Azərbaycan millisinin rəsmi oyunlarında VAR sistemi tətbiq olunacaq

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VAR sistemi tətbiq olunacaq.

"Report"un məlumatına görə, bu barədə UEFA İcraiyyə Komitəsi qərar qəbul edib. FIFA-nın da təsdiqləməsindən sonra yekun qərar çıxarılacaq.

Bu isə o deməkdir ki, yeni sistem ilk dəfə Azərbaycan millisinin rəsmi oyunlarında da işə düşəcək.

VAR-dan AVRO-2020-nin pley-off matçlarında da istifadə olunacaq. Gələn il martın 26-da yarımfinal, martın 31-də isə final qarşılaşmaları oynanılacaq. Əvvəllər bu sistem böyük turnirlərin seçmə mərhələlərində tətbiq edilməyib.

VAR-ın sınaqdan çıxarılmasına dair qərar 2016-cı ildə verilib. Hazırda bu sistemdən Türkiyə, Rusiya, İngiltərə, İtaliya, Almaniya, İspaniya, Fransa çempionatlarında, eləcə də Çempionlar Liqasında istifadə olunur. 2017-ci il Konfederasiyalar Kubokunda və 2018-ci il dünya çempionatında da VAR-dan yararlanıblar.

Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda Qətərin 7 şəhərində - Doha, Lusail, Əl-Vakra, Əl-Hor, Əl-Rayan, Umm-Salal və Mədinət əş-Şamalda təşkil olunacaq.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar