan torpaqlarına yerləşdirilməsi, yerli müsəlman əhalinin sıxışdırılması planının əsas icraçısı olan Qriboyedovun ermənilərin qarşısında böyük xidməti olub. Ermənilər də, göründüyü kimi, ona məhz bu formada, yəni təhqirlə “minnətdarlıqlarını” bildiriblər.

Lakin tarixi faktlar göstərir ki, Qriboyedov ermənilərin bizim ərazilərimizdə məskunlaşmasında böyük rol oynasa da, şəxsən özü ermənilərdən bir o qədər də xoşlanmayıb. Həmin vaxt Qriboyedovun rus imperatoruna yazdığı məktubdakı bu fikirlər onun ermənilərin xarakterinə yaxından bələd olduğu anlamına gəlir. O, yazırdı: “Əlahəzrət, mərkəzi rus torpaqlarında ermənilərin məskunlaşmasına icazə verməyin. Onlar elə tayfadırlar ki, bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salacaqlar və bura bizim qədim dədə-baba torpağımızdır deyəcəklər...”

Onu da xatırladaq ki, ölkə başçısı İlham Əliyev Aşqabadda MDB dövlət başçılarının toplantısında faşist Q.Njdeyə Ermənistanda heykəl qoyulmasının Böyük Vətən Müharibəsində həlak olan insanların xatirəsinə hörmətsizlik anlamı daşıdığını vurğulamışdı. Məhz bundan sonra sözügedən mövzuda diskussiyalar artdı və erməni tərəfi bu millətçi caninin müdafiəsi üçün uğursuz cəhdlərə əl atmağa çalışsa da, getdikcə daha çox ifşa olunmağa başladı.

Cəlal MƏMMƏDOV 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar