“İnsan növü başqa planetlərə köçürülməlidir” - Məşhur alimdən qorxulu proqnozlar

Təxminən beş milyard ildən sonra Günəş planetimizi məhv edəcək. Bu göy cisminin həyat dövrü başa çatdıqda, ulduzun nüvəsindəki hidrogen və helium atomlarının sayı azalacaq ki, bu da Günəşi daha parlaq edəcək. Nəticədə Günəş yaxınlıqdakı planetləri, o cümlədən Yeri yandıracaq. Sonda Günəş qırmızı cırtdana - az işıq yayan kiçik və nisbətən soyuq bir ulduza çevriləcək. Ancaq uzaq gələcəkdə planetimizdə baş verəcək bu hadisələrə görə narahat olmağa dəyməz. Çox güman ki, insan sivilizasiyası həmin günü görməyəcək.

Harvard Universitetinin Astronomiya Fakültəsinin direktoru, astronom Avi Leb “Scientific American” jurnalında yazır ki, insan növü Kainatın başqa yerlərinə - Günəşin birbaşa təsir zonasında olmayan planetlərə köçürülməlidir. Lebin fikrincə, biz mövcud planetlərə və Aya bağlı qalmamalıyıq. Yaxın ulduzlararası məkan uğurla məskunlaşdıqdan sonra genetik identik surətlərimizi, habelə başqa planetlərdə həyat toxumu əkmək üçün flora və fauna nümunələri yarada bilərik. Qeyd edək ki, astronom Kainatda Yer planetindən kənar həyatın mövcud olduğuna şübhə etmir.

Leb bəşəriyyətin gələcəyindən bəhs edərək qeyd edir ki, kosmosa uçuşlarla bağlı əsas problemlər həll edilən kimi insanlar özlərinə oxşar nümunələrin surətlərini çıxarmağa diqqət ayırmalıdır. Astronom hesab edir ki, ekzoplanetin axtarışı da mühüm tapşırıqlardan biridir.

Xatırladaq ki, sentyabrda alimlər məskunlaşma ehtimalı olan “K2-18b” planetində su buxarı aşkar etdiklərini bildiriblər. Bu ekzoplanet 110 işıq ili uzaqlığında ulduzun ətrafında dövr edən super-Yerdir. “K2-18b” Günəş sistemindən kənarda suya, atmosferə və səthdəki suyun donmasının qarşısını alan temperatur diapazonuna malik, bizə məlum olan yeganə planetdir.

Oksford Universitetinin alimləri iddia edir ki, planetimizdə nə vaxtsa mövcud olan 99% növün hamısı məhv olub. Alimlərin fikrincə, insanların da həyatı planetdəki digər canlıların mövcudluğu kimi o qədər zəifdir ki, bəşəriyyətin istənilən an yox olma ehtimalı qorxulu dərəcədə yüksəkdir. Oksford Universitetinin ekspertləri nüvə müharibəsi kimi texnogen fəlakətləri təhlil ediblər, onu vulkan püskürməsi və ya asteroid zərbəsi kimi təbii fəlakətlərlə əlaqələndiriblər. Məlum olub ki, 2020-ci ildə bəşəriyyətin məhv ehtimalı lotereyada uduş ehtimalından 200 dəfə çoxdur. Araşdırma “Scientific Reports” jurnalında işıq üzü görüb.

Üstəlik, bəzi alimlərin fikrincə, hazırda altıncı kütləvi məhvin ən qızğın mərhələsindəyik. Buna isə insan fəaliyyəti səbəb olub. Bu gün bəşəriyyətin üzləşdiyi təhlükələrin sayını nəzərə alsaq, milyardlarla il sonra Günəşin artan parlaqlığı nəticəsində Yer kürəsində həyatın məhvi elə də qorxulu görünmür.

(Tərcümə:xpressa.net)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar