Ermənilər ərəb şeyxlərini küsdürüb milyardlar itirdilər – “Merlə görüşdə telefonla danışırdılar...”

Ermənistanda İrəvana böyük məbləğdə investisiya yatırmaq istəyən ərəb şeyxlərinin öz qərarlarından imtina etməsi xəbəri ciddi müzakirələrə səbəb olub. 

“AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatında ölkə parlamentinin ikinci ən böyük fraksiyasını təşkil edən, Paşinyan hökumətinə müxalifətdə olan “Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri, tanınmış iş adamı Qaqik Tsarukyanın ərəb investorlarla İrəvan meriyası arasında baş tutan görüşlə bağlı sensasiyalı fikirləri dərc edilib. 

Q.Tsarukyan deyib ki, onun dəvətilə ölkəyə gələn Birləşmiş Ərəb Əmirliklərindən olan investorlar İrəvan şəhər rəhbərliyinin səhv və kobud davranışları ucbatından ölkəni tərk ediblər. Nəticədə, ölkə bəlkə də milyardlarla ölçülə biləcək investisiyalardan məhrum olub. Partiya liderinin dediyinə görə, Əbu-Dabi şahzadəsi və “Rotana” mehmanxanalar şəbəkəsinin sahibinin başçılıq etdikləri nümayəndə heyəti İrəvana gələrək, şəhər rəhbərliyilə görüş keçirib. Ərəb şeyxləri İrəvanın mərkəzində iki böyük mehmanxana və bir xəstəxana tikmək fikrində olublar. Onların Ermənistana qoyacaqları investisiyalar təkcə bu iri layihələrlə məhdudlaşmayacaqmış. Lakin İrəvan meri Ayk Marutyanın ərəb şeyxlərinə göstərdiyi münasibət onunla nəticələnib ki, ərəblər görüşdən məyus şəkildə ayrılıblar və ölkəyə bir qəpik də yatırmadan İrəvanı tərk ediblər. 

Tsarukyan həmin görüşdə nə baş verdiyinə dair izahat verməyib və bu barədə sualın merə və baş memara ünvanlanmalı olduğunu söyləyib. Yalnız onu bildirib ki, ərəblər istənilən məbləği ödəməyə, qəza vəziyyətində olan binaları sökərək, onların yerində böyük, müasir binalar tikməyə hazır olublar. Əbi-Dabi şahzadəsi isə İrəvanda öz atasının adına xəstəxana inşa edərək, ermənilərə pulsuz tibbi xidmət təşkil etməyi planlaşdırırmış...

Partiya liderinin ittihamlarına İrəvan meri cavab verməli olub. A.Marutyanın sözçüsü A.Karapetyan deyib ki, doğrudan da ərəb investorları ilə görüş keçirilib və onlar İrəvanın mərkəzində binalar tikmək istədiklərini bildiriblər. Lakin mərkəzdə yer az olduğundan onlara ətraf ərazilər təklif olunub.

Bununla yanaşı, Karapetyan doğrudan da ərəblərlə onların arasında xoşagəlməz dialoq olduğunu və ərəb investorlara İrəvan meri tərəfindən irad bildirildiyini etiraf edib. Lakin buna baxmayaraq, ermənilərin ərəb şeyxlərilə tərəfdaşlığa hazır olduqlarını söyləyən Karapetyan deyib ki, həmin görüşdə ərəb investorları merlə danışıqlar aparmaqla paralel olaraq, telefonla danışıblarmış. Bu isə merin xoşuna gəlmədiyi üçün qonaqlara irad bildirib. Şəhər rəhbərliyində güman edirlər ki, ərəblər bu iraddan inciyiblər və bütün layihələrinin üzərindən xətt çəkiblər.

Hər necə olsa, bu hadisə normal investisiya mühitinin yaradılmaması ilə bağlı Ermənistanın hazırkı hökumətinin tənqidinə səbəb olub. Hökuməti tənqid edənlər Paşinyanı siyasi inqilaba nail olsa da, iqtisadi sahədə heç bir irəliləyişə nail olmamaqda, adi normal danışıqlar apara bilməməkdə və ölkəyə investisiya axınını təmin etməyi bacarmamaqda günahlandırırlar.

Göründüyü kimi, Azərbaycanın ərazilərini işğal edən, müsəlman əhalinin qanını tökən, ona qarşı soyqırım törədən Ermənistana hər cür kömək göstərən İranla yanaşı, bu işğalçı ölkəyə yatırım etmək istəyən və özlərini müsəlman ölkələri adlandıran ərəb dövlətləri və investorları da var. Ancaq anlasalar, bu hadisə və ermənilərin onlara münasibəti “müsəlman qardaşlarımıza” kiçik də olsa, dərs ola bilər.

Tahir Məmmədov 

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar