LAVROV “QARABAĞ XALQI” ANLAYIŞINA AYDINLIQ GƏTİRDİ - “Qarabağın azərbaycanlı və erməni əhalisi...”

Rusiya Xarici İşlər naziri Sergey Lavrovun son Bakı səfəri bəzi əhəmiyyətli məqamlara aydınlıq gətirməklə yanaşı, Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesinə yeni çalarlar qatmış oldu. 

Xatırladaq ki, Lavrovun bundan öncəki İrəvan səfərində Dağlıq Qarabağ probleminin həllində “Qarabağ xalqı”nın iştirakının vacibliyini vurğulaması Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olmuşdu. Və təbii ki, rusiyalı nazirin Azərbaycana səfəri zamanı aydınlıq gətirməli olduğu məsələlərdən biri də “Qarabağ xalqı” dedikdə nəyin nəzərdə tutulması idi. Çünki erməni tərəfi “Qarabağ xalqı” olaraq, yalnız Dağlıq Qarabağda yaşayan erməni əhalisini və onu təmsil edən qondarma rejimi nəzərdə tuturdu. Və danışıqlar prosesinə həmin rejimin rəhbərliyinin qatılmasında təkid edirdi. Lakin Lavrovun Bakıda səsləndirdiyi “nəticə etibarı ilə Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisi qərar verməlidir ki, bundan sonra necə yaşayacaqlar” fikri ondan xəbər verir ki, söhbət danışıqlarda Dağlıq Qarabağın yalnız erməni əhalisini təmsil edən qondarma rejimin rəhbərliyindən yox, həmçinin yurd-yuvasından qovulmuş azərbaycanlı əhalisinin təmsil olunmasından gedir. Bu, olduqca prinsipial məqamdır və Azərbaycanın konseptual mövqeyinə daha çox uyğundur.

Belə ki, Azərbaycanın mövqeyi Dağlıq Qarabağda təkcə erməni deyil, azərbaycanlı əhalinin də yaşamasının təmin edilməsindən ibarətdir. Lavrovun da öz açıqlamasında Dağlıq Qarabağın hər iki xalqının birgə qərar verməli olduğunu, onların birgə yaşayışının təmin edilməsi üçün qarşılıqlı səfərlərin təşkilinin xalqlar arasında münasibətlərin formalaşmasında mühüm rol oynadığını qeyd etməsi təsadüfi deyil. Rusiyalı nazir hətta Qarabağ münaqişəsinin həllində öz ölkəsinin həlledici rol aldığını dolayısı ilə də olsa etiraf etməklə yanaşı, jurnalistlərin qarşılıqlı səfərlərinin məhz rəsmi Moskvanın təşəbbüsü olduğunu açıq şəkildə vurğulayıb. Bu, o deməkdir ki, Lavrovun İrəvanda səsləndirdiyi “Qarabağ xalqı”nın sülh prosesində iştirakının vacibliyi fikri sadəcə ermənilərə xoş gəlmək üçün deyilən sözlər deyil. Həmin ifadə isə yalnız Qarabağın erməni əhalisinə şamil edilmir və Azərbaycan icmasını da əhatə edir.

Bir daha qeyd edək ki, buna qədər Ermənistan tərəfi “Qarabağ xalqı” deyərkən yalnız Dağlıq Qarabağın erməni icmasını nəzərdə tuturdu. Lavrovun Bakıda səsləndirdiyi fikirlər isə bu iddianı mənasız edir və danışıqlar prosesində yeni situasiyanın yaranmasından, prosesə yeni çalarlar qatıldığından xəbər verir.

Onu da qeyd edək ki, bu fikirlər dekabrın 4-də, yəni bu gün Bratislavada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında keçiriləcək görüş ərəfəsində səsləndirilib. Deməli, Rusiyanın bu mövqeyi danışıqlar prosesinin indiki mərhələsində tərəflərin mövqelərinin hansı istiqamətdə uzlaşmasına dair konturları müəyyən etməyə hesablanıb. Bir məsələ də nəzərdən qaçmamalıdır ki, Minsk Qrupunun həmsədr ölkələri bir qayda olaraq, öz mövqelərini qarşılıqlı şəkildə razılaşdırırlar. Deməli, Lavrovun fikirləri həm də digər həmsədrlərin mövqeyini əks etdirir. Bu isə o deməkdir ki, Dağlıq Qarabağın həm erməni, həm də azərbaycanlı icmasının prosesə qatılmasının təmin edilməsi böyük ehtimalla ümumilikdə razılaşdırılmış bir mövqedir və istər jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili, istərsə də iki ölkə xalqları arasında münasibətlərin formalaşmasına dair irəli sürülən təşəbbüslər təsadüfi deyil.

Təbii ki, əslində Qarabağ münaqişəsinin əsas səbəbkarı və işğalçı tərəfi məhz Ermənistan dövlətidir. Yəni ki, ərazi bütövlüyümüzə qəsd bu dövlət tərəfindən həyata keçirilib və işğal olunmuş ərazilərimiz məhz Ermənistan ordusunun nəzarətindədir. Ona görə də Azərbaycanın indiyə qədər qondarma rejimi danışıqlarda tərəf kimi qəbul etməməsi başadüşülən və təbiidir. Lakin Ermənistan tərəfinin danışıqları uzatmaq və Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanmasına yönələn addımlar atmağa çalışdığı göz önündədir. Bu isə özünü danışıqlar prosesinə qondarma rejim rəhbərliyini də qatmaq cəhdlərində biruzə verir. Lakin “Qarabağ xalqı” anlayışının Dağlıq Qarabağın yalnız erməni deyil, azərbaycanlı əhalisinə də şamil edilməsi erməni tərəfinin bu avantürist cəhdlərini əngəlləmiş olur və Qarabağın azərbaycanlı əhalisinin hüquqlarının tanınması istiqamətində önəmli hadisə sayıla bilər.

“AzPolitika.info”

Şərhlər

eloqlu 2019-12-04 14:36:45

Lavriv ermenidi bizim dûshmanimizdi )

t.ədalət 2019-12-04 16:18:54

Allah Üzeyir bəyi rəhmət eləsin!Lavrovun "Qarabağ xalqı" anlayışını sərgiləyənlər yadıma "O olmasın,bu olsun" filmindəki Məşədi İbadın "Qızın iki nanizədi var" -fadəsinə Rüstəm bəyin "o qızın dayısıdır" deməsini saldı.Deyəsən,hakimiyyət bizi Məşədi İbadın səviyyəsinə endirib və ,guya, Lavrov təkcə erməniləri yox,həm də bizi dəı nəzərdə tuturmuş kimi manipulyasiyalarla aldatmağa çalışır.Əslində isə "məşədi ibad" bizi aldatmağa çalışanların özüdür!

Son yazılar