İSTİXANA TƏSƏRRÜFATLARINA “QARA XƏBƏR” - Rusiya bir neçə aydan sonra idxala qadağa qoyacaq!

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, son 5 il ərzində ölkənin min hektarlarla ərazisində istixanalar salınıb və burada yetişdirilən tərəvəzin həcmi 65 faiz artıb. Bu il istixanalardan rekord səviyyədə - 1,2 milyon ton məhsul əldə ediləcəyi gözlənilir. Yəni bu rəqəm 2018-ci ildə olduğundan 20 faiz çoxdur.

Beləliklə, Rusiya Federasiyası 2020-ci ilin aprelindən etibarən ölkəyə dövlət sifarişi ilə xaricdən pomidor və xiyar idxalını qadağan etməyi planlaşdırır.

Bu xəbər Azərbaycanın aqrar sektorunda ən gəlirli sahə hesab olunan tərəvəzçiliklə məğul olan fermerlər üçün olduqca məyusedicidir. Çünki son illər böyük investisiya yatırılan, ən müasir xarici texnologiyalarla təchiz olunmuş istixana təsərrüfatlarının cəmi bir böyük bazarı var - Rusiya! Bakıda və Azərbaycanın bir neçə rayonundakı istixanalarda istehsal olunan kənd təsərrüfatı məhsulları bütün mövsümlərdə qonşu ölkənin bazarlarına daşınır. Yerli bazar bu məhsulları realizə etmək gücündə deyil, həm qiymətləri, həm də istehsal həcmi kifayət qədər yüksəkdir.

Qonşu ölkələr də bu sahədə Azərbaycan sahibkarlarına ciddi rəqibdirlər. Onlar böyük istehsal gücünə sahibdirlər və əldə etdikləri məhsulların əsas satış bazarı Rusiyadadır.

Rusiya Kənd Təsərrüfatı Nazirliyinin idxala qadağa tətbiq olunacağı barədə açıqlaması Azərbaycan istehsalçılarına konkret necə təsir göstərə bilər? Hökumət sahibkarların düşəcəyi durumu hansı yollarla kompensasiya edə bilər?

Nazim Bəydəmirli: “Məmur sahibkarlığı, monopoliya aradan qaldırılmalıdır”

Keçmiş millət vəkili, iqtisadçı Nazim Bəydəmirli “AzPolitika.info”-ya şərhində bildirib ki, Rusiyada tərəvəz istehsalını stimullaşdıran əsas hadisə bu ölkəyə Qərb dövlətləri tərəfindən qoyulan ağır iqtisadi sanksiyalardır: "Hökumət idxalı əvəzləmək və istehsalı artırmaq üçün aqrar sektora kifayət qədər irihəcimli subsidiyalar ayırıb. Rusiyada həm federal, həm də yerli hökumətlərin subsidiya mexanizimləri mövcuddur. Kənd təsərrüfatı, emal sənayesi bir sıra vergi və rüsumlardan azad edilməklə bərabər, hökumətdən əlavə dəstəklər aldılar. Belə ki, federal hökumət əsaslı vəsait qoyuluşu çərçivəsində sahibkarlar tərəfindən alınan məhsulların dəyərinin 20-faizdən 50 faizə qədər hissəsini ödəyir. Mən "Vorenej Selmaş"ın timsalında bu işlə yaxından məşğul olmuşam. Bilirəm ki, daxili vəsait qoyuluşuna istixanaların, soyuducu və saxlama anbarlarının, taxıl elevatorlarının, başqa logistik mərkəzlərin tikintisinə təşəbbüs göstərən iş adamlarına çox ciddi dəstək verilir. Bu vəsaitlərin əhəmiyyətli bir hissəsinin xərcini dövlət qarşılayır. Beləliklə, fermer və ya sahibkar çox kiçik vəsaitlə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına başlaya bilir. Təbi ki, bu tədbirlərin Rusiya iqtisadiyyatına müsbət təsirləri var. Hətta belə maliyyələşdirmə mexanizmləri vasitəsi ilə dövlət vəsaitlərinin bir hissəsi mənimsənilsə də, kənd təsərrüfatı məhsullarının istehsalında müsbət dinamika var. Son illər ərzində Krasnodar, Stavrapol, Başqırdıstan vilayətlərində böyük istixana kompleksləri istifadəyə verilib, köhnələr moderiləşdirilib. Mən Rusiyada bu işlə məşğul olan azərbycanlı və rusiyalı sahibkarları tanıyıram. Onlara kifayt qədər dövlət dəstəyi mövcuddur. Həm də bir məsələ var, orada iqtisadi bazar bizdəki kimi monopoliyalaşmayıb".

N.Bəyədmirli qeyd edir ki, Rusiyanın aqrar sektorunda bu inkişafın Azərbaycana təsirləri mənfi olacaq: "Azərbaycan rəsmilərinin açıqladıqları rəqəmlərdən görürük ki, Rusiya ilə iqtisadi əlaqələrimiz inkişaf edir. Azərbaycandan tərəvəz məhsullarının Rusiya bazarlarına ixracı artıb və s. Yeri gəlmişkən, son dönəmdə ən böyük ixrac ötən ilin yanvar-noyabr aylarında olub - 162 milyon dollarlıq mal göndərilib. Bu rəqəmlərin bir hissəsi o zaman yaranan məlum böhrana görə Türkiyə, İran məhsullarının Azərbaycan üzərindən Rusiya bazarlarına örtürülməsindən formalaşıb. Yeri gəlmişkən, qonşu bazarlarına göndərilən məhsulların satış qiyməti bəzən bizim yerli bazarlarımızdan ucuz olur".

İqtisadçı hesab edir ki, Azərbaycanda məmur sahibkarlığı aradan qaldırılmalıdır, monopoliya tarixə çevrilməlidir: "Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən ona verdiyi tövsiyələrində bu fikirləri səsləndirmişdi. Bu problemlər həll olunmayana, məhsul bolluğu yaradılmayana qədər ixraca stimul olmayacaq. Əslində daxili bazar təmin olunmalıdır ki, xarici bazarlara da ixrac artsın. Biz əvvəlcə öz ölkəmiz haqında düşünməliyik. Müxtəlif təşviq addımları atılmalıdr. Təbii ki, ixracyönlü məhsulların istehsalını, logistikasını da təşkil etmək lazımdır. Bu addımların effektivliyi məmur sahibkarlığı ilə mümkün deyil. Normal sahiblkarlıq mühiti yaradılmaqla həyata keçirilməlidir. Təəssüf ki, biz Sahibkarlığa Kömək Milli Fondunun, Aqrolizinqin ayırdığı vəsaitlərin mənimsəmələrə gətirib çıxardığını görürük. Məmur şirkətlərinə belə qurumlar tərəfindən böyük subsidiyalar verilir. Bir məmur işdən çıxarılanda isə bu biznes layihələri çökür. Çünki bazar araşdırılması aparılmadan, texniki-iqtisadi əsaslandırılması olmadan bu layihələrə astronomik rəqəmlər ayrılır. Təssüf ki, nəticə etibarı ilə nəinki ixracımız, idxalımız daha da artır".

Zaur Əhmədov: “Təcili yeni bazarlar axtarışına güc sərf etməliyik”

Maliyyəçi ekspert Zaur Əhmədov “AzPolitika.info”-ya şərhində bildirib ki, Rusiya hökuməti tərəfindən sözügedən məhsulların dövlət sifarişləri klassifikasiyasına salınaraq belə bir məhdudlaşdırıcı qərarı qəbul etməsi ölkəmizin qeyri-neft ixracında kifayət qədər payı olan yerli istixana kompleksləri üçün ciddi sıxıntılar yaradacaqdır. Ekspertin sözlərinə görə, Rusiya həqiqətən də Avropanın sanksiyalarına qarşı tətbiq etdiyi kontr-sanksiyalarla yerli bazarda meyvə-tərəvəz məhsullarına olan tələbin ödənilməsində bir il aciz qalsa da, 2015-ci ildə bu bazar tələbini Türkiyə, Azərbaycan, Belarus, Türkmənistan, Özbəkistan və s. yaxın ölkələrin məhsulları ilə qarşılaya bildi. Z.Əhmədov qeyd etdi ki, 2016-cı ildə tələbin 41%-ni yerli Rusiya istehsalçıları qarşıladı və istixana komplekslərinə marağı gücləndirdilər: “Eyni zamanda, hökumət də potensialı dəyərləndirdi, idxalı əvəzetmə siyasəti yürüdərək, bu istiqamətdə güzəştli şərtlərlə sahibkarlığın dəstəklənməsini təmin etdi. Bundan sonrakı himayədarlıq siyasəti isə, göründüyü kimi, milli istehsalçıların maraqlarının qorunması naminə idxala məhdudiyyətlər şəklində planlaşdırılmışdır. Yerli sahibkarlar bu sahəyə qoyulmuş investisiyaları kreditlər hesabına həyata keçirdiyi üçün hökumət indiki məqamda idxala məhdudiyyət qoymazsa və yaxud digər bir formada yerli istehsalçıları himayə etməzsə, kreditlərin qaytarılması sual altına düşə bilər”.

Zaur Əhmədov bildirir ki, 2018-ci ildə ölkəmizdən Rusiyaya ixrac olunmuş pomidor məhsulu Rusiyanın ümumi pomidor idxalının 30 faizini təşkil edib: “Yəni, ölkəmiz Rusiyaya pomidor ixracında liderdir. Ümumilikdə ötən il ərzində xaricə 151 min ton pomidor ixrac etmişik ki, onun da 99% Rusiya bazarlarına göndərilib. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında da pomidor 142,3 milyon ABŞ dolları həcmində ixracla liderliyini qoruyur. Ümumilikdə indiyədək 500 milyon dollarlıq kənd təsərrüfatı ixracımızdakı pomidorun faizinin yüksək olduğunu nəzərə alsaq, Rusiya hökumətinin bu qərarının ölkəmizin qeyri-neft ixracına mənfi təsiri olacaq”.

Ekspert vurğulayıb ki, hazırda istixanalarda istehsal olunan məhsullarımızın alternativ bazarlarının yox dərəcəsində olması problemin ən pis tərəfidir: “Təcili yeni bazarlar axtarışına güc sərf etməliyik ki, ölkəmizin qeyri - neft ixracının bu seqmentini müdafiə edə bilək. Sahənin ixrac imkanlarının məhdudlaşması minlərlə iş yerinin bağlanmasına, aqrar təsərrüfatlarımızın ödəniş qabiliyyətinin pozulmasına, ölkənin külli miqdarda valyuta gəlirlərindən məhrum olmasına gətirib çıxara bilər”.

Murad MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Alıcı 2019-12-28 11:38:59

Sənaye pomidoru, xiyarı 1 azndən yüksək heç nəyə gərək deyil!

t.ədalət 2019-12-05 20:32:50

Azərbaycan məhsulları təbii olsa,onun ixracı heç vaxt dayanmaz.Ruslar görürlər ki,göndərilən məhsul kimyəvi dərmanlar hesabına yetişdirilir,ona görə də etiraz edirlər.Rusiyadakı istixanaları,şübhəsiz azərbaycanlılar yaradıblar.Gömrük rüsumları həddi aşdığına görə kommersantlar daşıdıqları məhsulları elə Rusiyanın ərazilərində yetişdirməyə başladılar.

musa 2019-12-05 18:16:27

BAKIDAKI ISTSXANALARDA VE COREK SEXLERINDE ISLEYENLERI HEFDE ERZINDE 70 82 SAAT ISLEDIRLER

Son yazılar