İRANDA ÜSYANI KİM TƏTİKLƏYİB? – “Getdikcə daha çox iranlı az şey itirəcəyini hiss edir...”

İranda son iki həftədə baş verənlərdən vacib bir dərs çıxarmaq olar: İran xalqı öz gücünün əhəmiyyətini yenidən kəşf etdi – indi dövlətin zorakılığa hansı miqyasda əl atacağı bu dərsi unutdura bilməyəcək. Azadlıq.org-un məlumatına görə, “The Washington Post” qəzetində Cason Rezayan belə yazıb.

Noyabrın 27-də İran hökuməti yanacağı bahalaşdırandan sonra əhali küçələrə etirazlara çıxdı. Hakimiyyətin etirazları zorakılıqla dağıtdığı xəbər verilir. “Amnesty International” hüquq müdafiə təşkilatı azı 208 nəfərin öldürüldüyünü deyir, ancaq bəzi mənbələr ölü sayının bundan qat-qat artıq olduğunu bildirir. Etirazlar baş verərkən İranda internet də kəsilib, hadisələrdən xəbər tutmaq çətinləşib.

“Son hərəkətlənmə indiyədək gördüyümüz iqtisadi və siyasi üsyanın birləşməsi idi. Getdikcə daha çox iranlı az şey itirəcəyini hiss edir... Bu, İslam respublikasının uzunmüddətli perspektivi üçün pis əlamətdir. İndi rejim xalqın dəstəyi sarıdan illüziyaya çox qapılmaya bilər. Uzun zamandır subsidiyalar və qorxutma ilə bunları kompensasiya edirdi”, – müəllif yazır.

Məqalədə qeyd olunur ki, mühacirətdə olan bəzi müxalifət qrupları, sonuncu şahın oğlunu dəstəkləyənlər İran daxilində mütəşəkkil müxalifət hərəkatının qurulmasına kömək etdiklərini deyirlər.

“Reallıq isə sadədir: İrandakı etirazları sıravi iranlılar başlatdı. Onlar həyatlarını zərbə altına qoydular və zorakılığın yükü də çiyinlərinə dəydi. Bu narazılıq göstərisində onları heç kəs, özəlliklə də ölkə kənarından heç kim idarə etmədi”, – müəllif vurğulayır.

“The New York Times” qəzeti isə etirazlarda ABŞ sanksiyalarının rolundan yazır. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 2018-ci ilin mayında İranla 2015-ci il nüvə sazişindən çıxıb, Tehrana sanksiyaları bərpa edib.

“Cəzalandırıcı Amerika sanksiyalarından 18 ay sonra belə Prezident Tramp İranın ‘fərqli ölkə’ olduğunu söyləməyi sevir. İran şəhərlərini başına götürmüş etirazlar onun haqlı olduğunu göstərir. Hətta qatı tənqidçiləri belə cənab Trampın ‘maksimum təzyiq’ kampaniyasının iğtişaşları alovlandırması fikrilə razılaşırlar”, – müəllif David E.Sanger deyib.

Ancaq müəllifin fikrincə, küçə etirazlarının İranı nüvə sazişi üzrə yenidən danışıq aparmağa məcbur edib-etməyəcəyi aydın deyil. Yaxud regiondakı “ziyanlı hərəkətlər”indən əl çəkəcəkmi? Axı, Amerikanın bu ölkə üzrə siyasətinin iki əsas məqsədi bunlardır.

“Ərəb baharı, 2009-cu ildə İrandakı böyük etirazları yada salsaq, etirazçılara divantutmanın məqsədinə çatdığını söyləmək olar. Üstəlik, İran hökuməti bu iğtişaşların Amerikanın sabitsizlik yaratmaq ssenarisinə dəlil olduğunu deyəcək. İran liderləri bəzi məsələlərdə geri çəkilməyə başlasalar belə, bu, Vaşinqtonun fundamental şikayətlərini ödəyəcək güzəştlərə yetərli deyil”, – məqalədə deyilir.

Tramp administrasiyası İranı nüvə sazişi üzrə danışıqları yenidən başlatmağa məcbur etmək istəyir. İran liderləri isə bundan imtina edir, sazişi imzalamış Avropa ölkələrindən ABŞ sanksiyalarından yan keçməyin yollarını tapmağı tələb edir. Tehran artıq bu ildən nüvə sazişi çərçivəsində bəzi öhdəliklərini məhdudlaşdırmağa başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar