"Heç kim elə düşünməsin ki, bugünkü sabitlik göydən düşüb..." - Hüseyn Abdullayev məhkəmədən bəraət istəyib

Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və digərlərinin şikayəti üzrə məhkəmə prosesi davam edib.

Prosesdə Hüseyn Abdullayev son sözlə çıxış edib. O, barəsindəki ittihamları qəbul etmədiyini və məhkəmədən birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və ona bəraət verilməsini istəyib.

Azadlıq Radiosunun məlumatına görə, Hüseyn Abdullayev deyib ki, ona verilmiş 6 illik həbs cəzası birmənalı siyasi sifarişin nəticəsidir.

Sabiq deputatın sözlərinə görə, onun haqqındakı hökmdə 2018-ci il aprelin 22-də tutulub, Hava Nəqliyyatındakı polis idarəsinə təhvil verildiyi yazılıb: «Halbuki, məni aprelin 21-də İstanbulun mərkəzində Türkiyənin Terrorla Mübarizə Şöbəsinin 15 nəfər əməkdaşı qanunsuz saxlayıb. Məni faktiki oğurlamışdılar. Bir gün sonra da bütün beynəlxalq hüquq və prinsiplərə zidd şəkildə «Atatürk» hava limanında Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil veriblər. Əgər Baş Prokurorluq və haqqımda qanunsuz hökm çıxaran hakimlər özlərinə əmindirlərsə, Bakıya gətirilməyimi qanuni hesab edirdilərsə, bunu niyə hökmdə göstərməyiblər? Çünki onlar yaxşı bilir ki, mən Almaniyadan siyasi mühacir statusu almışam, o dövlətin pasportunu daşıyıram. Almaniya mənim ikinci vətənimdir».

Məhkəmə zalındakı şüşə kabin arxasından Almaniyanın Bakıdakı səfirliyinin əməkdaşlarına üz tutan H.Abdullayev onun taleyinə biganə qalınmayacağına ümidini ifadə edib. 

Sabiq deputat iddia edib ki, onunla bağlı baş verənlərin məqsədi tənqidi fikirlərinə görə ondan intiqam almaq, özünün və ailəsinin əmlaklarını ələ keçirib, onları müflis etməkdir.

H.Abdullayev Azərbaycan hakimiyyətinin ona qarşı münasibəti barədə çox fikirləşdiyini, bu zaman özünün etdiklərini də yada saldığını bildirib: «İçim özümü yandırır, bu təqiblər nəyin təşəkkürüdür? Mən ona görə mübarizə aparmışdım ki, kimlərinsə şəxsi marağına və çirkin intriqalarına qurban gedim? Ona görə can qoyub, dəfələrlə həyatımı riskə atmışdım ki, təəssübümü, mövqeyimi hər yoldan keçənin ayağına versinlər? Heç kim elə düşünməsin ki, bugünkü sabitlik göydən düşüb, ya da öz-özünə yaranıb. Bu yolda öz cavanlığını, ən gözəl illərini qurban verən var».

Keçmiş deputat çıxışının sonunda hakimlərdən bəraət istəsə də, Azərbaycan məhkəmələrinə inamının olmadığını da vurğulayıb. O, inamsızlığını bənzətmə ilə ifadə edib: «Azərbaycandakı məhkəmələrə və hüquq sisteminə inanmaq səhranın ortasında su axtarmaq, yaxud da ki, alça gətirən ağacdan alma gözləmək kimi bir şeydir».

Məhkəmə prosesi dekabrın 10-da davam edəcək.

Qeyd edək ki, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib. İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il, Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum ediliblər. Zeynəb Abdullayeva 4 min manat cərimə olunub, digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.

635x100

Şərhlər

yalçın 2019-12-04 17:53:59

o düzdürki indiki Türkiyə iqtidarı əməlli-başlı adam vəs. köhnə dəyərlərin alveri ilə məşğuldur..kimi istəsən güdaza verərlər təki mənfəətləri olsun.prosto biabırstvo..

Son yazılar