"68 DAHA QURTARIB DA, BİTDİ!..." - "Bir çoxlarının həmin qrafada qabağı boşdur”

"Mən çoxlu müşavirələrdə iştirak etmişəm. Bir qrup var idi, bir kəlmə deyəndə qayıdırdı ki, 1968-ci ildə biz bunu belə edirdik. 68 daha qurtarıb da, bitdi!"

"AzPolitika.info"nun məlumatına görə, bu fikirləri Milli Məclisin komitə sədri Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində bildirib.

O qeyd edib ki, bütün strukturlarda islahatlar mütləq lazım idi: "Biz gərək müəyyən məsələlərə aydınlıq gətirək. İcra strukturunda çox ciddi dəyişikliklər gedir. Əslində bunun əsası 2018-ci ilin aprel ayında, prezident seçkilərindən sonra qoyulmuşdu, addım-addım yol gəlirdi. Bunu bir müsahibə ilə izah etmək çətindir. Biz seçicilərlə mindən artıq görüş keçirmişik. Bu görüşlər zamanı ayrı-ayrı strukturlarla yanaşı, parlamentin fəaliyyəti ilə əlaqədar da müəyyən təkliflər, rəylər səslənirdi. Seçicinin rəyi öyrənilirdi. Operativ şəkildə ali icra hakimiyyətinə daxil olan strukturların dəyişdirilməsi məsələsi gündəmə gəldi. 

Gördünüz ki, həm Nazirlər Kabinetində, həm ayrı-ayrı nazirlik və komitələrdə dəyişikliklər həyata keçirildi, rəhbərlər dəyişdi, struktur dəyişiklikləri reallaşdı, mövcud reallıqla ayaqlaşmayan strukturlar ləğv olundu. 

O cümlədən Administrasiyada yeni strukturlar formalaşıb, köhnələrin fəaliyyətinə xitam verilir, yeni kadrlar gətirilir. Biz sosializmdə yaşamışıq, amma indi müstəqil dövlətik. Mən çoxlu müşavirələrdə iştirak etmişəm. Bir qrup var idi, bir kəlmə deyəndə qayıdırdı ki, 1968-ci ildə biz bunu belə edirdik. 68 daha qurtarıb da, bitdi! 

İndi müstəqil siyasət yürüdülməsi üçün prezidentin tapşırıqları düzgün icra olunmalıdır. Bu gün biz müqayisələri Avropa, Amerika, Yaponiya, Cənubi Koreya ilə aparmalıyıq. Yoxsa sovetlər birliyində, ya Ukraynada belə idi, bizdə belədir, belə olmaz. Yəni cənab prezident irəlidə gedirdi, digər strukturlar isə ona çata bilmirdi. Ona görə də islahatlar mütləq lazım idi, zəruriydi".

Siyavuş Novruzov  müsahibəsində YAP-ın Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etməsini aydınlaşdırarkən deyib. O bildirib ki, bu təklif yuxarıdan gəlməyib: “Bəzən deyirlər bu təşəbbüs “yuxarıdan gəlib”, xeyr! Bu, YAP Siyasi Şurasının təşəbbüsüdür. Partiya müraciət edib və cənab İlham Əliyev həm partiya sədri, həm də Prezident kimi münasibətini bildirəcək”.

Siyavuş Novruzov YAP namizədlərinin 50 faizinin yeniləcəyi məsələsini də istisna etməyib:Biz bu məsələ ilə əlaqədar (namizədlərin siyahısını hazırlayarkən – red.) deputatlarla bağlı ən azı son iki ilin statistikasını aparırıq. Bura nə daxildir? Seçicilərlə görüş, seçicinin etimadının doğrultması, davranış qaydaları, beynəlxalq təşkilatlarda iştirakı, Milli Məclisdə, mətbuatda, sosial şəbəkədəki çıxışları və s. Bu statistika toplanılır, təhlil edilir, qiymətləndirilir, hamısı məndə var. Biz qaldırdığımız məsələ ilə bağlı bir çoxlarının həmin qrafada qabağı boşdur”.

S.Novruzov bildirib ki, artıq özü deputat olmaq istəməyən YAP-çı millət vəkilləri də var və onlar fikirlərini bildiriblər: “Geniş analizdən, partiya sədri ilə müzakirədən sonra kimlərin təkrarən və hansı dairədən seçkiyə gedəcəyi ilə bağlı biz YAP İdarə Heyətinin qərarını verəcəyik”.

Şərhlər

Nurəddin 2019-12-04 19:32:35

Yalançının evi yandı.heç kim inanmadı.Hər kəs payın götürsün,bizim kisəmizdən!

Müfəttiş. 2019-12-04 21:02:30

Dolayısı ilə bəyan edir ki, gələcək Parlament yenə təyinatlilardan formalaşacaq....

ejder 2019-12-04 22:14:33

aye,indi arvadlari qabaqa vermek ,moddadir.lukawenko cani

t.ədalət 2019-12-05 11:35:19

Səyəvuş müəllim,bu,YAP dediyiniz təşkilat parlamenti "dağıtdığı" kimi,nə əcəb üzvlərini işğal altında olan ərazilərimizin müdafiə və azad edilməsinə yönəldə bilmir?Nə olar,indiyədək ölkə sərvətlərini oğurladığınız yetər,gəlin,silahlanın cəbhə boyu düzülün!Ən yaxşı təşəbbüs bu olmazmı?Yerlərinizə hazırladığınız səriştəsiz və milli təəssübkeşliyi olmayanları növbəti parlamentə toplamaqdansa,ömrünüzdə bir dəfə Vətənə gərək olmağı düşünsəniz,nə olar?

Son yazılar